Məhkəmə qərarları › İş №2(021)-471/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-471/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-471/2023 25.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh1, Üçüncü şəxs Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1, üçüncü şəxs Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inizbati binasında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qanunsuz sahibliyindən onun 300 ədəd yonca otu kipinin alınıb ona qaytarılmasına, naturada almaq mümkün olmadıqda onların ümumi dəyəri olan 1800 manatın, həmçinin hazırkı iddia tələbinə baxılması üçün ödədiyi dövlət rüsumu 40 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ildə iddiaçılar Cavabdeh1 və X1 Rayon Məhkəməsində ona qarşı "pay torpağının qaytarılması tələbinə və maddi – mənəvi zərərin ödənilməsinə dair" iddia ərizəsi təqdim edərək onlara və ailə üzvlərinə JN: 192 KOD 61001018 nömrəli "Topağın mülkiyyət hüququna dair” Dövlət aktı əsasında məxsus olan, Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən 3,21 ha torpaq sahəsindən çıxarılmağı, həmin torpaqdan istifadə etməyinə görə vurulmuş maddi və mənəvi ziyana görə onlara 16.400 manat pul ödəməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Odur ki, onun tərəfindən də Bərdə Rayon Məhkəməsinə cavabdehlər Cavabdeh1 və X4 qarşı JN: 192 KOD 61001018 nömrəli "Torpağa mülkiyyat hüququna dair” Dövlət aktı əsasında onlara və digər ailə üzvlərinə maxsus olan 3,21 ha torpaq sahəsinin 2,0 hektarını 20 il əvvəl valideyni tərəfindən pul alınaraq ona satıldığı üçün sözügedən 2.0 ha torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirilməsi, yaxud hazırki bazar qiyməti ilə onun dəyəri olan 24000 manatın və həmin torpaq sahəsində əkilmiş 5 il ərzində biçilib pres bağlanacaq yonca otunun dəyəri olaraq 7000 manatın, ümumilikdə 31000 manatın alınıb ona verilməsinə dair" qarşılıqlı iddia verilmişdir. Sözügedən 2,0 ha torpaq sahəsi ilk iddiada iddiaçılar, qarşılıqlı iddiada cavabdehlər Cavabdeh1 və Muxtarova (qızlıq soyadı Mammadova) Samirə Saleh qızının valideyni tərəfindən ona nağd pulla satıldığından, lakin aralarında olan qohumluq münasibətinə və etibara görə onun adına rəsmiləşdirilməsini, yaxud alqı-satqının notariat qaydada rəsmiləşdirilməsini vaxtında etməmişdir. Digər səbəb isə Dövlət aktında adları olanlardan digərlərinin Rusiyada yaşayıb-işləmələri, odur ki, Azərbaycanda olmamaları olmuşdur. Bununla belə sözügedən 3,21 ha torpaq sahəsinin ona satılmış 2,0 ha hissəsindən onun mülkiyyətçisi kimi 20 ilə yaxındır ki, istifadə edir, orada kənd təsərrüfatı məhsulları əkib-becərir. 2020-ci İldə sözügedən 2,0 ha torpaq sahəsinə 7 illik yonca əkmiş və 2021-ci ildə onun hər hektarından təxminan 600 ədəd yonca kipi (bağlanması) əldə edəcəyini gözləyirmiş (İ hektar x 150 ədəd yonca kipi x 4 dəfə biçim). 2022-ci ildə isə həmin sahəyə əkdiyi yoncanın 2-ci ili olmaqla gözləyirmiş ki, daha çox məhsul əldə edəcək, yəni hər hektardan təxminən 650-700 ədəd yonca kipi əldə edəcək (4 dəfə biçməklə). Lakin həmin yonca sahəsini 2021-ci ildə cəmi 1 dəfə - may ayında birinci üz biçmişdir və 2 hektardan cəmi 300 ədəd yonca kipi götürmüşdür. 2021-ci ilin iyun ayının əvvəllərindən etibarən cavabdehlər gəlib sözügedən 2,0 ha torpaq sahəsini zəbt edərək, onu hədələyərək, yoncanı biçmək üçün gətirdiyi traktoristə zorakılıq edərək və sair qanunsuz yollarla ona yoncanı biçməyə imkan verməyiblər. Odur ki, yoncanı həmin il 2, 3 və 4-cü dəfə biçə bilməmişdir. 2022-ci ildə isə ümumiyyətlə ona imkan verməyiblər ki, yoncanı biçib, onu hədələyirdilər, onu və gətirdiyi texnikanı yonca sahəsinə buraxmırdılar. Odur ki, "İddianın müvəqqəti təminat tədbirinin tətbiqi barədə” verdiyi ərizəyə baxan Bərdə Rayon Məhkəməsi 05 avqust 2022-ci il tarixli, MTT (021)-28/2022 nömrəli qərardadı ilə ərizəsini təmin edərək qərara almışdır ki: "Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər, ilk iddia ərizəsi üzrə iddiaçılar X10 və X4 qarşı "müvəqqəti təminat tədbiri”nə dair ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X4 İddiaçı istifadəsində olan 2,0 ha torpaq sahəsində əkdiyi yoncanı biçməsinə maneəçilik törətmələri qadağan edilsin və onların qanunsuz hərəkətlərinə mülki iş üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəsini alanadək son qoyulması müəyyən edilsin. Qərardad dərhal icra edilsin". Həmin qarardaddan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 tərəfindan verilmiş şikayət təmin edilməmişdir. Bundan sonra o, Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmurunun və onun tərəfindən dəvət edilmiş Bərdə rayon Polis Şöbəsinin sahə müvəkkilinin nəzarəti altında 2022-ci ilin sentyabr ayının sonunda Bərdə rayonu Alpoud kənd sakini X2 (tel: ***-***-**-**) məxsus ot birinci traktoru ilə qərardadda göstərilən 2 hektar yonca sahəsini biçdirmiş və biçilmiş otu bir neçə günlüyə qurması, bundan sonra, onu ot kipi formasında bağladıb daşıtmaq üçün biçildiyi yerdə sahədə sərilmiş vəziyyətdə qoymuşdur. Çünki, cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində həmin 2 ha sahədə 2022-ci ildə ot biçini apara bilmədiyi üçün ot son dərəcə sıx olduğundan onu ot kipi bağlatmadan əvvəl ən azı 6-7 gün biçilmiş vəziyyətində qurutmağa qoymağa və bu müddətə ən azı 2 dəfə çevirilməsini etməyə məcbur idi. 12 oktyabr 2022-ci il tarixdə səhər saatlarında İsə ona məlum olmuşdur ki, oktyabrın 11-dən 12-sinə keçən gecə gizlin olaraq Cavabdeh1 Bərdə rayonu Alpoud kənd sakini, traktorist X6 dəvət edərək onun ot bağlayan avadanlığı (qoşqusu) ilə onun biçdiyi yonca otunun hamısını ot kipi formasında bağladıb, elə həmin gecə sahədən Bərdə rayonu Alpoud kənd sakini X7 məxsus yedək lapetli traktorla daşıtmış və Bərdə rayonu Alpoud kənd sakini Cavabdeh2 satmışdır. Bu hadisədən xəbər tutan kimi əvvəlcə Cavabdeh2 müraciət edib, ot kiplərini ona qaytarmasını xahiş etmişdir. Lakin ot kiplərini qaytarmaqdan imtina edərək onları Cavabdeh1 pulla aldığını, Talehin ot kiplərinin özününki olduğunu ona bildirdiyini, Cavabdeh1 296 ədəd yonca otu kipi aldığını, daha 8-10 ot kipinin isə Taleh tərəfindən traktorist Asəf İbrahimova verildiyini demişdir. Cavabdeh1 özü isə ot kiplərini ona qaytarmaqdan, yaxud onların dəyərini ona ödəməkdən qəti imtina edir, səbəbini isə onunla izah edir ki, güya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var, mübahisə predmeti olan 2 hektar torpaq sahəsinin ona verilməsini məhkəmə qarara alıb, həmin sahənin otuda onunkudur. Odur ki, 12 oktyabr 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi Cavabdeh1 11 oktyabr 2022-ci il tarixdə onun istifadəsində olan sahədən 300 ədəd yonca otu kipini oğurlayıb satdığı malumatını vermişdir. Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X9 tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair 19 oktyabr 2022-ci il tarixli "Cinayət işi başlanılmasının rədd edilməsi haqqında”qərar qəbul edilmişdir. Tahqiqatçı O.F.Məmmədov qərarını onunla əsaslandırmışdır ki, məsələ mülki xarakterlidir və həlli məhkəmənin səlahiyyəti daxilindədir, odur ki, o, iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Onun Bərdə Rayon Məhkəməsinin MTT(021)-28/2022 nömrəli qarardadında göstərilən 2 ha yonca sahəsindən biçdiyi ot 300 (üç yüz) ədəd ot kipi həcmində olmuşdur. Hazırda, yəni 2022-ci ilin noyabr ayında 1 ədəd yonca otu kipinin dəyəri (sərbəst satış qiymati) 6 manatdır. (2022-ci ilin sentyabr ayında isə 4,5 manat olmuşdur və bu barədə X23 İnkişaf Mərkəzinin rəsmi arayışı Bərdə Rayon Məhkəməsinin icraatında olan 2(021)-199/2022 nömrəli mülki işdədir. Beləliklə Cavabdeh1 ona məxsus olan, lakin qanunsuz sahibləndiyi 300 ədəd yonca otu kipini ona qaytarmalı, bu mümkün olmadıqda isə onların cəmi dəyəri olan 1800 manatı ona ödəməlidir (300x6—1800). Yuxarıda şərh etdiklərinə əsasən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyini əsaslı olmaqdan başqa, Azerbaycan Respublikasının qanunvericilik aktları baxımından da qanuni hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh2 izahatnda bildirdi ki, onu heç bir təqsiri yoxdur. Cavabdeh1 ona 280 pres satmış və o, da Talehə buna görə 1200 manat pul vermişdir. İddianın təmin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxxx 1962-ci ildə Bərdə rayonu, Alpout kəndində doğulmuşdur, Bərdə rayonu, Alpout kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Alpot kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 733 nömrəli, 02 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Alpout kəndində yaşayır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin MTT (021)-28/2022 saylı, 05 avqust 2022-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər, ilk iddia üzrə iddiaçılar Cavabdeh1 və X4 qarşı “müvəqqəti təminat tədbiri” nə dair ərizəsi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X4 İddiaçı istifadəsində olan 2,0 ha torpaq sahəsində əkdiyi yoncanı biçməyinə maneəçilik törətmələri qadağan edilmiş və onların qanunsuz hərəkətlərinə mülki iş üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəsini alanədək son qoyulması müəyyən edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-199/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və X3 cavabdeh İddiaçı qarşı pay torpağının tələbi və maddi-mənəvi zərərin ödənilməsi tələbinə dair ilk iddiası qismən təmin edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və X3 mülkiyyətində olan Bərdə rayonu, Alpout kəndində yerləşən 2.06 ha torpaq sahəsindən çıxarılmış, ilkin iddia qalan hissədə təmin edilməmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və pul tələbinə” dair qarşılıqlı iddiası təmin edilməmiş, iş üzrə 311 manat ekspertiza xərci ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tutularaq X24 filialı, kod 200372, VÖEN **********, m/h AZ 37NABZ ********************, S.W.İ.F. BK AİİBAZ2X İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi, hesab nömrəli ********************, VÖEN ********** hesabbına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin 19 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarının surətindən müəyyən olunur ki, İddiaçı müraciəti əsasında cinayət işinin başlanılmasının rədd edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-480/2023 saylı, 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-199/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X12 tərəfindın verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bərdə Rayon Məhkəməsinin 2(021)- 199/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməmədən saxlanılmışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx xxxxxx 1976-cı ildə Bərdə rayonu Alpout kəndində doğulmuşdur, Bərdə rayonu, Alpout kəndində qeydiyyatdadır. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 40 manat dövlət rüsumu ödəmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında “maddi nemətlər”-də mülkiyyət (əmlak) hüquqlarının hüdudları daxilində dəyərləndirilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddia tələbində qeyd etdiyi halları məhkəmədə sübut etmiş, bu fakt eyni zamanda Cavabdeh1 özü tərəfindən də mübahisəsiz şəkildə təsdiq edilmişdir. Bundan başqa üçüncü şəxs qismində iştirak etmiş Cavabdeh2 da iddia tələbində qeyd edildiyi yonca preslərinin Talehdən aldığını etiraf etmişdir. Məhkəmə xüsusi olaraq onu da vurğulayır ki, cavabdehlər Cavabdeh1 və X4 İddiaçı istifadəsində olan 2,0 ha torpaq sahəsində əkdiyi yoncanı biçməyinə maneəçilik törətmələri qadağan edilmiş və onların qanunsuz hərəkətlərinə mülki iş üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəsini alanədək son qoyulması müəyyən edilsə də məhkəmənin yekun qərarı qanuni qüvvəsini almadan İddiaçı tərəfindən əkilmiş və biçilmiş preslərin cavabdeh tərəfindən satılması iddiaçının mənafelərinə zidd olmuş və bu səbəbdən də iddiaçı öz iddia tələbində qismən haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi İddiaçı hazırki vəziyyətdə vicdanlı sahib kimi öz əkib becərdiyi yonca presini, həmin pres naturada olmadığı təqdirdə onun dəyərini tələb etməkdə haqlıdır. Çünki İddiaçı torpaqdan sahəsindən istifadə etməsi və eləcə də həmin torpasqdan gəlir götürməsi vicdanlı sahib kimi olmuşdur. Bu hal Bərdə Rayon Məhkəməsinin və eləcə də Gəncə Apellyasiya Məhkəməsinin müvafiq qətnamələrində əvvəlki iş üzrə ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və X3 onlara vurulmuş maddi və mənəvi ziyanın təmin edilməməsi ilə təsdiqini tapmışdır. Bundan başqa məhkəmə xüsusi olaraq qeyd edir ki, hazırki iddia tələbi qətnamə qəbul edildikdən sonra biçilmiş yonca presi olduğundan və tərəflərin arasında olan əvvəlki mülki iş üzrə ziyan tələbi ilə eynilik təşkil etmədiyindən və eyni tərəflər arasında eyni predmetlə bağlı işə aidiyyəti olmadığından iş üzrə icraata xitam verilə bilməz. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin«Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməli, 280 kip yonca presi, onların satıldığı qiymət yəni, 1200 manat Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olduğu təqdirdə iddia tələbi qismən təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçı Cavabdeh1, üçüncü şəxs Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 tərəfindən satılmış 280 kip yonca presi, həmin preslər naturada olmadığı təqdirdə onların satıldığı qiymət yəni, 1200 manat Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İddia tələbi qismən təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar