Məhkəmə qərarları › İş №2(021)-478/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-478/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-478/2023 01.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və vəkili X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh maddi ziyana görə 5000 manat məbləğin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Kolayır kənd sakinidir, ailəsi ilə birlikdə Bərdə rayon Kolayır kəndində yaşayırlar. Kənddə ailəsini dolandırmaq üçün malqara saxlayır. Hər gün mal-qaranı örüşə aparır, saat 17-18 radələrində isə örüşdən həyətlərinə gətirir. xx.xx.2022-ci il tarixdə həmişə olduğu kimi heyvanları örüş sahəsindən gətirərkən, heyvanları yolun digər tərəfinə keçirərkən, Bərdə rayon Gülgəzli kənd tərəfdən Bərdə şəhəri istiqamətində yüksək sürətlə hərəkət edən VAZ-21093 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı atomobil heyvanlarının 3-nü vurmuş, nəticədə heyvanlardan 2-si ağır, 1-i isə yaralanmışdır. O, hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-102 xidmətinə zəng edərək məlumatlandırmışdır. Sonradan məlum olmuşdur ki, avtmobili idarə edən Bərdə rayon Gülgəzli kənd sakini Cavabdehdur. O,maşını yüksək sürətlə edarə etmiş, hətta sürət o qədər çox olmuşdur ki, asfalt yolda 30 metr tormuz izi qalmışdır. Məcburiyyətdən ağır yaralanmış 2(iki) baş malı kəskiyə vermiş,alıcı həmin malları 1000 manata dəyərləndirərək ona ümumilikdə 1000 manat pul vermişdir. Həmin pulu sonradan onun evimə gəlmiş Cavabdeh vermiş, 2 baş inəyini alıb verməsini ondan tələb etmişdir. O isə pula yaxın durmamış inəyi almaqdan imtina etmişdir. Cavabdeh ona dəymiş ziyanı ödəməmişdir. Qeyd edilənlərlə bağlı Bərdə rayon polis şöbəsində araşdırmalar aparılmış, "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmiş,həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-327.1-ci maddəsilə təqsirli bilinmişdir. Qeyd olunanlar əsasən iddia tələbinin təmin olnmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, ağır yaralanmış 2(iki) baş malı ətlik üçün vermiş, alıcı həmin malları 1000 manata dəyərləndirərək ona 1000 manat pul vermişdir Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X8 iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və vəkilinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA № ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 595 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Kolayır kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixlii cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, Bərdə rayonu Kolayır kəndində yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə, saat 21:27 radələrində Azərbaycan Respublikası DİN-in "102" Xidmətinə zəng edərək VAZ-21093 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun 2 baş iribuynuzlu heyvanını vurması barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı Bərdə RPŞ-yə ərizə ilə müraciət edərək həmin tarixdə özünə məxsus iribuynuzlu heyvanları örüş sahəsindən evinə apararkən Bərdə rayonu Kolayır kənd asfalt yolunda yüksək sürətlə hərəkət edən VAZ-21093 markalı 04- BN129 dövlət qeydiyyat nişanlı avtomobilin 3 baş iribuynuzlu heyvanı vuraraq 2-ni ölümcül yaralamasını, nəticədə ona 5000 manat ziyan vurmasını bildirmiş, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmiş, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh 27 oktyabr 2022-ci il tarixdə, təxminən saat 18 radələrində idarə etdiyi VAZ- 21093 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Kolayır kənd asfalt yolu ilə Bərdə şəhəri istiqamətində 90km/saat sürətlə hərəkət edərəkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyərək yolda olan İddiaçı məxsus 3 baş inǝk heyvanlarını vurmaqla ona 5000 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə zamanı VAZ- 21093 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 90 km/saat sürətlə hərəkətdə olmuş, VAZ-21093 markalı avtomobilin sürücüsü Cavabdeh yolda olan inək heyvanlarını görərkən onlarla arasında təxminən 30 metr məsafə olmuşdur. VAZ-21093 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Əməldə cinayət tərkibi olmadığından Cavabdeh barəsində cinayət işi başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-in 327.1- ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin X16 Bölməsinə göndərilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon X17 Bölməsi tərəfindən tərtib olunmuş İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli saylı inzibati xəta haqqında prоtоkоldan görünür ki, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi protokol tərtib olunmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin verdiyi xx.xx.2022-ci il tarixli 29/1-1671 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı müraciəti əsasında 28 oktyabr 2022-ci il tarixdə Bərdə rayon Qaradağlı kəndi ərazisində yerləşən 1 saylı heyvan kəsim məntəqəsinə baxış keçirilmiş, baxış zamanı Bərdə rayonu Kolayır kənd sakini İddiaçı məxsus 3 baş iribuynuzlu inək heyvanlarının xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Kolayır kəndi ərazisində avtomobil vurması nəticəsində 2 baş "simmental" cinsindən olan iribuynuzlu heyvanın ön ətraflarında qapalı sınıq olduğu üçün heyvanlar X1, X5 isə həmin 2 baş heyvanı Bərdə rayonu Qaradağlı kəndi ərazisində fəaliyyət göstərən X7 məxsus hevan kəsim məntəqəsinə kəsilməsi üçün gətirmişdir. xx.xx.2022-ci il tarixdə saat 05:00 radələrində həmin heyvan kəsimi məntəqəsində həmin avtoqəza nəticəsində yaralanmış iribuynuzlu heyvanlar baytar həkimi tərəfindən müayinə olunarkən heyvanların birinin ön ətrafının birinin, digərində isə ön ətraflarının hər ikisinin qapalı sınıq olduğu üçün heyvanların məcburi olaraq kəsimə gətirilməsi müəyyən olunmuşdur. Heyvanlar kəsildikdən sonra cəmdəklərin əzildiyi nahiyələrdə qan toplaşmış və yararsız halda olan nahiyələr kəsilib çıxarılaraq təlimata uyğun olaraq məhv edilmiş, həmin heyvanlardan ümumilikdə 347,6 kq (168,2 və 179,4 kq) ǝt emal edilmişdir. Həmin emal edilən ətin 2,9 kq-ı yararsız olduğuna görə təlimata uyğun olaraq məhv edilmişdir. Avtoqəza nəticəsində xəsarət almış heyvanların hər ikisi (biri 241 günlük, digəri 263 günlük) boğaz heyvanlar olmuşdur. Mülki işə əlavə edilmiş sənədlərdən görünür ki, mülki işlə əlaqədar olaraq şəkildə olan qaramal hansı cinsə mənsub olması və hər birinə münasibətdə gündəlik neçə litr süd vermə qabliyyətinə malik olması barədə məlumat verilməsi üçün X15 İnkişaf Mərkəziniə sorğu verilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, göndərilən şəkildə həmin iribuynuzlu mal mələz olduğu təxmini müəyyən edilmiş və həmin iri buynuzlu mal-qaranın məhsuldarlığı onun saxlanma şəraitindən və yemləmə-bəsləmə vəziyyətindən aslı olaraq təxmini olaraq 8-15 litir sutkada süd verə bilir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş “X10” MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 baş iri buynuzlu mal-qaranın bazar qiyməti 2000 manat olmaqla, 2 baş iri buynuzlu mal-qaranın bazar qiyməti 4000 manat qiymətləndirilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə İddiaçı Bərdə RPŞ-yə ərizə ilə müraciət edərək həmin tarixdə özünə məxsus iribuynuzlu heyvanları örüş sahəsindən evinə apararkən Bərdə rayonu Kolayır kənd asfalt yolunda yüksək sürətlə hərəkət edən VAZ-21093 markalı 04-BN129 dövlət qeydiyyat nişanlı avtomobilin 3 baş iribuynuzlu heyvanı vuraraq 2-ni ölümcül yaralamasını, nəticədə ona 5000 manat ziyan vurmasını bildirmiş, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmiş, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh 27 oktyabr 2022-ci il tarixdə, təxminən saat 18 radələrində idarə etdiyi VAZ-21093 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Kolayır kənd asfalt yolu ilə Bərdə şəhəri istiqamətində 90km/saat sürətlə hərəkət edərəkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyərək yolda olan İddiaçı məxsus 3 baş inǝk heyvanlarını vurmaqla ona 5000 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə zamanı VAZ-21093 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 90 km/saat sürətlə hərəkətdə olmuş, VAZ-21093 markalı avtomobilin sürücüsü Cavabdeh yolda olan inək heyvanlarını görərkən onlarla arasında təxminən 30 metr məsafə olmuşdur. VAZ-21093 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixlii cinayət işinin başlanmasının rədd olunması haqqında qərarına əsasən əməldə cinayət tərkibi olmadığından Cavabdeh barəsində cinayət işi başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-in 327.1- ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin X16 Bölməsinə göndərilmiş və Bərdə RPŞ-nin X16 Bölməsi tərəfindən barəsində İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli saylı inzibati xəta haqqında prоtоkоl tərtib olunmuşdur. İş materiallana əlavə olunmuş mütəxəssis rəyindən müəyyən olunur ki, 1 baş iri buynuzlu mal-qaranın bazar qiyməti 2000 manat olmaqla 2 baş iri buynuzlu mal-qaranın bazar qiyməti 4000 manat olması müəyyənləşdirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddia ərizəsində 2 baş mal-qara üçün 5000 manat tələb etsə də, iddiaçı məhkəmə iclasında həmin heyvanları heyvan kəsim məntəqəsinə verdiyini və 1000 manat pul aldığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM 77.3). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM 78.2). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının malqarasına zərər yetirildiyi tam sübut olunur. Belə olan halda qanunvericilyin tələblərinə əsasən iddiaçı əmlakına zərər yetirilməsi ilə bağlı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu əsasla məhkəmə hesab edir ki, mütəxəssis rəyi əsas götürülməklə və iddiaçının heyvan kəsim məntəqəsinə heyvanları ətliyə verməsinin qarşılığında 1000 manat alması nəzərə alnmaqla İddiaçı dəymiş zərərə görə 3000 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ona halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümunun 70 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə mütəxəssis rəyinin dəyəri 200 manat Cavabdeh alınaraq “X10” MMC –yə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh alınaraq “X10” MMC –nin xeyrinə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar