Məhkəmə qərarları › İş №2(021)-48/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-48/2023

14.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-48/2023 14.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh və X1 maddi ziyana görə 10 000 manat və 20 000 manat mənəvi ziyanın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə xəstələnmiş və Bərdə Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxananın cavabdeh olan hər iki cərrah onu xx.xx.2020-ci il tarixdə əməliyyat etmişdir. Onlar səhvən onun aidiyatı olmayan sidik kanalını kəsmişlər. O, 2 ay çox işgəncəli vəziyyətə qalmaqla əziyyət çəkmişdir. Bundan sonra işlərinin öhdəsindən gələ bilməyən cavabdehlər onu Bakı şəhərinə getməyə məcbur etmişdirlər. Orada xx.xx.2020-ci il tarixdə təkrar cərrahi əməliyyat olunmuşdur. Həkimlər tərəfindən səhvən kəsilərək deşilən sidik kanalı bərpa edilmişdir. Hal hazırda bu əziyyəti çəkir. Təəssüflər olsun ki bu həkimlər yarıtmaz əməllərinə gələcəkdə də davam edəcəklər. Əgər belə olmasaydı ona köməkdarlıq etmiş olardılar. Ona görə də hesab edir ki ona vurulan 10.000 manat maddi və 20.000 manat mənəvi ziyan vurmaları nəzərə alınmaqla cavabdehlərdən alınıb ona verilməlidir. Qeyd olunanlar əsasən iddia tələbinin təmin olnmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh və X3 məhkəmə iclasına gəlməmişdirlər. Onların məhkəmə iclasına gəlməmələrinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Mülki işə əlavə edilmiş Seriya AA0497695 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Laçın rayonunun Bərdə rayonundakı Səlahiyyətli Nümayəndəliyi tərəfindən verilmiş 344 saylı xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür. Mülki işə əlavə edilmiş Seriya AA198400 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür. Mülki işə əlavə edilmiş №085262 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı ikinci qrup əlildir. Mülki işə əlavə edilmiş İltizamnamədən görünür ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərahiyyə şöbəsində cərrah işləyən X7 xx.xx.2020-ci ildə İddiaçı uşaqlığın fibromiomasına görə cərrahi əməliyyatını aparmışdır. Qeyd olunmuşdur ki, əməliyyatdan sonrakı dövürdə xəstədə sidik kisəsi uşaqlıq yolu ilə fistuluası yaranmışdır, belə olan halda 2 ay müdətində gözlənilməklə fistuluanın bağlanma ehtimalı olur, əgər bu müddətdə bağlanmazsa xəstəyə cərrahi müdaxilə ehtiyac olacaq, bu halda əməliyyatın bütün xərcini X7 öz öhdəsinə götürməyə söz vermişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xəstənin stasionar tibbi kartasından Çıxarışdan görünür ki, İddiaçı “uşaqlığın düyünlü fibroması” diaqnozu qoyulmuşdur. (Stasionar üzrə daxil olma: xx.xx.2020çıxma:xx.xx.2020) Mülki işə əlavə edilmiş X11 tərəfindən verilmiş xəstənin stasionar tibbi kartasından Çıxarışdan görünür ki, İddiaçı “uşaqlığın ekstripasiyası əməliyyatından sonrakı vəziyyət. Sidik kisəsi- uşaqlıq yolu arası sviş” diaqnozu qoyulmuşdur. (Stasionar üzrə daxil olma: xx.xx.2020-çıxma:xx.xx.2020) Mülki işə əlavə edilmiş TƏBİB Bərdə Rayon Mərkəzi X6 Şəxs tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Xəstəxanasına verilmiş xx.xx.2020-ci il tarixli 1/462 nömrəli Göndərişdən görünür ki, İddiaçı “uşaqlığın ekstripasiyası əməliyyatından sonrakı vəziyyət. Sidik kisəsi- uşaqlıq yolu arası sviş” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalı tərəfindən verilmiş xəstə məlumatlarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə müayinədən keçmş və 65 manat ödəniş etmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Epikrizdən görünür ki, İddiaçı “sidik kisəsi- uşaqlıq yolu fistulu” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb İdarəsinin hesabına xx.xx.2020-ci il tarixdə 270 manat və 793 manat ödənişlər edilmişdir. . Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi tərəfindən verilmiş xəstənin ambulator, stasionar tibbi kartasından Çıxarışdan görünür ki, İddiaçı “vezino-vaginal sidik kisəsi- uşaqlıq yolu fistulu” diaqnozu qoyulmuşdur. (Stasionar üzrə daxil olma: xx.xx.2020-çıxma:xx.xx.2020) Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 tərəfindən verlmiş xx.xx.2023-cü il tarixli №472/KEŞ nömrəli Ekspert Rəyindən görünür ki, 1974-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2.4. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdə Bərdə Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə "Uşaqlığın düyünlü fibromioması" diaqnozu ilə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra diaqnoz öz təsdiqini tapmış və təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası düzgün olaraq seçilmişdir. Planlı qaydada onun üzərində xx.xx.2020-ci il tarixdə "Uşaqlığın artımlarla birgə total histerektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstə xx.xx.2020-ci il tarixdə kafi vəziyyətdə ambulator nəzarət üçün evə yazılmışdır. Daha sonra İddiaçı xx.xx.2020-ci il tarixdə təkrar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə daxil olmuş və o, xx.xx.2020-ci il tarixədək "Uşaqlığın artımlarla birgə total histerektomiya əməliyyatdan sonrakı vəziyyət. Sidik kisəsi-uşaqlıq yolu arası sviş” diaqnozu ilə müayinə və müalicələrdə olmuşdur. Buna baxmayaraq, xəstənin təkidi əsasında növbəti müalicələrin davam etdirilməsi üçün ona göndəriş verilmiş və Bakı şəhərinə göndərilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinə müraciət etmiş və həmin tarixdə onun üzərində “Fistulun ləğvi" cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstə xx.xx.2020-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş “Uşaqlığın artımlarla birgə total histerektomiyası” cərrahiyyə əməliyyatından sonra onda sidik kisəsi-uşaqlıq yolu arası fistula yaranmışdır. Bu patologiya müxtəlif, yəni ginekoloji cərrahi əməliyyatlar, patoloji doğuşlar, vaginal infeksiyalar, sidik kisəsi divarının qidalanmasının pozulması, travma, reproduktiv orqanların onkoloji xəstəlikləri, əməliyyatın texniki icrası və s. səbəblərdən baş verə bilərdi. Beləliklə qeyd olunanları nəzərə alaraq, yaranmış patoloji halın "Histerektomiya” cərrahiyyə əməliyyatının icrası ilə əlaqədar yaranıb- yaranmaması barədə fikir söylənilməsi mümkün olmadı.

3. İddiaçı üzərində icra edilmiş "Uşaqlığın artımlarla birgə total histerektomiyası" və "Fistulun ləğvi” cərrahiyyə əməliyyatları ilə əlaqədar hal hazırda onda hər hansı bir patoloji proses müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, iddia tələbi iki hissədən maddi və mənəvi ziyan tələblərindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbi maddi tələb hissəsində təmin oluna bilməz. Belə ki, iddiaçı maddi zərərlə bağlı hər hansı bir ödənişlər etməsinə dair sübut təqdim etməmişdir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 tərəfindən verlmiş xx.xx.2023-cü il tarixli №472/KEŞ nömrəli Ekspert Rəyini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 tərəfindən verlmiş xx.xx.2023-cü il tarixli №472/KEŞ nömrəli Ekspert Rəyində qeyd olunmuşdur ki, İddiaçı üzərində icra edilmiş “Uşaqlığın artımlarla birgə total histerektomiyası” cərrahiyyə əməliyyatından sonra onda sidik kisəsi-uşaqlıq yolu arası fistula yaranmışdır. Bu patologiya müxtəlif, yəni ginekoloji cərrahi əməliyyatlar, patoloji doğuşlar, vaginal infeksiyalar, sidik kisəsi divarının qidalanmasının pozulması, travma, reproduktiv orqanların onkoloji xəstəlikləri, əməliyyatın texniki icrası və s. səbəblərdən baş verə bilərdi. Beləliklə qeyd olunanları nəzərə alaraq, yaranmış patoloji halın "Histerektomiya” cərrahiyyə əməliyyatının icrası ilə əlaqədar yaranıbyaranmaması barədə fikir söylənilməsi mümkün olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı səhhətində yaranmış patoloji halın cavabdehlərin hərəkətləri nəticəsində yaranması sübut oluna bilinməmişdir. Məhkəmə qeyd edir ki iddia tələbləri bir-birilə əlaqədar tələblər olduğundan və iddia tələbi maddi ziyan hissəsində təmin olunmadığından mənəvi ziyan hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM 77.3). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM 78.2). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar