Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-480/2025 13.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1387.26 manat və 34 manat dövlət rüsumu hesabına ödənilmiş pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1963-cü il təvəllüdlüdür, üç uşaq atasıdır, Bərdə rayonu Şorəlli kənd sakinidir. Bərdə rayonu Şorəlli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Kiçik bizneslə məşğul olur. Bərdə rayon Güloğlular kəndi ərazisində dənli bitkilərin və kənd təsərrüfatı məhsullarının alqı-satqı mağazası vardır. xx.xx.2024-cü il tarixdə Bərdə rayon Qazıqurdalı kənd sakini, əvvəllər tanıdığı Cavabdeh onun mağazasına gələrək, etibarından sui-istifadə edərək, evində olan xırdabuynuzlu heyvanların saxlanması üçün nisyə götürəcəyi arpanın və digər əmlakın pulunu mart ayının sonuna yaxın ödəyəcəyinə söz verərək xx.xx.2024-cü il tarixdə mağazadan bir kiloqramının dəyəri 0.42 manat olan 500 kq çəkidə ümumi dəyəri 210 manat olan, 800 kq çəkidə ümumi dəyəri 336 manat məbləğində arpa məhsulunu, xx.xx.2024-cü il tarixdə bir kiloqramının dəyəri 0.42 manat olan 1303 kq çəkidə, ümumi dəyəri 547.26 manat məbləğində arpa məhsulunu aparmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə isə mağazaya gələrək etibarından sui-istifadə edərək 140 manat dəyərində 2023-cü il buraxılışı olan, çin istehsalı Zil markalı otbiçən aparatını və 130 manat dəyərində 2023-cü il buraxılışı olan , çin istehsalı Evromash markalı elektrik mişarını aparmışdır. Cavabdeh onun mağazasından məhsul və əşyaların ümumi dəyəri 1657.26 manat olmuşdur. Ancaq Elgün sözünə əməl etməmiş,1657.26 manat borcunu 2024-cü ilin mart ayının sonunadək qaytaracağına söz versə də borcunu qaytarmamışdır. O bu barədə Bərdə rayon Polis şöbəsinə müraciət etmişdir. Şöbədə Elgünün 140 manat dəyərində otbiçən aparatını və 130 manat dəyərində elektrik mişarını satdığı şəxslər müəyyən edilmişdir. Həmin otbiçən aparatı və elektrik mişarı ona qaytarılmışdır. Ancaq arpa məhsulunun ümumi dəyəri 1387 manat olan pulunun cavabdehə ödətdirilməsi mümkün olmamışdır. Bərdə rayon Polis şöbəsi Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.1 maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş, Bərdə rayon məhkəməsinin 1(021)-144/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh CM-nin 178.1 maddəsi ilə təqsirli bilinərək 01(bir) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ancaq ona vurulmuş ziyandan 270 manatlıq əmlak ödənsə də 1387.26 manat (1657.26 manat -270 manat=1387.26 manat) ödənilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasında iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsi məlumatlarlar sorğusundan görünür ki, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AA ******* olmaqla, Cavabdeh xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli 1(021)-144/2024 saylı Bərdə Rayon Məhkəməsinin hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasınını CM-nin 178.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01(bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdrılması cəzasına məhkum edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəlinin Cavabdeh cəzasının icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması hökm edilmişdir. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Bərdə rayonu Şorəlli kəndində yaşayır. xx.xx.2024-cü il tarixli 1172 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Güloğlular kənd İÖƏD üzrə Şorəlli kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmişdir. Bundan başqa, Bərdə rayon Məhkəməsinin 1(021)-144/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən də müəyyən olunur ki, Cavabdeh həmin əmələ görə məhkum olunmuşdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 34 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh 1387.26 (bir min üç yüz səksən yeddi manat iyirmi altı qəpik) manat məbləğində pul və 34 (otuz dörd) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun.
3. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.
4. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev