Məhkəmə qərarları › İş №2(021)-4862/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4862/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4862/2025 22.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 825.77 manat əsas kredit borcunun 86 manat faiz borcunun, gecikdirilmiş məbləğə görə hesablanmış 83 manat cərimənin, cəmi 994.77 manatın və əlavə olaraq iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rusumunun cavabdehdən alınıb BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC iddia tələbini belə əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Tərtər filialı ilə cavabdehlər Cavabdeh1 və onun zamini Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 24085 saylı (restrukturizasiya) edilmiş kredit müqaviləsinə əsasən 825,77 manat məbləğində pul 60 ay müddətində illik 1 % ödəmək şərti ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 551 saylı fərmanına uyğun olaraq restrukturizasiya edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər hər təqvim ayının müvafiq cədvəli üzrə müəyyən edilmiş tarixində həm kredit məbləğini borclu hissə-hissə geri qaytarmalı, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin restrukturizasiya edilmiş kredit müqaviləsi üzrə öhdəliklərinin kredit verən qarşısında icra etməyən borclu Cavabdeh2 və onun zamini Cavabdeh1 bu günə kimi iddiaçıya əsas borclarından heç bir ödəniş ödəməyiblər. Cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn şərtləri icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1ci və 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdehlər tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Tərtər filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 24085 saylı (restrukturizasiya) edilmiş kredit müqaviləsinə əsasən borcun yerdə qalan hissəsi olan 825.77 manat məbləğində pul 60 ay müddətində illik 1 % ödəmək şərti ilə restrukturizasiya edilmişdir. Mülki işə əlavə edilmiş Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1nın 825.77 manat əsas kredit borcu, 86 manat faiz borcu, gecikdirilmiş məbləğə görə hesablanmış 83 manat cərimə, cəmi 994.77 manat kredit borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehinlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddiaçının iddiasının müqavilə üzrə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmadığından yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq müqavilə üzrə 29 manat məbləğində pulun tutulması ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 825.77 manat əsas kredit borcu, 86 manat faiz borcu, gecikdirilmiş məbləğə görə hesablanmış 29 manat cərimə, cəmi 940.77 manat tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC -nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır . Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 825.77 manat əsas kredit borcu, 86 manat faiz borcu, gecikdirilmiş məbləğə görə hesablanmış 29 manat cərimə, cəmi 940.77 (doqquz qırx manat 77 qəpik) manat tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutulаrаq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar