Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-498/2021 08.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Cavabdeh Cavabdeh1 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 3740 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 02 aprel 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış VAZ-2106 markalı 09 BT-136 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 18 iyul 2020-ci il tarixdə Bərdə rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan “Hyundai Grandeur” markalı 09 AA-199 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bərdə rayon Polis şöbəsinin qərarı ilə Cavabdeh1 qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərəkən Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 3740 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs-faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək məhkəmənin bütün iclaslarının "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı 09 BT-136 dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Lakin avtomobili sürücülük hüqqu olmadan idarə edir. 18 iyul 2020-ci ildə saat 13 radələrində Bərdə şəhəri, İ.Qayıbov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və Bərdə Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarı ilə 1 ay inzibati qaydada həbs edilmişdir. Dəymiş ziyanla bağlı "xxxx" ASC tərəfindən 2200 manat məbləğində ödəniş edilsə də hazırda ondan 3740 manat məbləğində pul tələb edilir. İddiaçıya 2200 manat borcunun olduğunu, həmin borcu hissəhissə ödəyə biləcəyini qeyd edərək iddianın etiraf etdiyi qaydada təmin, qalan hissədə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Cavabdeh2 məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AD 809571 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 09 BT-136 dövlət qeydiyyat nişanlı VAZ- 2106 minik markalı avtonəqliyyat vasitəsi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AD 530574 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 09 AA-199 dövlət qeydiyyat nişanlı Hyundai Grandeur minik markalı avtonəqliyyat vasitəsi mülkiyyət hüququ əsasında "xxxx" BANK Olmayan Kredit Təşkilatı MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin İstintaq bölməsinin 18 avqust 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən müəyyən olunur ki, toplanmış HK-1/2304 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon Polis şöbəsinin X7 Bölməsinə göndərilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 3(021)-907/2020 saylı 31 avqust 2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1 ay müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. İş materiallarında olan dəymiş ziyanın hesablanmasına dair aktın surətindən müəyyən olunur ki, törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Grandeur” markalı 09 AA-199 dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 3740 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan 18 sentyabr 2020-ci il tarixli sığorta ödənişi ilə bağlı aktın surətindən müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi Hyundai Grandeur markalı 09 AA-199 dövlət qeydiyyat nişanlı avtomobilə 3740 manat məbləğində zərər dəymiş və həmin məbləğdə sığorta ödənişi edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 23 sentyabr 2020-ci il tarixli 59701 saylı ödəniş tapşırığı surətindən müəyyən olunur ki, 18 iyul 2020-ci tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış "xxxx" BANK Olmayan Kredit Təşkilatı MMC-nə "xxxx" ASC tərəfindən 3740 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan 04.11.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək belə hesab edir ki, cavabdehlərin təqsirli hərəkəti nəticəsində iddiaçı tərəfindən vurulmuş zərərlə əlaqədar zərərçəkmiş şəxs "xxxx" BANK Olmayan Kredit Təşkilatı MMC-nə verilmiş sığorta ödənişi hesabına 3740 manat məbləğində ödəniş etməsi sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilən Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarrnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə əsasən iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09 AA-199 dövlət qeydiyyat nişanlı “Hyundai Grandeur” markalı avtomobilə vurulmuş zərərlə əlaqədar 3740 manat, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçının hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3740 (üç min yeddi yüz qırx) manat, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-498/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-498/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver