Məhkəmə qərarları › İş №2(021)-507/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-507/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-507/2024 27.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 məhkəmə iclas kаtibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 torpaq almaq üçün verdiyi 9.000 manatdan qalıq 7.000 manat pulun, əlavə olaraq Bərdə rayonuna gedib gəlmək üçün yol pulu və Bərdə Asan Xidmət Mərkəzində torpaq sahəsinə dair sənədləşmələrə xərclədiyi 400 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bu ilin yəni 2023-cü ilin fevral ayının ikisi ailəvi dostları olan Cavabdeh2 və əri Cavabdeh1 onlara gəlmişdilər. Söhbət əsnasında Nurlanın başqa adamlara çoxlu borcu olduğunu və ona məxsus Bərdə rayonu, Mollagüllər kəndində 1.73 ha torpağının olduğunu, həmin torpağı 10.000 manata satacağını demişdir. Cavabdeh1 və Cavabdeh2 onların təcili pula ehtiyaclarının olduğunu bildirdilər. İddiaçı isə cavabdehlərdən torpağı ona neçəyə satacaqlarını soruşdu. Onlar dedilər ki, “sənə 9.000 manata satarıq”. O isə cavabdehlərdən torpağın sənədlərini soruşanda ona bildirdilər ki, “10 günün içində, uzağı 1 aya torpağın çıxarışı hazır olacaq”. Torpağın Çıxarışı hazır olan kimi sənədləri onun adına alqı-satqı edəcəkdilər. O, torpağı 9.000 manata almağa razılaşdı və cavabdehlərə inanaraq ilkin ödəniş kimi onlara 6.400 manat məbləğində pulu öz evində sayaraq verdi. Ona iki həftə sonra Cavabdeh2 bildirdi ki, başqa adamlara borcu var, borc sahibləri onu çox narahat edirlər. Ondan yerdə qalan 2600 manat pulu da onlara tez ödəməyini istədilər. O, cavabdehə bildirdi ki, “cəmi 2000 manat pulum var evdə, o zaman gedim qızım Nigarın yanına görüm onda 600 manat pul düzələrsə alım qoyum 2000 manatın üstünə gətirim verim sizə”. Beləliklə sonuncu 2600 manat pulu Cavabdeh2 işlədiyi mağazanın qarşısında onlara verdi. Sonuncu pulu verəndən təqribən 1 ay vaxt keçdi. O, Nurlan və Kifayətdən torpağın sənədlərini verməklərini tələb etdi, onlar isə hər dəfə bir bəhanə gətirirdilər iddiaçıya. Bir müddət sonra yenidən ondan torpağın sənədləşməsi üçün əlavə pul lazım olduğunu bildirdilər. O da cavabdehlərlə bərabər Bərdə Asan Xidmət Mərkəzinə getdi və torpağa aid bütün xərcləri iddiaçıya ödətdirdilər. Sonradan Nurlan və Kifayət bildirdilər ki, Nurlanın anası torpağın satılmasına narazıçılıq edir. Bu cür bəhanələr gətirərək onu konkret olaraq yola verdilər. O da çarəsiz qalaraq Nurlan və Kifayətlə birgə Nurlanın anasının yanına getdi. Nurlanın anası iddiaçıya dedi ki, gəlin kimi qəbul etmədiyi Kifayət ilə oğlu Nurlan səni, yəni iddiaçını aldadırlar. O öz torpaq payını Nurlana bağışlamışdır. Orada iddiaçı aldadıldığını bilib ağlamış və Nurlanın anasından xahiş etmişdir ki, oğlu ilə gəlininin torpaqlarını satmaq adı ilə ondan aldıqları 9 000 manat pulunun qaytarılmasında ona köməklik etsin. Çünki, onun himayəsində 2 azyaşlı uşaq (nəvələri) var, o yetim saxlayır. Gecə orada qaldı. Nurlanın anası Yeganə xanım sabahı gün iddiaçıya 1.700 manat məbləğində pul verdi. Sonra dedi ki, onun imkanı bu qədərə çatır. Qalan pulu oğlu Nurlan və gəlini Kifayətdən almağını dedi. Bir müddət əvvəl Nurlan özü ona 300 manat pul onlarda qalan 7.000 manat pulunu ala bilmədi. Onun verdiyi 9.000 manatdan cəmi 2.000 manat qaytarılıb. Lakin sonradan o, cavabdehlərdə qalan 7.000 manat pulunu ala bilmədi. Aralarında olan telefon yazışmalarında Kifayət ona etiraf edir ki, 7.000 manat borcu var. Kifayətin əri Nurlan da vatsapda səs ataraq deyir ki. xx.xx.2023-cü il tarixinə kimi lotoreya oynayır. Həmin pulu götürüb borcunu qaytaracağını dedi, Həmin səs yazıları və yazışmaları CD-R diskə köçürdərək iddia ərizəsinə əlavə etmişdir. O, Nurlana yalvardı ki, ayda 1.400 manat əmək haqqı alır, hər ay 400 manat gətirib versin və bitsin bu mübahisə. Onlar isə cavabında iddiaçıya bildirdilər ki, iyul ayının 5-nə kimi lotoreya oynayır, sənin pulunun hamısını lotoreyanı götürüb verəcəyik. İyul ayının 9-u Kifayət ona zəng edib dedi ki, pulun hazırdı gəl apar. O, qızı Nigar Ağammədzadə ilə birgə cavabdehin yaşadığı evə (dayısıgildə qalırdı) getdi. İddiaçı ora çatanda Kifayətə zəng edib darvazanın yanında olduğunu və pulu götürmək üçün gəldiyini bildirdi. Kifayət içəri girdi və qayıdanda isə dayısıoğlu Tahir, dayısının arvadı Nəzakət Kifayətlə bərabər çatanda yanlarına gəldilər. Tahir, Nəzakət və Kifayət qəfildən onlara hücum edərək onları ana-bala döyməyə başladılar. Cavabdeh2 dayısı arvadı Nəzakət Əliyeva əlindəki taxta ilə vurub iddiaçının qolunu sındırdı. O, DİN-nin 102 qaynar xidmətinə və təcili tibbi yardım xidmətinə zəng etdi. Onlar da gəlib öz köməkliklərini göstərdilər. Lakin bu günə kimi cavabdehlər ona qalıq 7 000 manat pulunu hələ də qaytarmayıblar. Ona qarşı törətdikləri zorakılığa görə dayısı arvadı X2 barəsində Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis polkovnik leytenantı X4 tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərar qəbul edilmişdir. Kifayət və Cavabdeh1alardan iddiaçıya borclu qaldıqları 7000 manat pulu etibarından sui-istifadə edərək dələduzluq yolu ilə mənimsədiklərinə görə onlara ən ağır cəza verilməsi və 7 000 manat pulunun Kifayət və Cavabdeh1lərdən alınaraq ona qaytarılmasını xahiş edir. Hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh1 və Cavabdeh2 torpaq almaq üçün vediyi 9.000 manatdan qalıq 7.000 manat pulun, əlavə olaraq Bərdə rayonuna gedib-gəlmək üçün yol pulu və Bərdə Asan Xidmət Mərkəzində torpaq sahəsinə dair sənədləşmələrə xərclədiyi 400 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı borcdan 2000 manat qaytarıldığını, hazırda cavabdehlərin ona 7000 manat borcu olduğunu, buna görə iddianın tam təmin edilməsini xahiş edərək cavabdehlərin səs yazıları olan diski məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı rədd edərək izahatında iddiaçının ona 6400 manat pul verdiyini, 2000 manatını iddiaçıya geri qaytardığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı rədd edərək izahatında iddiaçıdan nə qədər pul aldığını və nə qədər verdiklərini arvadı Kifayətin dəqiq bildiyini bildirmişdir. Məhkəmə iddiaçı və cavabdehləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və AR DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmi. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə ünvan 1 ünvanında yaşayır. AR DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1989-cu il tarixdə Bərdə rayonu, Mollagülər kəndində anadan olmuşdur. Bərdə rayonu, Mollagülər kəndində qeydiyyatdadır. AR DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1988-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. AA 143368 seriya nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Füzuli rayon məcburi köçkünüdür. Hazırda məskunlaşdığı ünvan isə Bakı şəhəri, Nəsimi rayonudur. 110757 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı ikinci qrup ümumi əlildir. İş materiallarında olan Bakı şəhər Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X1 cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı az ağır xəsarət alması faktına görə AR CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Bakı şəhər Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı-Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 509 nömrəli arayışdan görünür ki, İddiaçı, həqiqətən, ünvan 5 ünvanında Füzuli rayonundan məcburi köçkün kimi məskunlaşmaqla yaşayır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDR Xidməti tərəfindən verilmiş çıxarışdan və A№ 998299 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayonu, Mollagüllər kəndində yerləşən 1,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh1 73,26 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. İş materiallarında olan disklərdən səs yazılarının olduğu məlum olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 torpaq almaq üçün verdiyi 9.000 manatdan qalıq 7.000 manat pulun, əlavə olaraq Bərdə rayonuna gedib gəlmək üçün yol pulu və ərdə Asan Xidmət Mərkəzində torpaq sahəsinə dair sənədləşmələrə xərclədiyi 400 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi məbləğdə cavabdehdə qalmasını sübut edilməsidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehlərə 9000 manat borca pul verdiyini, cavabdehlərin isə həmin borcdan 2000 manat qaytardıqlarını, buna görə də geri qalan hissədə 7000 manatın cavabdehlərdən tutulmasını məhkəmədən xahiş etsə də bununla bağlı heç bir yazılı qəbz, müqavilə, ərizə, şahid ifadələri və digər mötəbər sübut və sənədləri məhkəməyə təqdim edə bilməmişdir, cavabdehlərdən Cavabdeh2 isə İddiaçı onlara 6400 manat pul verdiyini və həmin puldan 2000 manatının iddiaçıya qaytarıldığını etiraf etmişdir. Məhkəmə iclasının isə fasiləsiz audio yazısı aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin etiraf etdiyi hissədə (cavabdehin etirafına əsasən) 6400 manat pulun iddiaçı tərəfindən cavabdehlərə borc şəklində verilməsi təsdiq olunur, həm iddiaçı, həm də cavabdeh isə həmin puldan 2000 manatın geri qayıtdığını etiraf edir. Belə olan halda cavabdehlərin iddiaçıya hazırda 4400 manat (6400-2000=4400) borcunun olması sübut olunur. İş materiallarına əlavə edilmiş və tərəflərin həmin borcun verilməsi və ya tamamilə qaytarılmasını əks etdirən fikirlərin olması iddiası ilə məhkəməyə təqdim etdiyi disklərdəki səslərin (səs yazılarının) kimə aid olması və hazırda iddiaçıya 7000 manat borcun qalması və ya ödənilməsi müəyyən edilmir. Qeyd edək ki, bu səs yazılarındakı səslərin kimə aid olması və nə vaxt yazılması müəyyən edilsə belə bu sübut digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, yalnız həmin səs yazılarına mötəbər sübut qismində istinad edib pul məbləğinin cavabdehlərdən tutulması doğru və qanunamüvafiq deyil. Məhkəmə iddia tələbinin iddiaçının Bərdə rayonuna gedib-gəlmək üçün xərclədiyi yol pulu və Bərdə Asan Xidmət Mərkəzində torpaq sahəsinə dair sənədləşmələrə xərclədiyi 400 manat pulun alınaraq ona verilməsi barədə tələbi ilə bağlı qeyd edir ki, iddiaçı həmin hissədə məhkəməyə mötəbər sübutlar təqdim etməmiş və iddiasını sübut edə bilməmişdir. Buna görə iddia həmin hissədə əsassızdır və təmin edilməməlidir. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məcburi köçkün və əlil olmaqla dövlət rüsumunu ödəməkdən azaddır. Belə olan halda iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməli olan 64 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4.400 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilməli olan 64 manat dövlət rüsumu isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar