Məhkəmə qərarları › İş №2(021)-508/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-508/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-508/2022 08.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh1 Firudin oğlunun iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Firudin oğluna, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Firudin oğlundan, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 025A********** saylı kredit müqaviləsi üzrə 2546.77 manat məbləğində kredit borcu, 24.10 manat məbləğində faiz borcu və 942.31 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3513,18 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 55.16 manat məbləğində dövlət rüsumunun tutulması, 025A********** saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Firudin oğluna İddiaçı QSC ilə bağladığı 27 sentyabr 2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2599.53 (iki min beş yüz doxsan doqquz manat əlli üç qəpik) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 Firudun oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə gecikdirmiş, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 02 dekabr 2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 Firudun oğlu götürdüyü kredit borcundan 2546.77 manat ödəmiş, onun 2546.77 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 Firudun oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 07 dekabr 2021-ci il tarixə 370 gün üçün hesablanmış faiz borcu 24.10 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 370 gün üçün hesablanmış cərimə 942.31 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Firudun oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Əmir qızı zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onun həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 Firudun oğlu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Aidə Osmanlı məhkəməyə teleqram göndərərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Firudin oğlu iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, iddiaçı təşkilatdan kredit götürmüşdür, lakin maddi imkanı olmaması səbəbindən kredit borcunu tam ödəyə bilməmişdir. Borcunu ödəməkdən imtina etmir, hissə hissə ödəyəcəkdir. Cavabdeh Qocayeva Tofiqə Əmir qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehl məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Cavabdeh1 Firudun oğlunun izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 sentyabr 2019-cu il tarixli 025A********** il tarixli kredit müqaviləsi əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2599.53 (iki min beş yüz doxsan doqquz manat əlli üç qəpik) manat məbləğində kredit götürmüşdür. Kredit alan bu kredit razılaşmasının hissəsi olan ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan 27 sentyabr 2019-cu il tarixli 025G**********01 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borclu X2 ilə İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin, bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 Firudun oğlunun 025A********** saylı kredit müqaviləsi üzrə 2546.77 manat məbləğində kredit borcu, 24.10 manat məbləğində faiz borcu və 942.31 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3513,18 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan 29 noyabr 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh1 Firudun oğluna banka olan bütün borcunu 29 noyabr 2021-ci il tarixədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 29 noyabr 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh2 banka olan bütün borcunu 29 noyabr 2021-ci il tarixədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı QSC məhkəmədə iddia qaldırmaq üçün 55.16 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkün-süzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqavilə-sinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbinin tərəflərin arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli 025A********** il tarixli kredit müqaviləsinə xitam verilməsinə dair hissəsinə münasibət bildirən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə iddia tələbinin 942,31 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1.maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki,borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdə-liklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Məhkəmə əsas borcu və ona hesablanmış faizləri cavabdehlərdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsi üçün cavabdehlərin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehlərdən iddiaçının xeyrinə 42 manat 31 qəpik cərimə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki,iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 Firudin oğlundan, Cavabdeh2 025A********** saylı kredit müqaviləsi üzrə 2546.77 manat məbləğində kredit borcu, 24.10 manat məbləğində faiz borcu və 42.31 manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə cəmi 2613,18 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 55.16 manat dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli və tərəflər arasında bağlanmış 025A********** saylı kredit müqaviləsi ləğv edilməli, qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə müvafiq olaraq, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 Firudin oğluna, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Firudin oğlu və Cavabdeh2 müştərək qaydada 2546.77 manat məbləğində kredit borcu, 24.10 manat məbləğində faiz borcu və 42.31 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2613,18 (iki min altı yüz on üç manat on səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 55.16 (əlli beş manat on altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh1 Firudin oğlu ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar