Məhkəmə qərarları › İş №2(021)-523/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-523/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-523/2024 25.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X5 iclas kаtibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh 3626 (üç min altı yüz iyirmi altı) manat pulun alınıb ona verilməsi barədə qətnаmə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yuxarıda qeyd etdiyi ünvanda məskunlaşmışdır. Məskunlaşdığı qəsəbə evi olduğu üçün orada mal-qara saxlaya bilmir. Ona görə də mal-qaranı Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan kirvəsi X4 həyətyanı sahəsində saxlayır. Onun 4 uşağı vardır, uşaqlar hamısı azyaşlıdır. Onları vaxtlıvaxtında qatıq-südlə təmin etmək üçün 1 baş sağmal inək almaq qərarına gəldi. Bu məqsədlə 20 oktyabr 2023-cü il tarixdə Bərdə mal bazarına gəldi və bazarda sağmal inək axtarmağa başladı. Gördü ki, bir nəfər yanında buzovu olan inəyi satmaq istəyir. İnəyin görkəmi xoşuna gəldi. Ondan inəyinin neçə litr süd verdiyini soruşdu. O, həmin inəyin gündə 28 litr süd verdiyini bildirdi. İnəyin bu qədər süd verməsi onu qane etdiyi üçün inəyin qiymətini soruşdu. O, inəyi buzovu ilə 3800 manata satdığını dedi. Danışıb 3400 manat razılaşdılar. Həmin vaxt yanında olan kirvəsi X6 və onun həmkəndlisi X2 yanında çıxarıb 3400 manat pulu sonrada ad-soyadını bildiyi Bərdə rayonu, Zümürxan kəndində yaşayan Cavabdeh verdi. Onunla şərti belə oldu ki, əgər inək o, dediyi gün ərzində 28 litr südü verməsə inəyi qaytaracaq. O cavabdehin mobil telefon nömrəsini götürdü. İnəyi erkək cinsli buzovu ilə birlikdə kirvəsi Yusif Məmmədovun idarə etdiyi "QAZEL“ markalı maşına mindirib kirvəsinin qapısına gətirdilər. O yoxlayıb gördü ki, inək həmin miqdarda süd vermir. Zəng edib bunu Cavabdeh bildirdi. O, 10 gün gözləməyini məsləhət bildi. O da yoxlayıb gördü ki, inək gün ərzində cəmi 9 litr süd verir. Ona görə də o, inəyi Yadigara qaytarmaq qərarına gəldi. Cavabdeh onu aldadaraq inəyi geri almaqdan imtina etdi. Həmin inək hər gün xeyli yem yeyir, 12 manatlıq isə quru ot yeyir. Bu günə kimi inəyə 226 manatlıq yem və ot vermişdir. O həmin 1 baş yanı balalı inəyi Cavabdeh qaytarmağa hazırdır. Cavabdehin ümumilikdə ona 3626 ( üç min altı yüz iyirmi altı) manat borcu vardır. Bu borcla bağlı Bərdə rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X3 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan halda məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilini inləyib iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. AA 277287 seriya nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayon məcburi köçkünüdür. Hazırda Ağdam rayonunda məskunlaşmışdır. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V 086045 seriya nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.1982-ci il tarixdə anadan olmuşdur, Bərdə rayonu, Zümürxan kəndində yaşayır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 434 nömrəli arayışdan görünür ki, Cavabdeh hal-hazırda Bərdə rayonu, Zümürxan kəndində yaşayır. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Alıbəyli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ağdam rayonu Qullar kənd sakini İddiaçı hal-hazırda rayonun Birinci Alıbəyli qəsəbəsində 49 nömrəli evdə məskunlaşmışdır. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(021)-4353/2023 nömrəli qərardadın surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi və ona əlvə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh 3626 (üç min altı yüz iyirmi altı) manat pulun alınıb ona verilməsi barədə qətnаmə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında “maddi nemətlər”-də mülkiyyət (əmlak) hüquqlarının hüdudları daxilində dəyərləndirilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən heyvanların, quşların və balıqların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Həmin Məcəllənin 609.2-ci maddəsinə əsasən faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.1. cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə; 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; 609.2.3. davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə. Həmin Məcəllənin 609.3-cü maddəsinə əsasən yeyinti məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək üçün satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.3.1. cıdır və yük heyvanlarında - manqo - 14 günlük qarantiya müddəti ilə; 609.3.2. qaramalda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə; 609.3.3. qoyunlarda və keçilərdə - ümumi hidropos - 14 günlük qarantiya müddəti ilə; 609.3.4. donuzlarda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə trixin - 14 günlük qarantiya müddəti ilə. Həmin Məcəllənin 609.4-cü maddəsinə əsasən digər heyvanlar, quşlar və balıqlar satılarkən başlıca qüsurlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən, normativ hüquqi aktlar olmadıqda isə müqavilə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 609.5-ci maddəsinə əsasən qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır. Həmin Məcəllənin 610-cu maddəsinə əsasən yazılı müqavilədə tərəflər bu Məcəllənin 609-cu maddəsində nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılmasının xüsusi şərtləri barəsində razılığa gələ bilərlər. Həmin şərtlərə əsasən başlıca qüsurların olmamasına və ya müəyyən xassələrin olmasına təminat verilə bilər, qarantiya müddətləri uzadıla və ya qısaldıla bilər. Həmin Məcəllənin 611-ci maddəsinə əsasən qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi məbləğdə cavabdehdə qalmasını sübut edilməsidir. Göründüyü kimi, İddiaçı iddiа tələbinin əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Lakin, iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı cavabdehdən inək alması və alınan inəyin 28 litr deyil, 9 litr süd verməsinə dair hər hansı mötəbər sübut (laboratoriya rəyi, alqı-satqı müqaviləsi, şahid ifadəsi və s.) məhkəməyə təqdim etməmişdir. Bundan başqa iş materiallarına əsasən müəyyən olunur ki, cavabdehdən alınan 1 baş sağmal inəyin 28 litr süd verməyəcəyi və ya 9 litr gündəlik süd verəcəyi təqdirdə müqavilənin ləğvi və inəyin geri qaytarılması barədə tərəflər arasında hər hansı yazılı razılaşma da mövcud deyil və cavabdeh məhkəmə iclasında iştirak edərək bununla bağlı şifahi razılaşmanın olmasına dair hər hansı etiraf etməmişdir. Həmçinin, hazırda inək sağdır və iddiaçının qapısındadır. Eyni zamanda inəyin lazımi miqdarda süd verməməsi başlıca qüsur sayılmır. Belə ki, faydalı və damazlıq heyvanlar satıldığı halda yaranmış başlıca qüsurların siyahısı MM-in yuxarıda qeyd edilmiş 609.2-ci maddəsində müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi halda həmin qüsurlardan satın alınan inəkdə mövcud deyil və ya hər hansı mötəbər sübutla sübut olunmur. Başlıca qüsur olmadığı halda əsassız səbəbdən tərəflər arasında inəyin alqı-satqısına dair şifahi müqavilənin ləğvi yolverilməzdir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, hətta mübahisə predmeti olmaqla cavabdehdən satın alınmış inəkdə (qaramalda) başlıca qüsurlar aşkar edildiyi təqdirdə qarantiya müddəti ərzində iddiaçı tərəfindən cavabdehə qarşı tələb irəli sürülməli idi ki, həmin müddət də iddiaçı tərəfindən ötürülmüşdür. Belə olan halda iddiaçının cavabdehdən satın alınmış inəyə (malqaraya) görə pul tələb etməsi əsassızdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, yalnız iddiaçının şifahi bildirdiyi formal mülahizələr əsasında iddianın hər hansı hissədə sübut edilməsi mümkün olmadığından iddia tələbi təmin edilməməlidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rümunu ödəməkdən azad edilirlər. MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırki işdə isə iddia təmin edilmədiyindən və iddiaçı məcburi köçkün olduğundan məhkəmə hesab edir ki, ödənilməli olan 56 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddiası rədd edilsin. İş üzrə ödənilməli olan 56 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar