Məhkəmə qərarları › İş №2(021)-542/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-542/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-542/2025 10.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabeh Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 782 (yeddi yüz səksən iki) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, o, Laçın rayonundan məcburi köçkündür, təxminən 32 ildir ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri H.Aslanov küçəsində Maşın Bazarının yanı adlanan ünvanda məskunlaşıb yaşayır və həmin yerdə tikinti materiallarının parakəndə satışını həyata keçirən obyekti vardır. Sahibkar kimi fəaliyyəti tam qanunidir, yəni vergi ödəyicisi kimi qeydiyyatdadır. 2023-cü ilin mart ayında Bərdə maşın bazarında rüsum yığmaq işinə rəhbərlik edən uzun illərdən bəri tanıdığı Akif adlı şəxs Cavabdeh ilə birlikdə onun obyektinə gələrək Akif ona bildirmişdir ki, Səbuhi maşın bazarında rüsum yığanlardan biridir, özünə toy etməyə hazırlaşır, toydan əvvəl evində təmir işləri aparmaq istəyir, lakin təmir üçün lazım olan inşaat materiallarını almaq üçün maddi imkanı yoxdur, ona istədiyi inşaaat materiallarını nisyə versin və o zamin olacaqdır ki, Səbuhi 1 aya kimi yəni toyunun səhərisi günü gətirib pulu verəcəkdir. Verməsə pulu özü qaytaracaqdır. Akifə inandığına görə cəmi 782 manat dəyəri olan inşaat materialarını Səbuhiyə nisyə vermişdir. Lakin 1 ay müddət keçməsinə baxmayaraq Cavabdeh pulunu qaytarmamışdır. Daha 1 ay gözlədikdən sonra yenə eyni vəziyyətlə qarşılaşdığından o, Akiflə əlaqə saxlayaraq Səbuhinin pulunu verməsini təmin etməsini xahiş etmişdir. Akif dəfələrlə ona vədlər versə də, Səbuhi pulu gətirib qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, Səbuhi evlidir, böyük uşaqları vardır və özünə toy etməmişdir. Cavabdeh pulunu qaytarması barədə şikayət vermişdir. Həmin şikayət araşdırılarkən Cavabdeh Bərdə RPŞ-nə verdiyi xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, ondan nisyə aldığı inşaat materiallarına görə həqiqətən ona 782 manat borcu vardır. Borcu hər ay hissə-hissə ödəyəcəkdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Bərdə şəhər H.Aslanov küçəsində yaşayan İddiaçı Bərdə rayon Polis şöbəsinə müraciəti daxil olmuşdur. Vətəndaş İddiaçı tikinti materiallarının satışı ilə məşğul olmasını Nurlan adlı şəxsin ondan 237 manat və Səbuhi adlı şəxsin 782 manat dəyərində tikinti malları götürüb pulunu ödəməməsi səbəbindən narazılığını bildirmişdir. Müraciətin həlli ilə əlaqədar olaraq hər iki borclunun izahatı alınmışdır və onlar borc pul məbləğini hissə-hissə ödəyəcəklərini bildirmişlər. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki. İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli Bərdə RPŞ-də verilmiş izahatdan görünür ki, Cavabdeh borcu olduğunu etiraf edərək hissə-hissə ödəyəcəyini göstərmişdir. Seriya AA 451867 nömrəli sənədə əsasən İddiaçı məcburi köçkün vəsiqəsi verilmişdir. xx.xx.2024-cü il tarixli 2519 saylı arayışdan görünür ki, Laçın rayonundan məcburi köçkün düşmüş İddiaçı Bərdə şəhəri H.Aslanov küçəsində ünvanında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mülki işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Bərdə RPŞ-də Cavabdeh tərəfindən verilmiş izahata əsasən cavabdehdən 782 (yeddi yüz səksən iki) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İzahatda Cavabdeh 782 manat borcun müəyyən hissəsini ödədikdən sonra 580 manat məbləğində hissəsinin qalması iş materiallarına əsasən müəyyən olunmur. Bu səbəbdən iddia tam təmin olunmalıdır. MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Bu mənada iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 782 (yeddi yüz səksən iki) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin.

3. Mülki iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin.

4. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.

5. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar