Məhkəmə qərarları › İş №2(021)-584/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-584/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-584/2021 05.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 000 manat alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə çoxdan tanışdır, Sumqayıt şəhərində bazarda bir yerdə alver etmişlər. Yaxın münasibətlərdə olmuşlar. 2016-cı ildə Cavabdeh ağır xəstə olan qardaşının əməliyyatı üçün ondan 2-3 aylıq 12000 manat pul istəmiş, cavabdehi çoxdan tanıdığından və etibar etdiyindən həmin pulu ona vermişdir. Pulu alarkən Cavabdeh bildirmişdir ki, onlara məxsus torpağı satıb pulunu verəcəkdir. Bir neçə ay keçəndən sonra pulunu tələb etdikdə, Cavabdeh bildirmişdir ki, hər ay ona 300-400 manat qaytarır, istəyirsə onu faiz hesablasın, pulunu tam qaytaracaq. Ona faiz lazım olmadığını bildirmiş, xırda-xırda ödədiyi pulları əsas borcdan siləcəyini, ama qalan pulu tam qaytarmasını bildirmişdir. Bundan sonra Cavabdeh ona heç bir pul qaytarmamışdır. Hətta dediyi torpağı satsa da, yenə də onun pulunu qaytarmamışdır. Sonra isə öyrənmişdir ki, həmin vaxtı qardaşının heç bir əməliyyatına pul lazım olmamış, sadəcə inamını və etibarını nəzərə alaraq, qardaşının ağır vəziyyətini bəhanə edərək, ondan küllü miqdarda pul alaraq ona qarşı dələduzluq etmişdir. Cavabdehin bu əməlləri barədə polisə müraciət etmiş, araşdırma Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində aparılmışdır. İzahat verən Cavabdeh ondan 12 000 manat aldığını etiraf etmiş, amma bildirmişdir ki, pulu qaytarmağa imkanı yoxdur. Polis bu işdə mülki xarakterli mübahisə olduğunu qeyd edərək ona məhkəməyə müraciət etməyi məsləhət vermişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 2016-cı ildə ondan 12000 manat almış, xırda-xırda olmaqla cəmi 2000 manat qaytarmış, lakin qalan 10 000 manatı könüllü olaraq qaytarmaqdan imtina edir. Ona görə də həmin borc məbləği məhkəmə qaydasında cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, cavabdehə 6000 avro ilə pul vermiş, sonuncu pulu onun yanında 1,90 manat məzənnə ilə dəyişmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, cavabdeh 2016-cı ildə iddiaçıdan 6000 avro məbləğində borc pul almış, həmin vaxt avronun məzənnəsi 1,90 manat olmuşdur. Cavabdehin iddiaçıya 12000 manat deyil 11400 manat borcu olmuş, sonuncu həmin puldan 5000 manat qaytarmışdır. İddianın etiraf etdiyi qaydada təmin qalan hissədə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə verdiyi izahatının surətindən müəyyən olunur ki, təxminən 4 il əvvəl qardaşının xəstəliyi və alver üçün əvvəllər tanıdığı İqbal adında şəxsdən borca pul istəmiş, iddiaçı da ona 6000 avro pulu 6 faizlə vermişdir. Pulun faizini 5 ay ödəmişdir. Sonra alveri zəiflədiyi üçün pul qazana bilməmişdir. Ona görə də İqbala olan borcunun faizini və əsas borcunu ödəyə bilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 2016-cı ildə iddiaçıdan 6000 avro borc pul almış, cavabdeh pulu iddiaçının yanında 1,90 manat məzənnə ilə dəyişmiş və 11400 manat pul olmuşdur. Cavabdeh borcundan 2000 manat ödəmiş, 9400 manat borcunu qaytarmamışdır. İddiaçı iddia ərizəsində cavabdehin ona 10000 manat məbləğində borcunun olduğunu göstərsə də işin hallarından və iddiaçının məhkəmə iclasında veriyi izahatından görünür ki, cavabdeh iddiaçıdan 6000 avro məbləğində borc pul almış və iddiaçının yanında həmin pulu 1,90 manat məzənnə ilə manata çevirmiş və 11400 manat pul etmişdir. Cavabdehin nümayəndəsi cavabdehin iddiaçıya 2000 manat deyil 5000 manat qaytardığını bildirsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, iddiaçı isə bunu etiraf etməyərək cavabdehin ona borclu olduğu puldan 2000 manat qaytardığını bildirmişdir. Cavabdeh X2 iddiaçıya 9400 manat məbləğində borcunun olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçıya olan 9400 manat borcunu iddiaçıya ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 9400 manat məbləğində pulu İddiaçı qaytarmaması sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh 9400 manat məbləğində pulu İddiaçı ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən Cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 9400 manat məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən Cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 9400 (doqquz min dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar