Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-607/2024 06.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X16 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli, 2(021)-713/2013 saylı qətnaməsi əsasında xx.xx.2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq, hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu ildə X9 anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah məhkəmə qaydasında pozulumuş, birgə nikahlarından anadan olmuş X9 onun himayəsində qalmışdır. Bərdə Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli, 2(021)-713/2013 saylı qətnaməsinə əsasən X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 93 manat aliment onun xeyrinə tutulmuşdur. Qeyd edilən məhkəmə qətnaməsi hazırkı vaxtın tələblərinə cavab vermir. Belə ki, həmin aliment məbləği uşağın normal yaşaması üçün kifayət etmir, uşağın gündəlik yeməyə, paltara, mənzildə işıqdan, qazdan, sudan istifadə etmə və s. ödənişlərə ehtiyac olmaqla maddi cəhətdən çətinlik çəkir. Hazırda uşaq böyümüş, cavabdeh isə uşağın saxlanmasına əlavə yardım göstərmir. Cavabdeh fərdi əməklə məşğuldur, imkanı yaxşı olmaqla maddi cəhətdən təminatlıdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, onun gəlməməsinin üzrlü səbəblərdən olması haqqında məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 07347888 nömrəli, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1974-cü ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuşdur, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-cı ildə Bərdə rayonu Soğanverdilər kəndində anadan olmuşdur, Bərdə rayonu Soğanverdilər kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli 2312 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. Ailə üzvləri: qızı xx.xx.2010-cu il təvəllüdlü X4 ibarətdir. Bərdə rayonu Soğanverdilər kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 06 yanvar 2017-ci il tarixli AZ-İİİ 882274 saylı doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından 24 fevral 2010-cu il tarixdə Əsmər adlı uşaqları anadan olmuşdur. xx.xx.2010-cu il təvəllüdlü X6 “ata” qrafasında atası kimi Cavabdeh, “ana” qrafasında anası kimi X5 qeyd edilmişdir. Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli 2(021)-731/2010 saylı qətnaməsindən görünür ki, iddia təmin olunmuş, X3 ilə X8 arasında bağlanmış 10 sentyabr 2008-ci il tarixli 07 saylı nikah qeydinin pozulması qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli 2(021)-713/2013 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X1 24 fevral 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 aprel 2013-cü il tarixdən başlayaraq hər ay 93 (doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. 21 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli məlumatından görünür ki, X3 “AÜQ. Ağ ciyər arteriyası qapaqlarının stenozu. Ağ ciyər hipertenziyası. Sağ mədəciyin dilatasiyası. QDÇ İİ-fs” diaqnozu ilə xəstədir, İİ dərəcəli ilildir. 27 noyabr 2023-cü il tarixli MŞG/MT032/2023-01479 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. 27 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya xidmətinə müraciət üçün 55 manat məbləğində rüsum ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 75.1.-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” 30 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının AM-nin: 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, alimentin tutulması barəsində məhkəmə qətnaməsi qəbul edilməsindən 10 ildən artıq müddət keçməklə uşağın tələbatının artmasını, bununla yanaşı Cavabdeh qazancının qeyri-müntəzəm olmasını, iddiaçının cavabdehin işləməsi və ya gəlirlərinin artması haqqında sübut təqdim etməməsini, cavabdehin sabit pul məbləğində ayda 220 manat miqdarında aliment ödəməsinin real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli, 2(021)-713/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək 24 fevral 2010cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat məbləğində alimentin sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qanuna və məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin artırılmış məbləğdə tutulması “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı mediasiya xidmətinə müraciət üçün 55 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən mediasiya xidmətinə müraciət üçün ödənilmiş 55 manat məbləğində rüsum cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli, 2(021)-713/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindikdən sonra 24 fevral 2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat miqdarında aliment sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Mediasiya xidmətinə müraciət üçün ödənilmiş 55 (əlli beş) manat məbləğində rüsum Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-607/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-607/2024
06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver