Məhkəmə qərarları › İş №2(021)-616/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-616/2024

11.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-616/2024 11.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı icra məmuru X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Attenti” markalı bir ədəd mobil nəzarət qurğusunun və ona quraşdırılmış proqram lisenziyasının bir ədəd elektron qolbağın və bir ədəd adaptorun dəyəri (ƏDV ilə birlikdə), yəni cəmi 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pulun alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Quliyev X3 rayon Məhkəməsinin 1(071)-113/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 07 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsindən ərazi aidiyəti üzrə İddiaçınə göndərilmiş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə şöbənin probasiya üzrə icra məmuru X4 məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil qurğuya enerji yükləmə cihazı məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Lakin məhkum Cavabdeh şöbəyə gələrək “Attenti” markalı 35655054 saylı mobil qurğusunu enerji ilə təchiz edən zaman enerji yığmadığını bildirmişdir. Mobil qurğu işləmədiyindən məhkumdan çıxarılaraq emal edilməsi üçün Elektron Monitorinq İdarəsinə göndərilmişdir. Elektron Monitorinq İdarəsindən göndərilən texniki rəydə qeyd olunmuşdur ki, məhkum Cavabdeh tətbiq edilmiş “Attenti” markalı 35655054 saylı mobil qurğunun ana platasının elementlərində korroziya müşahidə olunur, təmiri mümkün deyil və istifadəyə tam yararsızdır. Tərəflərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vəsaitin dəyəri 2277,40 manat məbləğində hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Belə olan halda hesab edirlər ki, cavabdehin günahından yəni lazımnca məsuliyyətli olmadığından elektron qolbağını yararsız vəziyyətə salmış və onlara maddi ziyan dəymişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahatında iddianı müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək elektron nəzarət qurğusunun korroziyaya uğramasında heç bir təqsirinin olmadığını bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını təqdim edilmiş sübutlarla əlaqəli şəkildə araşdırıb iddia tələbinə obyektiv hüquqi qiymət verib belə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 1(071)-113/2022 nömrəli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 7 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh оğlunun üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli, 1(071)-113/2022 nömrəli hökmün icra edilməsi haqqında göstərişdən görünür ki, Cavabdeh təqsirli bilinməsinə dair Hacıqabul Rayon Məhkəməsinin hökmü icra edilməsi üçün Bakı Probasiya İdarəsinə göndərilmişdir. İşdə olan Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 7(001)-86/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhər Probasiya İdarəsinin təqdimatı təmin edilərək Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(071)-113/2022 saylı hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh yaşayış yerinin Bərdə rayonu Kətəlparaq kəndinə dəyişdirilməsinə icazə verilmiş və üzərinə qoyulmuş “Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək” vəzifəsi “Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək” vəzifəsi ilə əvəz edilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi barədə 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsi dəyişdirilərək onun üzərinə 35628564 nömrəli Attenti markalı elektron nəzarət komplekti quraşdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, texniki rəydə “ATTENTİ” V6 markalı mobil qurğuda ana platada elementlərdə korroziya müşahidə olunması, təmirinin mümkün olmaması, istifadəyə tam yararsız olması qeyd edilmişdir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2024-cü il tarixli məlumatından görünür ki, Bərdə rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qərardadında qoyulmuş suala cavab verilməsi üçün xx.xx.2024-cü il tarixli ekspert vəsatəti verilmiş, həmin vəsatət 06 may 2024-cü il tarixədək təmin edilməmişdir. Buna görə məhkəmə-trasoloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının təyini haqqında qərar icra olunmamış, ekspertizanın aparılmasından imtina edilərək iş materialları məhkəməyə icrasız geri qaytarılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Attenti” markalı bir ədəd mobil nəzarət qurğusunun və ona quraşdırılmış proqram lisenziyasının bir ədəd elektron qolbağın və bir ədəd adaptorun dəyəri (ƏDV ilə birlikdə), yəni cəmi 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pulun alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən elektron nəzarət vasitəsinə ziyan vurulması iş materialları ilə sübut edilmir. Belə ki, ilk növbədə məhkəmə onu qeyd edir ki, iş materiallarına maddi ziyan dəyməsi iddia olunan və cavabdehin üzərinə bağlanan “Attenti V6” markalı elektron nəzarət vasitəsinin (mobil nəzarət qurğusunun) qiyməti haqqında hər hansı sübut (mütəxəssis və ya ekspert rəyi, arayış, qaimə və s.) heç bir mötəbər sübut əlavə edilməmişdir. Bundan başqa işdə Cavabdeh elektron nəzarət vasitəsinə lazımi qaydada xidmət etməməsi nəticəsində ziyan vurması və nəticədə nəzarət qurğusunun korroziyaya uğraması sübuta yetirilməmişdir. Belə ki, iş üzrə həm elektron nəzarət vasitəsinin dəyərinin müəyyən edilməsi və işdə olan texniki rəydə qeyd edilmiş qurğunun korroziyaya uğramasının səbəbi və qurğuya lazımi qaydada xidmət edilməməsi nəticəsində qurğunun nasaz olmasının müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilsə də ekspert vəsatətinin təmin edilməməsi, yəni korroziyaya uğramış elektron nəzarət vasitəsinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən ekspertiza müəssisəsinə təqdim edilməməsi səbəbindən ekspert tədqiqatının aparılması mümkün olmamış və iş materialları məhkəməyə icrasız geri qaytarılmışdır. Belə olan halda cavabdehin mobil qurğuya ziyan vurması sübut edilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, "Dövlət Rüsumu" haqqında qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Lakin iddia rədd edildiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilməli olan 43 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 191.3, 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilməli olan 43 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar