Məhkəmə qərarları › İş №2(021)-670/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-670/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-670/2021 19.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 800 manat, 40 manat vəkil xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 27.10.2020-ci ildə İmişli rayon Mal bazarında Cavabdeh oğlundan 800 manata 1 baş inək almışdır. İnəyi alan zaman Cavabdeh inəyin xəstəliyi və ya hansısa probelmin olub-olmamasını soruşmuş, cavabdeh isə inəyin tam sağlam olduğunu bildirmişdir. İnəyi həmin yaşadığı ünvana gətirmiş, ot vermiş, lakin inək otu yeməmişdir. 27.10.2020-ci ildə inəyin yenə də ot yeməməsini görüb kəndin baytarına məlumat vermiş, baytar inəyə baxmış və bildirmişdir ki, inəyin qarnına maye yığışıb və inəyin ölmə ehtimalı ola bilər. Həmin vaxt cavabdehə zəng etmiş və məlumat vermişdir. Lakin cavabde ona hazırda danışa bilmədiyini sonra əlaqə saxlayacağını bildirsə də, daha sonra onun telefon zənglərinə cavab verməmişdir. 30.10.2020-ci ildə inək ölmüş, baytar inəyi yarmış və məlum olmuşdur ki, inəyin qarnına maye yığılmış, qara ciyəri isə sirozdur. Bu barədə polis şöbəsinə müraciət etsə də, müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı oğlu məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh oğlu məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə iddiaçının izahaını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1989-cu il tarixdə Saatlı rayon Məmmədabad kəndində anadan olmuşdur. Saatlı rayon Məmmədabad kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Saatlı rayon İcra Hakimiyyəti Başçısının Məmmədabad İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 364 saylı 24.12.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı oğlu Bərdə rayon Məmmədabad kəndində yaşayır. Mülki işə əlavə edilmiş 30.10.2020-ci il tarixli Aktdan görünür ki, İddiaçı oğlu 27.10.2020- ci il tarixdə Bərdə rayonu Mal bazarında Cavabdeh Səfxan oğlundan bir baş inək almışdır. İnək evə gətirdikdən sonra 30.10.2020-ci il tarixdə ölmüşdür. Heyvan yarılmış, qarnında maye olduğu və qara-ciyəri şişmiş vəziyyətdə olduğu məlum olmuşdur. Mülki işə əlavə edilmiş Aqrar Xidmətlər Agentliyi Saatlı rayon Baytarlıq İdarəsi tərəfindən verilmiş 30.10.2020-ci il tarixli Rəydən görünür ki, heyvan yarılan zaman qarnına sarı maye yığıldığı, cəsədin arıq vəziyyətə oldğu və qara-ciyərinin şişkinləşmiş vəziyyətdə, yəni siroz formasında olması məlum olmuşdur. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh oğlu İddiaçı oğluna 800 manata 1 inək satmışdır. Lakin inək xəstə olduğundan ölmüşdür. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 582.1-ci maddəsinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Belə ki, işdə olan sübutlarla yanaşı, cavabdehin məhkəmə iclasında iştirak etməyib iddia tələbinə öz etirazını bildirməməsi nəzərə alınmaqla iddia tələbi 800 manat tələbi hissədə təmin olunmalı, 40 manat vəkil xidmət haqqının tələbi ilə bağlı hər hansı müqavlə və ya ödəniş qəbzi olmadığından həmin hissədə rədd olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan 800 manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı oğluna verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar