Məhkəmə qərarları › İş №2(021)-685/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-685/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-685/2022 09.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əsəd oğluna qarşı borcun tutulması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(021)-4518/2018 nömrəli əmri ilə borclular Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 934.48 manat əsas, 154.68 manat faiz, 233.62 manat cərimə, cəmi 1322.78 manat və 20 manat dövlət rüsumu tutular “Vijn Fond Azərkredit” MMC-nin xeyrinə verilməsi qərara alınmışdır. Borclu Cavabdeh1 13 sentyabr 2018-ci il tarixli 2(021)-4518/2018 nömrəli məhkəmə əmrin ləğv edilməsini və materialların iddia icraatına keçirilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(021)4518/2018 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(021)-4518/2018 saylı məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC iddia tələbini onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 ilə tələbkar təşkilat arasında 13 mart 2017-ci il tarixli LD********** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borclu, illik 12 % olmaqla 36 ay müddətinə 1068 manat məbləğində kredit almışdır. Həmin tarixdə kreditin ödənilməsinin təminatı məqsədi ilə Cavabdeh2 Əsəd oğlu ilə 13 mart 2017-ci il tarixli zaminlik müqaviləsi bağlamışdır. Hal-hazırda borcluların təşkilata ödənilməmiş 934.48 manat əsas, 154.68 manat faiz, 233.62 manat cərimə, cəmi 1322.78 manat məbləğində kredit borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafə edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, iddiaçı təşkilatdan kredit götürmüşdür. Lakin maddi vəziyyəti ilə əlaqədar banka olan borcunu ödəyə bilməmişdir. İddia təmin olunarsa iddiaçıya olan borcunu hissə-hissə ödəyəcəkdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 13 mart 2017-ci il tarixli LD********** nömrəli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, bank Borcluya 36 ay müddətinə 1068 manat məbləğində kredit verilməsinə, Borclunun isə kredit qəbul etməsinə, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanmış faizləri Kreditora qaytarmasına dair borc pul öhdəliyidir. İş materiallarında olan 13 mart 2017-ci il tarixli zaminlik müqaviləsinin surətindən müəyyən olunur ki, bank olmayan kredit təşkilatı "xxxx" MMC tərəfindən verilən kreditlə bağlı Borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək X4 Kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını bilir və öhdəsinə götürür. İş materiallarında olan maliyyə arayışdan müəyyən olunur ki, cavabdeh Cavabdeh1 oğlunun 13 mart 2017-ci il tarixli LD********** saylı kredit müqaviləsi üzrə iddiaçıya 934.48 manat əsas, 154.68 manat faiz, 233.62 manat cərimə, cəmi 1322.78 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan iddia həcminin azaldılması barədə ərizədən müəyyən olunur ki, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə 678,18 manat əsas, 144,88 manat faiz, 233.62 manat cərimə, cəmi 1056,68 manat məbləğində borcu qalmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 678,18 manat əsas, 144,88 manat faiz, 233.62 manat cərimə, cəmi 1056,68 manat məbləğində borcu yaranması sübuta yetirilmişdir. Göründüyü kimi, borclu Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və "xxxx" KB ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh X3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh2 kreditor "xxxx" MMC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19 avqust 2015-ci il tarixli, L-AG/0038892-F saylı kredit müqaviləsi üzrə 13 mart 2017-ci il tarixli LD********** saylı kredit müqaviləsi üzrə iddiaçıya 678,18 manat əsas, 144,88 manat faiz borcu yaranmış və həmin borcun ödəməsini təsdiq edən heç bir sübutu cavabdehlər məhkəməyə təqdim edə bilməmişlər. Əksinə olaraq Cavabdeh1 mövcud olan borcunu etiraf etmiş və hissəhissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iddianın dəbbə puluna aid hissəsinə münasibət bildirərək onu qeyd etməyi zəruri hesab edir ki, dəbbə pulu məbləği tənasübsüz şəkildə yüksək məbləğdə qeyd edildiyindən həmin məbləğ azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı kredit müqaviləsinə əsasən 233,62 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 3,62 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə müvafiq olaraq, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 678,18 manat əsas, 144,88 manat faiz borcu, 3.62 manat cərimə olmaqla cəmi 826,68 manat (səkkiz yüz iyirmi altı manat altmış səkkiz qəpik) məbləğində borcu və ödənilmiş 20 manat (iyirmi manat) dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ : İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əsəd oğluna qarşı borcun tutulması tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 678,18 manat əsas, 144,88 manat faiz borcu, 3.62 manat cərimə olmaqla cəmi 826,68 manat (səkkiz yüz iyirmi altı manat altmış səkkiz qəpik) məbləğində borc və ödənilmiş 20 manat (iyirmi manat) dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar