Məhkəmə qərarları › İş №2(021)-7/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-7/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-7/2025 30.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif оğlunun sədrliyi, Camalzadə Cəmilə Rüstəm qızının katibliyi ilə, İddiаçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, X2, X6 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ASC cavabdehlər Cavabdeh, X2, X6qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2575,88 manat əsas, 104,75 manat faiz borcu olmaqla cəmi 3398,83 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini belə əsaslandırmışdır ki, LPO” Zaminbank” ASC-nin “Bərdə” filailı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 2346 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 24 faiz ödənilmə şərti ilə 3500 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci maddəəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış fazi borcunu ödəməyi özü üzərinə götürmüşdür. Həmin Kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər X3 və X7 ilə həmin tarixdə 2346/Zsaylı sazminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.3-cü maddəsinə olaraq zaminlər X4 və X7 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə birgə məsuliyyət daşıyırlar. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizlər vaxtında ödəməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndrərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. LPO” Zaminbank” ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək cavabdehlərdən X1 vəfat etdiyini həmin hissədə icraata xitam verilməsini qalan hissədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh, X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehlər üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına istinad: 12 dekabr 2012-ci il tarixli, 2346 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik faiz dərəcəsi 24 faiz ödənilmə şərti ilə 3500 manat məbləğində kredit vəsaiti verilmişdir. 12 dekabr 2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh verilmiş kredit müqaviləsinin təmantı olaraq İddiaçı ASC ilə cavabdehlər X3 ilə X7 arasında zaminlik müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikasının vətəndaşının AZE seriyalı 09314443 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1984-cü ildə Bərdə Rayonu Qaradəmirçi kəndində anadan olmuş, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının vətəndaşının AZE seriyalı 05271407 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1958-ci ildə Bərdə Rayonu Otuzikilər kəndində anadan olmuş, Bərdə şəhəri S.Vurğun küçəsi ev 5-də qeydiyyatdadır. Azərbaycan Respublikasının vətəndaşının AZE seriyalı 04254807 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1948-ci ildə Füzuli rayonu Veysəlli kəndində anadan olmuş, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatdadır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 sentyabr 2020-ci il tarixli 9/1803 nömrəli ekspert rəyindən görünür ki, iş üzrə əlavə edilən sənədlər yəni cari hesabdan çıxarış məlumatları oxuna bilmədiyindən tədqiqatla Cavabdeh İddiaçı ASC-yə ödənilməli olan borc məbləğini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 dekabr 2020-ci il tarixli 9/4729 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 12 dekabr 2012-ci il tarixli 2346 saylı kredit müqaviləsinin qeyd olunan şərtklərini nəzərə alaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2014-cü il tarixə( kredit müqaviləsinin bitdiyi tarixə) olan ümumi borcu 2.524,20 manat məbləğində 21 may 2019cu il tarixə ( iddia ərizəsində borcun hesablandığı tarixə) olan ümumi borcu 21 may 2019cu il tarixə (iddia ərizəsində borcun hesablandığı tarixə) olan ümumi borcu isə 3074,96 manat məbləğində əsas borca hesablanılan faiz dərəcəsi kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2014-cü il tarixdən iddia ərizəsində borcun hesablandığı xx.xx.2019-cu il tarixinədək 5 % dərəcəsi ilə hesablanmaqla) müəyyən edilir o cümlədən xx.xx.2014-cü il tarixə olan borcu üzrə əsasən borcu üzrə 2479,98 manat olmaqla, faiz borcu üzrə 44,21 manat, 21 may 2019-cu il tarixə olan borcu üzrə 2479,98 manat əsas , 594,98 manat faiz borcu borcu yaranmışdır. Əlavə olataq qeyd edilmişdir ki, hazırkı ekapertizaü tədqiqatı zamanı tərəflər arasında imzalanmış 12 dekabr 2012-ci il tarixli, 2346 nömrəli kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərlə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabından çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmamışdır. İş materillarına olan sənədlərdən görünür ki, X5 xx.xx.2019-cu ildə vəfat etmişdir. iş üzrə əlavə edilmiş Bərdə Regional “ASAN-Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli 1287/2021- nömrəli məktubdan görünür ki, X1 barəsində Bərdə Regional “ASAN-Xidmət” Mərkəzinin notariat ofisi üzrə avtomatlaşdırılmış “ elektron notariat” informasiya sisteminin məlumat axtarışı bazasında vərəsəlik işinin açılmasına dair məlumat aşkar olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını Tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarıına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia Cavabdeh münasibətdə qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC-nin “Bərdə” filailı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 2346 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 24 faiz ödənilmə şərti ilə 3500 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci maddəəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış fazi borcunu ödəməyi özü üzərinə götürmüşdür. Həmin Kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər X3 və X7 ilə həmin tarixdə 2346/Zsaylı Zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Mülki iş materiallarından göründüyü kimi iddiaçı cavabdehə kredit vermişdir. İddiaçı kredit müqaviləsinin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh borca aldığı pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki iş materiallarından görünür ki, mövcud kredit müqaviləsi üzrə 2575.88 manat məbləğində əsas borc restrukturizasiya olunması təklif olunan kreditdir. Kredit müqaviləsi restrukturizasiya olunduqda, restrukturizasiya edilmiş məbləğə faizlərin hesablanması yalnız tərəflər arasında yeni razılaşma və ya müqavilədə bu barədə xüsusi şərt olduqda mümkündür. Belə bir şərtin rəsmiləşdiyi hər hansı sübut isə məhkəməyə təqdim edilməmişdir. Belə olan təqdirdə 104.75 manat məbləğində faiz borcu hesablana bilməz. Borcun məbləğinə münasibətdə məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən borc məbləğləri mübahisələndirildiyi üçün ekspertiza keçirilmiş və ekspert rəyində qeyd olunmuşdur ki, xx.xx.2014-cü il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc məbləği 2479.98 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, əgər kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Bu norma borcun gecikdirilməsi hallarında tətbiq edilir və kreditorun əlavə zərərini sübuta yetirə bilmədiyi hallarda, minimal kompensasiya kimi illik 5% tutulmasını təmin edir. Müqaviləyə xitam verildiyi tarixdən yəni xx.xx.2014-cü il tarixdən 4 il 7 ay 2 gün sonra yəni xx.xx.2019-cu il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən müddət ərzində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən 567.91 manat məbləğində gecikdirmə faizi cavabdehdən tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsinin ərizəsi əsasında vəfat etmiş cavabdeh X2 münasibətdə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)- 7/2025 nömrəli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Digər cavabdeh (zamin) X6 qarşı irəli sürülmüş tələb təmin edilə bilməz. Belə ki, zaminlərlə bağlanılmış 12 dekabr 2012-ci il tarixli müqavilə üzrə zaminlik kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində verilmişdir və Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır və yuxarıda şərh olunanlardan göründüyü kimi həmin tarix zaminlərə münasibətdə 12 dekabr 2014-cü il olmuşdur. Beləliklə, iddiaçı bank zaminlərə qarşı 12 dekabr 2015-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində onlara qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün, qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Zaminliyə xitam verildiyindən cavabdeh (zamin) X7 iddiaçının qarşısında məsuliyyət daşımır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2479,98 manat əsas, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən 567.91 manat məbləğində gecikdirmə faizi olmaqla, ümumilikdə 3,047.89 (üç min qırx yeddi manat səksən doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İş üzrə ödənilmiş 30 manat (otuz) manat dövlət rüsumu Cavabdeh tutulаrаq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 165 (yüz altmış beş) manat məbləğində pul Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar