Məhkəmə qərarları › İş №2(021)-711/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-711/2021

11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-711/2021 11.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi İddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə Bərdə rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh birgə nikahlarından olan və onun himayəsində yaşayan 01 iyul 2006-cı il təvəllüdlü Nigar və 16.02.2009-cu il təvəllüdlü Nihat adlı uşaqlarının saxlanılması üçün uşaqlar yetkinlik yaşına çatanadək, hər ay hər uşağa 175 manat, cəmi 350 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 08 sentyabr 2005-ci ildə rəsmi ailə qurmuşlar və birgə nikahlarından 01 iyul 2006-cı il tarixdə Nigar və 16.02.2009cu ildə Nihat adlı övladları olmuşdur. Bərdə Rayon Məhkəməsinin 09.12.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və 01 iyul 2006-cı il təvəllüdlü Nigar və 16.02.2009-cu il təvəllüdlü Nihat adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat aliment tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Övladlarının normal yaşaması üçün maddi imkanı kifayət etmir, uşaqların gündəlik yeməyə, paltara, həkim xərcinə, mənzildə işıqdan, sudan istifadə etmə və s. ödənişlərə ehtiyacı olmaqla, maddi cəhətdən çətinlik çəkir. Cavabdeh isə uşağın saxlanılması üçün heç bir maddi və mənəvi yardım göstərmir. Halbu ki, onun imkanı yaxşı olmaqla maddi cəhətdən təminatlıdır. Birgə nikahlarından olmuş Nigar və Nihat adlı uşaqların saxlanılması üçün hər ay 100 manat, cəmi 200 manat aliment məbləği hazırkı dövrün tələblərinə cavab vermir. Bu səbəbdən də Cavabdeh hər ay hər uşağa 175 manat, cəmi 350 manat məbləğində aliment tutulmalıdır. Cavabdeh birgə nikahlarından olan və onun himayəsində yaşayan 01 iyul 2006-cı il təvəllüdlü Nigar və 16.02.2009-cu il təvəllüdlü Nihat adlı uşaqlarının saxlanılması üçün uşaqlar yetkinlik yaşına çatanadək, hər ay hər uşağa 175 manat, cəmi 350 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bərdə rayon Lənbəran kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 13 fevral 207-ci il tarixli AZ-İ 901182 saylı və 17 mart 2009-cu il tarixli AZ-İİ 239094 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, tərəflərin birgə rəsmi nikahlarından 01 iyul 2006-cı ildə Nigar və 16 fevral 2009-cu ildə Nihat adlı uşaqları anadan olmuşdur. 01 iyul 2006-cı il təvəllüdlü X5 və 16 fevral 2009-cu il təvəllüdlü X6 atası Cavabdehdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-3108/2019 saylı 09 dekabr 2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia X1 Cavabdeh qarşı nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X3 ilə Cavabdeh arasında 08 sentyabr 2005-ci ildə bağlanmış və 22 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 01 iyul 2006-cı il təvəllüdlü X4 və 16 fevral 2009-cu il təvəllüdlü X6 İddiaçı himayəsində qalması, 01 iyul 2006-cı il də anadan olmuş X4 və 16 fevral 2009-cu il də anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 09 dekabr 2019-cu ildən başlayaraq ayda hər uşağa 100 (bir yüz) manat, cəmi 200(iki yüz) manat miqdarında aliment alınaraq İddiaçı verilməsi, Cavabdeh dövlət rüsumu hesabına 30(otuz) manat alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, Cavabdeh qazancının qeyri müntəzəm olmasını, alimentin tutulması barədə qətnamə çıxarıldıqdan sonra yaşayış minimumunun artırılaraq 175 manat məbləğində müəyyən edilməsini, cavabdehdən sabit pul məbləğində ayda hər uşağa 175 manat miqdarında aliment tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(021)-3108/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 01 iyul 2006-cı il də anadan olmuş X4 və 16 fevral 2009-cu il də anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ayda hər uşağa 130 manat məbləğində aliment sabit pul məbləğində tutularaq İddiaçı verilməsi məqsədəmüvafiqdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin tutulması Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci və Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(021)-3108/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəsini aldıqdan sonra 01 iyul 2006-cı ildə anadan olmuş X4 və 16 fevral 2009-cu il də anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ayda 130 (bir yüz otuz) manat, cəmi 260(iki yüz altmış) manat miqdarında aliment sabit pul məbləğində tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar