Məhkəmə qərarları › İş №2(021)-75/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-75/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-75/2022 17.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 oğlunun iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 4559.89 manat əsas, 3397.52 manat faiz, 2411.73 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən 679.14 manat faiz borcu olmaqla, cəmi 11048.28 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh X6 arasında bağlanmış 29.09.2014-cü il tarixli 2739 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 28% olmaq şərtilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 29.09.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilə şərtlərinə əməl etməyərək öhdəliyiini pozmuşlar. Nəticədə cavabdehin 4559.89 manat əsas, 3397.52 manat faiz, 2411.73 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən 679.14 manat faiz borcu olmaqla, cəmi 11048.28 manat borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 29.09.2014-cü il tarixli, 2739 saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh Əhmədov Nuridə Əli qızına 36 ay müddətinə illik 28 % olmaqla 5000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 29.09.2014-cü il tarixli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Əhmədov Nuridə Əli qızı 29.09.2014-cü il tarixli, 2739 saylı Kredit Müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi halda Cavabdeh2 və Cavabdeh3 bank qarşısında borclu ilə birgə məsuliyyət daşımalarını öz üzərinə götürmüşdürlər. İş materiallarına əlavə edilmiş 22.09.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış 29.09.2014-cü il tarixli BAR**********7390001 saylı kredit müqaviləsi üzrə sonuncunun 11.09.2020-ci il tarixə 4559.89 manat əsas, 3397.52 manat faiz, 2411.73 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 679.14 manat faiz borcu olmaqla, cəmi 11048.28 manat kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9/7918 saylı, 26.11.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Əhmədov Nuridə Əli qızının 29.09.2014-cü il tarixli, kredit müqaviləsi üzrə 29.09.2017-ci il tarixinə olan borcu əsas borc üzrə 4559.89 manat, faiz borcu üzrə 2045.11 manat, 26.11.2021-ci il tarixinə 4559.89 manat, faiz borcu üzrə 2718.11 manat borc təşkil etdiyi göstərilmişdir. (Aparılmış tədqiqatın dəyəri 100 manat) İş materiallarına əlavə edilmiş AZ-İ №885137 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov Nuridə Əli qızı 09.07.2017-ci il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə Əhmədov Nuridə Əli qızı arasında bağlanmış 29.09.2014-cü il tarixli, 2739 saylı kredit müqaviləsinə əsasən illik 28% olmaq şərtilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 qız ilə 29.09.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə İddiaçı ASC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Həmçinin müəyyən olunmuşdur ki, cavabdeh- əsas borclu Əhmədov Nuridə Əli qızı 09.07.2017-ci il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir İş materiallarından göründüyü kimi, iddiaçı bank tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmişdir. Yəni, cavabdehlə kredit müqaviləsinin bağlanması, zaminlik müqaviləsinin bağlanmasını, maliyyə arayışında əks olunmuş - kreditin verilmə tarixi, müddəti, faiz dərəcəsi, məbləği, əsas borcdan ödənilən məbləğ, faizdən ödənilən məbləğ, cəmi ödənilən məbləğ barədə sübutlar məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdeh Əhmədov Nuridə Əli qızına münasibətdə təmin oluna bilməz. Belə ki, iddiaçı qeyri-peşəkar formada iddia ərizəsi irəli sürərək vəfat etmiş şəxsdən borcun tutulmasını istəyib. Bunun üçün iddiaçı vəfat etmiş şəxsin vərəsələrini müəyyən edib məhkəməyə müraciət etməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. İşdən göründüyü kimi hazırkı iddia ərizəsi 02.10.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 iddia ərizəsi məhkəməyə daxil olmamışdan əvvəl, yəni 09.07.2017-ci il tarixdə vəfat etmişdir. Belə olan halda isə MPM-nin 58-ci maddəsi tətbiq oluna bilməz. Belə ki, Cavabdeh1 məhkəmə prossesi ərəfəsində yox, ondan əvvəl vəfat etmişdir ki, onun da hüquqi varislərini iddiaçı özü müəyyən edib onlara qarşı iddia qaldırmalı idi. Məhkəmə həmçinin qeyd edir ki, əsas borclu vəfat etdiyindən zaminlərə münasibətdə iddia irəli sürülməsi yolverilməzdir. Həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Əhmədov Nuridə Əli qızına 36 ay müddətinə kredit verilmişdir. 29.09.2014-cü il tarixli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Əhmədov Nuridə Əli arasında bağlanmış 29.09.2014-cü il tarixli, 2739 saylı Kredit Müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 477.0.4-ci madəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı qanunvericiliklə müəyyən olunmuş tələbetmə müddətini itirmişdir. Odur ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə də tələb təmin oluna bilməz. Zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Məhkəmə qeyd edir ki, sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı). Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC -yə aid edilməlidir. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçı LPO İddiaçı ASC –dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçı LPO İddiaçı ASC –dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar