Məhkəmə qərarları › İş №2(021)-753/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-753/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-753/2025 16.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X16, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh İsryıl oğluna qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3600 manat pulun Cavabdeh alınaraq onun xeyrinə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1972-ci il təvəllüdlüdür, iki uşaq atasıdır.Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Bərdə rayonu qaradağlı kəndində məskunlaşmışdır. Təqaüddə olan polis əməkdaşıdır. 2014-cü il tarixdə Bərdə rayonu Şorəlli kənda sakini Cavabdeh “torpağa mülkiyyət hüququna dair “ JN-217 saylı Kod 61005028 olan Bərdə rayonu Şorəlli kəndində yerləşən ailə üzvləri X12, X5, Cavabdeh İsrail oğluna, X6, X13 məxsus 0,48 ha pay torpaq sahəsinin bacısı Lamiyə Qurbanovanın payına düşən 0,096 hektarını 3000 manat müqabilində qeyri-rəsmi polaraq ona satmışdır. Hətta “torpağa mülkiyyət hüququna dair” JN-217 saylı Kod-61005028 olan dövlət aktını ona verərək münasib vaxtda ailə üzvlərini notariat konturuna aparıb onların razılğı ilə 0,096 ha torpaq sahəsini sənədləşdirib onun mülkiyyətinə keçiridəcəklərdir. O Cavabdeh sözlərinə inanıb 3000 manat pulu ona vermiş o isə 0,096 ha torpaq sahəsini ona tanıtdırıb onun istifadəsinə vermişdir. Həmin vaxtdan həmin torpaq sahəsini Rəşad adlı şəxsə icarəyə vermişdir. Son iki ildir Mahir Rəşadı həmin torpaq sahəsindən uzaqlaşdırmış, başqa şəxsin icarəsinə vermişdir. O iradını bildirdikdə ona yoncanı biçdirib iki illik icarə pulu olan 600 manat pulunu verəcək, Mahir yoncanı biçdirib götürmüş, ancaq 600 manat icarə haqqını da verməmişdir. Beləliklə Cavabdeh ona 3600 manat borcu yaranmışdır. O bu barədə Bərdə rayon Polis Şöbənimə müraciət etmiş, şöbədə araşadırmalar aparılmış Bərdə rayon polis şöbəsində “cinayət işi başlamasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, həmin qərarda mülki qaydada məhkəməuə müraciət etməyi tövsiyə edilmişdir. Odur ki, 3600 manat pulun Cavabdeh alınaraq onun xeyrinə verilməsinə dair qətnaməsinə ehtiyacı var. Qeyd etdiklərini Bərdə rayon Polis Şöbəsinin “cinayət işi başlanmasının rədd edilməsi haqqında 29 iyun 2024-cü il tarixli qərarında öz təsdiqini tapmış, şahidlər X7, X8 və X18 təsdiq edərlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh məhkəmə hazırlıq iclasında 0.28 ha torpaq sahəsinin atası İsrayıl Qurbanovla olan razılaşma əsasında iddiaçıya satıldığını, torpağın qiymətinin isə 16000 manat məbləğində dəyərləndirildiyini, İddiaçı tərəfindən ona verilmiş 3000 manat məbləğində vəsaitin isə həmin 16000 manata daxil olduğunu bildirmişdir. Yəni iddiaçı onun atası İsrayıl Qurbanova 13000 manat, cavabdehə isə 3000 manat pul vermişdir. Cavabdeh də həmin pulu öz növbəsində atası İsrayıl Qurbanova vermişdir. Cavabdeh 09 yanvar 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında həmçinin məhkəməyə ərizə göndərərək ərizəsində göstərmişdir ki, İddiaçı 2014-cü ildə 3000 manat borc pul almışdır. Həmin pul müqabilində ailə üzvüləri ilə birgə mülkiyyətlərinə verilmiş pay torpaq sahəsindən ona düşən hissəni İddiaçı vermiş və iddiaçı torpaq sahəsini öz adına sərmiləşdirmişdir. Hazırda istifadəsində torpaq sahəsi yoxdur və hər hansı torpaq sahəsini kiməsə icarəyə verməmişdir.İddiaçının göstərdiləri böhtandır. İddiaçı heç bir məbləğdə borcu yoxdur. İddiaçı ona qarşı qərəzəli olaraq 10 il vaxt keçdikdən sonra məhkəmədə iddia qaldırmış və əsassız olaraq ondan 3600 manat pul tələb edir. Odur ki, İddiaçı ona qarşı qaldırdığı pul tələbinə dair iddiası müddətin ötürülməsilə verildiyindən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İş materiallarına istinad: Mülki işə əlavə olunmuş AA seriyalı 299197 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. Mülki işə əlavə olunmuş 29 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 iyun 2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı 19 iyun 2024-cü il tarixdəö Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək təxminən 10 il əvvəl qaynatası X12 Bərdə rayonu Güloğlular kəndi ərazisində yerləşən 0,48 ha torpaq sahəsini ona sataraq onun adına keçriməsini vəd etdiyinə görə İsrail Qurbanova 16800 manat pul verməsini bununla yanaşı qaynı Cavabdeh İsrail oğluna 3000 manat pul verməsini lakin lakin İsrail Qurbanovun vədinə əməkl etməyərək ona məxsus 19800 manat pulu dələduzluq yolu ilə ələ küçirməsini bildirmiş İsrail Qurbanovun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş, İddiaçı müraciəti əsasında toplanmış HK-172435 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası vətəndaşının AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin X32 Komitəsi Bərdə rayon Bölməsi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Bərdə rayonu Qaradağlı kəndində məskunlaşmışdır. JN-0271 KOD61005028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Bərdə rayonu Şorəlli kəndində yerləşən 0,48 ha pay torpaq sahəsi X27 oğlu, X10, Cavabdeh İsrail oğlu, X9 paylı mülkiyyətindədir. 16 avqust 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləlrin Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıcxarışdan görünür ki, Bərdə rayonu Şorəlli kəndində yerləşən 0,28614 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə X2 mülkiyyətindədir. 26 iyul 2024-cü il tarixli AN-İ1286980 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X15, X10 və Cavabdeh özlərinə məxsus olan hər biri 0,09538 ha torpaq sahəsini X1. 09 yanvar 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, İddiaçı onun qardaşıdır. Qardaşı cavabdehdən torpaq sahəsi almaq üçün ona yaşadığə evdə 3000 manat pul vermişdir. Həmin vaxt o da orada olmuşdur. 09 yanvar 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X14 ifadəsində göstərmişdir ki, İddiaçı ilə əsgər yoldaşı olmuşlar və yaxın dost münsaibətləri var. Təxminən 10 il bundan əvvəl Mahir ona torpaq sahəsi satın aldığını və pula ehtiyacı olduğunu bildirərək ondan 1500 manat pul borc almış, o pulun cavabdehə veilməsində iştirak etməmişdir. Mahir daha sonra borc aldığı pulu qaytarmışdır. 23 yanvar 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, İddiaçı onun əri, Cavabdeh isə qardaşıdır. 2014-cü ildə atası onlara gələrək pay torpaq sahəsini satdığını başqa şəxsə satmaq əvəzində onlara satmağı təklif etmiş, atası ilə razılaşaraq 0,48 ha pay torpaq sahəsini satması üçün 16000 manat pul vermişlər.Qardaşı Mahirə bacısı Lamiyənin payının satılmasına görə həmin məbləğin 3000 manatını vermişlər. 600 manat isə qardaşı həmin torpaq sahəsini icarəyə verdiyi üçün 600 manat icarə haqqı ödəyəcəyini bildirmişdir. 01 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, İddiaçı onun həyat yoldaşı iılə əsgər yoldaşı olmaqla yaxın dosturlar. Mahir onlara zəng edərək torpaq sahəsi aldığını və pula ehtiyac olduğundan onlardan borc pul istəmişdir. O həyat yoldaşı ilə 1500 manatı Mahirgilə aparıb evlərində vermiş həmin vaxt Cavabdeh da orada olmuşdur. Mahir onların verdiyi pula 1500 manat əlavə edərək cəmi 3000 manat pulu Cavabdeh vermişdir. 01 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, cavabdeh onun qardaşıdır. Atası İddiaçı ayrı ayrı vaxtlarda hissə hissə olmaqla ümumulikdə 16000 manat pul borc almış əvəzində isə pay torpaqlarından təxminən 0,30 ha torpaq sahəsini iddiaçıya satmışlar. Qardaşı Cavabdeh İddiaçı heç bir borcu qalmamışdır. Tətbiq edilən hüquq: Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377. İddia müddətinin başlanması 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin: 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: İddiaçının cavabdehə 3000 manat pul verdiyi, cavabdehin isə 3000 manat pulu qəbul etdiyi işin mübahisəsiz halıdır. Cavabdeh məhkəmə hazırlıq iclasında Bərdə rayonu Şorəlli kəndində yerləşən ümumi sahəsi 0.4769 ha olan ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin 0.28 ha hissəsini atası İsrayıl Qurbanovla olan razılaşma əsasında iddiaçıya satıldığını, torpağın qiymətinin isə 16800 manat məbləğində dəyərləndirildiyini, İddiaçı tərəfindən ona verilmiş 3000 manat məbləğində vəsaitin isə həmin 16800 manata daxil olduğunu bildirmişdir. Yəni iddiaçı onun atası İsrayıl Qurbanova 13800 manat, cavabdehə isə 3000 manat pul vermişdir. Cavabdeh də həmin pulu öz növbəsində atası İsrayıl Qurbanova vermişdir. Cavabdehin bu mövqeyi qardaşı, məhkəmədə şahid qismində ifadə vermiş X17 tərəfindən təsdiq edilir. İddiaçı isə qaynatası İsrayıl Qurbanova ilkin olaraq 16800 manat, qayını Cavabdeh isə əlavə 3000 manat məbləğində vəsait verdiyini bildirir. İddiaçının bu mövqeyi isə şahid qismində məhkəmədə ifadə vermiş arvadı Aynurə Allahverdiyeva tərəfindən təsdiq edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Mülki iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2024-cü il tarixdə satıcılar X15, X10, Cavabdeh ilə alıcı X4 alarasında Bərdə rayonu Şorəlli kəndində yerləşən 0.28614 ha torpaq sahəsinin alqı-satqısı həyata keçirilmişdir. Torpaq sahəsi 3000 manata satılmışdır. Məhkəmə hesab edir ki, torpaq sahəsinin faktiki qiymətindən qat-qat aşağı satılmasının səbəbi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 160-1-ci bəndində olan məhdudiyyətlə bağlıdır. Belə ki, qeyd edilən normaya əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir. Yəni tərəflər 10 il əvvəl şifahi qaydada razılaşdıqları alqısatqını 2024-cü ildə rəsmiləşdirmiş, pulun satıcıya verilməsi 2014-cü ildə həyata keçirilmiş, faktiki olaraq alıcıda notariusun depozit hesabına pul qoymaq üçün kifayət qədər vəsaiti olmadığından, formal olaraq müqavilə qiyməti 3000 manat olaraq müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. İddiaçı tərəfindən cavabdehin əlavə olaraq 600 manat məbləğində icarə haqqı üzrə öhdəliyinin olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar iddia tələbinin sübutetməsi üçün kifayət deyil. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə tərəflərin mövqeyini dinləyərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq hesab edir ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün olduğu üçün dövlət rüsumundan azad olunduğundan və iddia tələbi təmin edilmədiyindən ödənilməmiş dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilməmiş dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar