Məhkəmə qərarları › İş №2(021)-775/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-775/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-775/2021 08.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 375,34 manat əsas, 458,34 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54,15 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış 12.12.2014-cü il tarixli 722TM nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətə kart vasitəsilə mallar iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nəğd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi barədə öhdəlik göstərsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 21.10.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 887,83 manat təşkil edir. Bundan 375,34 manat əsas, 458,34 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54,15 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.1.3-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəməyə teleqram göndərərək təyin olunmuş məhkəmə baxışını iştirakları olmadan keçirib iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmənin 02 mart 2012-ci il tarixli iclasında məhkəməyə ərizə verərək iddianı qəbul etdiyini, borcunun olmasını etiraf etdiyini, lakin cərimə borcunun silinməsində ona köməklik göstərilməsini, iddianı etiraf etdiyi qaydada təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 dekabr 2014-cü il tarixli 722/TM saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən müəyyən olunur ki, bank müştəri üçün 24 ay müddətinə kart buraxır. Bank tərəfindən buraxılmış kart bankın xüsusi mülkiyyətidir. -Kart üzrə bərpa olunan kredit xətti açılır. Bərpa olunan kredit xəttində kredit xəttinin limiti tranşlar ilə istifadə oluna bilər və bu halda ssuda borcu üzrə ödənişlər kredit xəttinin limitini bərpa edir. -Bank müştəriyə 800 manat məbləğində kredit xətti açır. Həmin xətt üzrə müştərinin birinci ayda nağdlaşdıra biləcəyi maksimum məbləğ ümumi limitin 70 %-ni təşkil edir. Birinci ayda nağdlaşmadan sonra kartda qalan məbləğ növbəti aylarda nağdlaşdırıla bilər. -Kredit xətti 36 ay müddətə açılır. Kartın müddətinin son günü də daxil olmaqla, kredit xəttindən istifadə etmək mümkündür. -Kredit xətti üzrə kreditin müddəti vəsaitin kartdan məxaric olunduğu gündən etibarən hər məxaric olunan kredit məbləğindən və borc qalığından asılı olaraq, məbləğ 0-50 manat aralığında olduqda kredit müddəti 1 ay, məbləğ 50,01-100 manat aralığında olduqda kredit müddəti 3 ay, məbləğ 100,01-200 manat aralığında olduqda kredit müddəti 6 ay, məbləğ 200,01 manat və daha yüksək məbləğ aralığında olduqda isə kredit müddəti 12 ay müəyyən edilir. İş materiallarında olan 02 noyabr 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 21.10.2020-ci il tarixə Cavabdeh əsas borcu 375,34 manat, müqavilənin bitmə tarixinə hesablanmış 458,34 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 54,15 manat olmaqla, cəmi 887,83 manat təşkil edir. İş materiallarında olan 22 oktyabr 2020-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh aralarında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, ondan tələb olunan borcun ödənilməsini 3 gün ərzində təmin etməsi, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı ASC məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 12 dekabr 2014cü il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş 800 manat məbləğində kredit borcunu vaxtında icra etmədiyindən, hazırda onun 375,34 manat məbləğində əsas, 458,34 manat məbləğində cərimə, cəmi 887,83 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdeh X2 800 manat məbləğində kredit alması və həmin kredit üzrə 375,34 manat məbləğində əsas, 458,34 manat məbləğində cərimə, cəmi 887,83 manat məbləğində borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 12 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 375,34 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 458,34 manat cərimə borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 375,34 manat məbləğinə mütənasib olmadığından 458,34 manat məbləğində cərimə pulunun 8,34 manat məbləğinə azaldılması məqsədəuyğundur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 800 manat məbləğində kredit alması və həmin kredit üzrə 375,34 manat əsas kredit borcu, 458,34 manat müqavilə müddəti üçün hesablanmış cərimə borcu yaranması sübuta yetirildiyindən iddia tələbi 375,34 manat əsas kredit borcu və 8,34 manat cərimə borcu tələbinə dair hissədə təmin edilməlidir. İddia tələbinin kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54,15 manat faiz borcu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf qeyd olunan tələblə bağlı məhkəməyə sübut təqdim edə bilmədiyindən, həmçinin iddiaçı iddia müddətinin bitdiyi vaxtdan uzun müddət keçəndən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən, yəni gecikdirilmiş vaxt üçün hesablanmış fazi iddiaçının təqsiri nəticəsində yarandığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh müştərək qaydada alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 375,34 manat əsas, 8,34 manat cərimə borcu olmaqla, cəmi 383,68 (üç yüz səksən üç manat altmış qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar