Məhkəmə qərarları › İş №2(021)-779/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-779/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-779/2023 20.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1990 manat pulun ödənilməsinə və 39.90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15 aprel 2022-ci il tarixdə bir baş sağlam inək almaq üçün Bərdə mal bazarına gəlmişdir. Orada sonradan adını, soyadını bildiyi Bədə rayonu, Zümürxan kənd sakini Cavabdeh ilə danışıb razılaşaraq onun bir baş yanı balalı inəyini 1990 manata almışdır. İnəyin buzovu dişi cinsi olmaqla təxminən 1 aylıq olmuşdur. İnəyi Mahirdən alarkən bir gündə neçə litr süd verməsini soruşmuşdur. O, inəyin gündə 10 litr süd verdiyini bildirmişdir, o, inanıb qeyd etdiyi kimi ona 1990 manat pul verərək, inəyi alıb qapısına aparmışdır. İnəyi evdə həyat yoldaşı bir neçə gün sağmışdır. İnək heç beş litr də süd verməmişdir, inəyin belə az süd verməsi onu qane etməmişdir. Ona görə də Mahirə zəng edib, ona inəyin az süd verməsi ilə bağlı öz iradını bildirmiş və inəyi qaytarmaq istədiyini demişdir. O, bildirmişdir ki, inəyi növbəti bazar günü gətirib ona qaytarsın, satıb pulunu verəcəkdir. O, inəyi buzovu ilə birlikdə bacısı oğlu Ceyhunun yük maşınına yükləyib Cavabdeh qapısına gətirib, ona təhvil vermişdir. O, demişdir ki, növbəti bazar günü inəyi satıb onun 1990 manat pulunu qaytaracaq. O, növbəti bazar günü onunla əlaqə saxlayıb pulunu istəmişdir. O, inəyi sata bilmədiyini bildirmişdir, sonradan həmkəndlisi X6 ilə birlikdə Mahirin yanına gedib gəlmişdir. Müxtəlif bəhanələr gətirərək, onun 1990 manat pulunu verməmişdir. O, bununla bağlı Bərdə rayon Polis Şöbəsinə də müraciət etmişdir, lakin pulunu ala bilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, İddiaçı deməsinə görə eşitmişdir ki, Cavabdeh ona inək satmışdır. Lakin inəyin südü onu qane etmədiyindən geri qaytarmış, Mahir isə onun pulunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, İddiaçı heyvanı onun yük maşınında aparıb. İş üzrə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğu xx xxxxx 1957-ci ildə Ağcəbədi rayonunda doğulmuşdur, Ağcabəddi rayonu, Yuxarı Qiyamadınlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZE 08717976 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 14 dekabr 1957-ci ildə Ağcabədi rayonunda doğulmuşdur, Ağcabəddi rayonu, Yuxarı Qiyamadınlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZE 16295241 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 11 iyul 1988-ci ildə Ağcabədi rayonunda doğulmuşdur, Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 818 nömrəli, 23 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Tağıyev X4 rayonu, Yuxarı Qiyamadınlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 586 nöməli, 05 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bərdə rayonu, Zümürxan kəndində daimi yaşayır. Mülki işə əlavə edilmiş Kapital bankın qəbzindən görünür ki, iddiaçı iddia qaldırılması üçün 40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasını müdafiə etsə də, iddia tələbini sübut edə bilməmiş, müvafiq dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Şahidlərin ifadəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, şahid X6 ifadəsində göstərdi ki, inək üçün iddiaçının pul ödəməsini iddiaçının özündən eşitmişdir. Digər şahid X2 inəyi öz yük avtomobili ilə aparmışdır. Qeyd edilən ifadələrə məhkəmə tənqidi yanaşaraq həmin ifadələrin cavabdehin konkret olaraq 1990 manat iddiaçıya borclu olmasını təsdiq etmədiyindən həmin ifadələri mötəbər dəlillər kimi qəbul etməyi məqsədəmüvafiq hesab etmir. Göstərilənərə əsasən də verilmiş iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 39.90 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar