Məhkəmə qərarları › İş №2(021)-78/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-78/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-78/2022 02.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X6 оğlunun iclas kаtibliyi ilə, İddiаçı İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiаçı İddiaçı ASC-nin xeyrinə müştərək qaydada 8022.12 manat əsas borcunun, 3044.30 manat faiz borcunun, 1244.18 manat gecikdirilmiş faiz (cərimə) borcu, ümumi olaraq 12310.60 manat məbləğində borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulmasına dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 sentyabr 2014-cü il tarixli, 115.LN.2102.250914.00001 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 25 sentyabr 2014-cü il tarixli 115.CL.250914.00001/b saylı zaminlik müqaviləsi və İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında 25 sentyabr 2014-cü il tarixli 115.CL.250914.00001/c saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 müqavilənin şərtlərini tamamilə icra edilməsinə görə tam məsuliyyəti öz üzərlərinə götürmüşdülər. Cavabdeh 115.LN.2102.250914.00001 №-li, 25 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə bağlı öz öhdəliklərini bank qarşısında yerinə yetirməmişdir. Cavabdeh1 08.05.2017-ci il tarixə 8022.12 manat əsas borc, 3044.30 manat faiz borcu, 1244.18 manat gecikdirilmiş faiz (cərimə) borcu olmaqla, ümumi olaraq 12310.60 manat borcu vardır. Kredit borcun qaytarılması haqqında bank tərəfindən dəfələrlə xəbərdarlıqlar göndərilmişdir , lakin cavabdeh öz öhdəliklərini yerinə yetirmək üçün heç bir tədbir görməmişdi. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra İddiaçı ASC məhkəməyə iddia tələbinin dəqiqləşməsinə və artırılmasına dair ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiаçı İddiaçı ASC-nin xeyrinə müştərək qaydada cəmi 12424.77 manat olmaqla, 6463.19 manat əsas borc, 1800.12 manat faiz borcu, 2488.36 manat cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1673.10 manat faiz borcu və iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulmasına dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X5 məhkəməyə teleqram göndərərək üzürlü səbəbdən məhkəməyə gələ bilmədiyini iddia tələbini müdafiə etdiyini və onun iştirakı olmadan işə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 sentyabr 2014-ci tarixli 115.LN.2102.250914.00001 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 27 faiz olmaq şərti ilə 10000 manat məbləğdə kredit verilmişdir. Mülki işə əlavə edilmiş 08.05.2017-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 25 sentyabr 2014-cü il tarixli, 115.LN.2102.250914.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 08.05.2017-ci il tarixə 8022.12 manat əsas borc, 3044.30 manat faiz borcu, 1244.18 manat gecikdirilmiş faiz (cərimə) borcu olmaqla, ümumi olaraq 12310.60 manat borcu vardır. Mülki işə əlavə edilmiş 25 sentyabr 2014-cü il tarixli 115.CL.250914.00001/b saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 oğlunun İddiaçı ASC ilə bağladığı 25 sentyabr 2014-ci tarixli 115.LN.2102.250914.00001 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 oğlu, İddiaçı ASC və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Mülki işə əlavə edilmiş 25 sentyabr 2014-cü il tarixli 115.CL.250914.00001/c saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 oğlunun İddiaçı ASC ilə bağladığı 25 sentyabr 2014-ci tarixli 115.LN.2102.250914.00001 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 oğlu, İddiaçı ASC və X2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Mülki işə əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıqlar edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 33235 saylı, 25 fevral 2019-cu il tarixli ekspert rəyindən görünür ki, 25 sentyabr 2014-cü il tarixli 115.LN.2102.250914.00001 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla , cavabdeh X1 14.05.2018-ci il tarixdə İddiaçı ASC –nə olan borcu əsas borc üzrə 8022,12 manat, faiz borcu üzrə 5246,37 manat olmaqla ümumilikdə 13268,49 manat məbləğində müəyyən edilmişdir.(Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 sentyabr 2014-cü il tarixli, 115.LN.2102.250914.00001 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 25 sentyabr 2014cü il tarixli 115.CL.250914.00001/c saylı zaminlik müqavilələrii bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 müqavilənin şərtlərini tamamilə icra edilməsinə görə tam məsuliyyəti öz üzərlərinə götürmüşdülər. İş üzrə iddiaçı «AGbank” ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin, iş üzrə cavabdehlər bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısmda həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımmca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısmda birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu cavabdeh iddiaçıya ödəməlidir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı «AGbank” ASC-nin iddiasının 2488.36 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 200 manat məbləğində pulun tutulması ədalətlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən tutulmalı olan 1673,10 manat pul Cavabdeh1 tutulmalıdır. Məhkəmə iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə qeyd edir ki, iddia tələbi onlara münasibətdə təmin oluna bilməz. Belə ki, kredit müqaviləsi və zaminlik müqaviləsi 25.09.2014-cü il tarixdə 24 ay müddətinə bağlanmışdır. Mülki Məcəllənin 477.0.4-ci madəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı qanunvericiliklə müəyyən olunmuş tələbetmə müddətini itirmişdir. Odur ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 6463.19 manat əsas borc, 1800.12 manat faiz borcu, 200 manat cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1673.10 manat faiz borcu olmaqla, cəmi 10.136.41 (on min yüz otuz altı manat qırx bir qəpik) manat məbləğində borc iddiaçı «AGbank” ASC -nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum da cavabdehdən iddiaçı «AGbank” ASC -nin xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh1 6463.19 manat əsas borc, 1800.12 manat faiz borcu, 200 manat cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1673.10 manat faiz borcu olmaqla, cəmi 10.136.41 (on min yüz otuz altı manat qırx bir qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı «AGbank” ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar