Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-793/2021 02.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı nümayəndəsi___________ X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Yaşa oğlundan 383 manat, 12350 ABŞ dolları və 62970 türk lirəsinin ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə, həmçinin 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Yaşa oğlu 19.09.2019-cu il tarixdə saat təxminən 1620 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsində texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə ilə idarə etdiyi X4 məxsus “Opel Astra” markalı 02 BL-714 dövlət qeydiyyat nişanlı avtomobillə Bərəd şəhəri, H.Aslanov küçəsində yerləşən asfalt yolda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən üfiqi nişanlanma xəttinin (əks istiqamətli nəqliyyat axınlarını ayıran ağ bütöv qoşa üfüqi nişanlanma xətti) kəsib keçməməli olduğu halda bunları etməyərək cinayətkarcasına özünə güvənib avtomobili saatda 40-45 km\saat surətlə idarə edərkən üfüqi nişanlanma xəttini kəsərək asfalt yolun sağ tərəfindən sol tərəfinə dönərkən avtomobilin qabaq tərəfi ilə yolun solunda oturacaqda oturan piyada İddiaçı vuraraq sonuncuya ağır septiki şokla müşayiət olunan sirkə kasasının sınığı, qasıq sümüyünün sınığı, 1-ci,2-ci və 3-cü bel fəqərələrinin sol yan çıxıntısının yerdəyişmiş sınığı, qasıq sümüyünün travmatik cırılması, budun açıq yarası, topuğun sınığı, incik sümüyünün distal şöbəsinin sınığı, qabırğaların çoxsaylı sınıqları, travmatik pnevmotoraks, travmatik hemotoraks, kəskin peritonit, nazik bağırsağın travması ilə müşayiət olunan və həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. İş üzrə tam sübuta yetirilir ki, cavabdeh ona külli miqdarda maddi zərər vurmuşdur. Bir ildən çoxdur müxtəlif səhiyyə ocaqlarında müalicə olunsa da, səhhəti hələ də tam bərpa olunmur. Aldığı xəsarətlərlə əlaqədar bel fəqələləri, qasıq sümüyü, budu, topuğu, incik sümüyü, qabırğaları çoxsaylı yerdən sınmışdır, kəskin peritonit, nazik bağrsağın travmaları və s. xəsarətlərdən dəfələrlə ağır cərrahi əməliyatlar olunmuşdur. Sonuncu dəfə Türkiyə Respublikasında əməliyyat olunmuşdur. Cavabdehə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair 2020-ci ildə Bərdə Rayon Məhkəməsində iddia qaldırmış, Bərdə Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(021)-2020/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh Yaşa oğlundan 9273 manat və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə qət olunmuş 9273 manat məbləğində pul vəsaitindən Cavabdeh tərəfindən bu günə qədər ona heç bir ödəniş edilməmişdir. Məhkəmə qətnaməsi qət olunduğu gündən də sonra səhhətində ciddi problemlər yaranmış, bu səbəbdən də Bakı şəhərində müalicə olunmuş və daha sonra isə Türkiyə Respublikasında yerləşən xəstəxanada müalicəsini davam etdirmişdir. Son vaxtlarda xəstəxanalarda səhhətinin müalicəsi üçün sərf olunmuş ödəniş qəbzlərinin bir qismini məhkəməyə təqdim edir. Qəbzlərdən də göründüyü kimi, Bakı Sağlamlıq mərkəzində 27.11.2020-ci il tarixdə 200 manat, 26.11.2020-ci il tarixdə 103 manat, 16.12.2020-ci il tarixdə 20 manat, 16.12.2020-ci il tarixdə 60 manat, Türkiyə Respublikasında 08.09.2020-ci il tarixdə 6000 ABŞ dolları, 14.09.2020-ci il tarixdə 6000 ABŞ dolları, 19.09.2020-ci il tarixdə 1150 ABŞ dolları, 28.10.2020-ci il tarixdə 12650 türk lirəsi, 19.09.2020-ci il tarixdə 320 türk lirəsi, 08.10.2020-ci il tarixdə 50000 türk lirəsi səhhətinin müalicəsi üçün xərci çıxmışdır. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı nümayəndəsi X5 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək cavabdeh X2 383 manat, 13150 ABŞ dolları, 62970 türk lirəsinin ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə, həmçinin 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Yaşa oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 08933322 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 08 sentyabr 2020-ci il tarixli pul qəbzindən müəyyən olunur ki, İddiaçı xəstəxanaya 6000 ABŞ dolları pul ödəniş etmişdir. İş materiallarında olan 14 sentyabr 2020-ci il tarixli pul qəbzindən müəyyən olunur ki, İddiaçı xəstəxanaya 6000 ABŞ dolları pul ödəniş etmişdir. İş materiallarında olan Acıbadem sağlıq xidmətləri mərkəzi tərəfindən verilmiş 19 sentyabr 2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı xəstəxanaya 1150 ABŞ dolları pul ödəniş etmişdir. İş materiallarında olan Acıbadem sağlıq xidmətləri mərkəzi tərəfindən verilmiş 19 sentyabr 2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı xəstəxanaya 320 türk lirəsi məbləğində pul ödəniş etmişdir. İş materiallarında olan X6 Ortopedi Akademiyası tərəfindən verilmiş arxivfakturadan müəyyən olunur ki, İddiaçı 08 oktyabr 2020-ci il tarixdə xəstəxanaya 50 000 türk lirəsi ödəniş etmişdir. İş materiallarında olan “ROMLTEM” fiziki müalicə və reablitasiya xəstəxanası tərəfindən verilmiş 18 oktyabr 2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı xəstəxanaya 12650 türk lirəsi məbləğində pul ödəniş etmişdir. İş materiallarında olan Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı mərkəzə 103 manat ödəniş etmişdir. İş materiallarında olan Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 27 noyabr 2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı mərkəzə 200 manat ödəniş etmişdir. İş materiallarında olan Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı mərkəzə 20 manat ödəniş etmişdir. İş materiallarında olan Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı mərkəzə 60 manat ödəniş etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-2020/2020 saylı 16 sentyabr 2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Yaşa oğlundan 9273 (doqquz min iki yüz yetmiş üç) manat və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı oğlunun xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh Yaşa oğlu yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs hazırkı iş üzrə İddiaçı sağlamlığına ağır zərər vurulmasına səbəb olan nəqliyyat hadisəsi törətmişdir. İddiaçı maddi zərər tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi səhhətinə dəymiş ziyanın əvəzi olaraq 13150 ABŞ dolları, 62970 türk lirəsinin ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə və 383 manat pul məbləğidir. Bununla bağlı sübutları araşdıran məhkəmə bildirir ki, İddiaçı müalicəsi üçün 08 sentyabr 2020-ci il tarixdə xəstəxanaya 6000 ABŞ dolları, 14 sentyabr 2020-ci il tarixdə 6000 ABŞ dolları, Acıbadem sağlıq xidmətləri mərkəzi tərəfindən verilmiş 19 sentyabr 2020-ci il tarixli qəbzlə xəstəxanaya 1150 ABŞ dolları, Acıbadem sağlıq xidmətləri mərkəzi tərəfindən verilmiş 19 sentyabr 2020-ci il tarixli qəbzlə xəstəxanaya 320 türk lirəsi, X6 Ortopedi Akademiyası tərəfindən verilmiş arxiv-fakturaya əsasən 08 oktyabr 2020-ci il tarixdə xəstəxanaya 50 000 türk lirəsi, “ROMLTEM” fiziki müalicə və reablitasiya xəstəxanası tərəfindən verilmiş 18 oktyabr 2020-ci il tarixli qəbzlə xəstəxanaya 12650 türk lirəsi, Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli qəbzlə mərkəzə 103 manat, Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 27 noyabr 2020-ci il tarixli qəbzlə mərkəzə 200 manat, Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli qəbzlə mərkəzə 20 manat və Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2020-ci il tarixli qəbzlə mərkəzə 60 manat məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Yaşa oğlu yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan İddiaçı xəsarət yetirdiyindən və iddiaçı qeyd olunan xəsarətlərə görə 13150 ABŞ dolları, 62970 türk lirəsi və 383 manat xəstəxanalara müalicəsi üçün pul ödəmişdir. İddiaçıya mülki hüquq pozuntusu nəticəsində ziyan dəyməsi məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapdığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələnin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM 77.3). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM 78.2). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ona halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümunun 30 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Yaşa oğlundan 13150(on üç min yüz əlli) ABŞ dolları, 62970(altmış iki min doqquz yüz yetmiş) türk lirəsi ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə və 383 (iki yüz səksən üç) manat pul və 30(otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-793/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-793/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver