Məhkəmə qərarları › İş №2(021)-793/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-793/2024

13.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-793/2024 13.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Alimentin məbləğinin artırılması və onun cavabdehin aylıq qazancından hissə olaraq müəyyən edilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-327/2023 nömrəli qətnaməsi ilə Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü qızları X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün müəyyən olunmuş aylıq 170 manat aliment məbləğinin Cavabdeh aylıq qazancının ¼ hissəsi olaraq müəyyən edilməsinə, həmçinin Mediasiya xidmətinə görə ödənilmiş 55 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2012-ci ildə ailə qurmuş, nikahları Bərdə Rayon Qeydiyyat Şöbəsində xx.xx.2012-ci il tarixdə, 469 nömrə ilə qeyd edilmişdir. Cavabdehlə birgə nikahdan 21 aprel 2016-cı il tarixdə X5 adlı övladları anadan olmuşdur. Aralarında tez-tez baş verən münaqişə və narazılıqlar səbəbindən ailə münasibətlərinin davam etməsi mümkün olmadığına görə Bərdə Rayon Məhkəməsi onun Cavabdeh qarşı “Nikahın pozulması, uşağın himayədə saxlanılması və aliment tələbinə dair” iddiasını təmin edərək xx.xx.2023-cü il tarixli, 2(021)-327/2023 nömrəli qətnamə ilə qət etmişdir ki, “İddia qismən təmin edilsin. Cavabdeh ilə X4 arasında 11 sentyabr 2012-ci ildə Bərdə Rayon Qeydiyyat şöbəsində 469 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından doğulmuş 21 aprel 2016-cı il təvəllüdlü X5 anası X1 yanında (himayəsində) saxlanılsın. Tərəflərin birgə nikahdan doğulmuş 21 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilsin. Aliment tutulma müddəti məhkəməyə iddia verildiyi vaxtdan, yəni 06 oktyabr 2022-ci il tarixdən müəyyən edilsin. Bərdə Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə müəyyən edilmiş aliment tutulma müddətinin başlandığı 06 oktyabr 2022-ci il tarixindən 1 il 3 ay müddət ötürmüşdür. Təbii haldır ki, bu müddətdə cavabdehlə ümumi uşaqları olan Zəhra Əsgərzadə də 1 yaş 3 ay böyümüşdür. Qızları Zəhra hazırda orta məktəbə gedir və bununla əlaqədar onun saxlanılma xərcləri də artmışdır. Onun normal qidalanması, sağlam böyüməsi, mənəvi cəhətdən normal inkişaf etməsi və s. tələbatlarının ödənməsi üçün aylıq 170 manat aliment kifayət etmir. Hazırkı bahalaşma və artan inflyasiya səbəbi də nəzərə alınarsa 8 yaşlı bir qız uşağının normal qidalanması, fiziki cəhətdən sağlam böyüməsi, mənəvi inkişaf, səviyyəli orta təhsil ala bilməsi, bir sözlə normal vətəndaş kimi yetişdirilə bilməsi üçün aylıq 170 manatın kifayət etməməsi reallıqdır və bunun xüsusi olaraq sübut edilməsinə ehtiyac yoxdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-327/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılmalı, həm də alimentin məbləği cavabdehin aylıq qazancının % hissəsi olaraq təyin edilməlidir. Belə ki, Cavabdeh ilə nikahları pozulanadək o, Ağcabədi rayonu N nömrəli hərbi hissədə gizir olaraq hərbi xidmət keçir və aylıq əməkhaqqı (qazancı) bütün əlavələrlə birlikdə 1000 manatdan az deyildir. Onun sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 805 nömrəli Arayışda göstərilir ki, “N nömrəli hərbi hissədə xidmət edən gizir Cavabdeh əmək haqqı gəlir vergisi 14%, dövlət sosial sığortası 3% və icbari tibbi sığorta 2% tutulduqdan sonra 820,86 (səkkiz yüz iyirmi manat 86 qəpik) təşkil edir.” Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 327/2023 nömrəli qətnaməsi ilə təyin edilmiş aylıq 170 manat aliment Bərdə Rayon İcra və Probasiya Şöbəsinin müraciəti əsasında Müdafiə Nazirliyinin mühasibatlığı vasitəsi ilə onun aylıq əmək haqqından (qazancından) tutularaq ona ödənilir. Bu fakt onu təsdiq edir ki, Cavabdeh həqiqətən də Müdafiə Nazirliyi sistemində işləyir, yəni hərbi xidmət keçir. Hazırkı mübahisənin-qızı Zəhranın saxlanılması üçün aliment məbləğinin artırılması məsələsinin məhkəmədən kənar-mediasiya təşkilatı vasitəsi ilə həlli üçün onun tərəfindən təşəbbüs göstərilərək “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesi başladılmışdır. Lakin Cavabdeh mediasiya sessiyasına gəlməməklə faktiki olaraq məsələnin məhkəmədən kənar həllindən imtina etdiyini nümayiş etdirmişdir. Odur ki, mediasiya xidmətinə görə 55 manat rüsum da onun tərəfindən birtərəfli qaydada ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərdi ki, iddiaçı ilə birgə nikahlarından bir uşaqları doğulmuşdur. Bərdə Rayon Məhkəməsinin qətnaməsinə əsasən bir uşağın saxlanılması üçün iddiaçıya 170 manat məbləğində aliment ödəyir. Hərbi hissədə gizir işləyir. Aylıq əmək haqqı 820 manat təşkil edir. Əmək haqqının ¼ hissəsinin tutulmasına, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri Gəncə küçəsi 4-də qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1990-cı ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri Təbriz küçəsində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli 5755 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri Gəncə küçəsi 4-də yaşayır. Bərdə Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(021)-327/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X4 arasında 11 sentyabr 2012-ci ildə Bərdə rayon Qeydiyyat Şöbəsində 469 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 21 aprel 2016-cı il təvəllüdlü X3 anası X1 yanında (himayəsində) saxlanılması, tərəflərin birgə nikahından doğulmuş 21 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi, alimentin tutulma müddəti məhkəməyə iddia verildiyi vaxtdan, yəni 06 oktyabr 2022-ci il tarixdən müəyyən edilməsi, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu və mediasiya xərci olaraq ödənilmiş 50 manatın Cavabdeh alınaraq iddiaçı X2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli, AZ-İ 464928 saylı Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X4 arasında olan nikah Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, X5 21 aprel 2016-cı ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Cavabdeh, “ana” qrafasında anası kimi X4 qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N dekabr 2023cü il tarixli, 805 saylı arayışından görünür ki, N nömrəli hərbi hissədə xidmət edən gizir Cavabdeh əmək haqqı (gəlir vergisi) 14 % (dövlət sosial sığortası) 3% (icbari tibbi sığorta) 2% tutulduqdan sonra 820,86 (səkkiz yüz iyirmi manat 86 qəpik) təşkil edir. 23 noyabr 2023-cü il tarixli MŞGOR/MT007/2023-01359 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. 23 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya xidmətinə müraciət üçün 55 manat məbləğində rüsum ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 75.1.-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1 və 76.1.1. 1-ci maddələrinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə— qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” 30 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının AM-nin: 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, Cavabdeh N nömrəli hərbi hissədə gizir işləməklə hər ay 820,86 manat əmək haqqı almasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğuna görə, Bərdə Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(021)-327/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək 21 aprel 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutularaq İddiaçı verilməsi qanuna və məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş məbləğdə tutulması “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı mediasiya xidmətinə müraciət üçün 55 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən mediasiya xidmətinə müraciət üçün ödənilmiş 55 manat məbləğində rüsum cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması və onun cavabdehin aylıq qazancından hissə olaraq müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(021)-327/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan sonra 21 aprel 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Mediasiya xidmətinə müraciət üçün ödənilmiş 55 (əlli beş) manat məbləğində rüsum Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar