Məhkəmə qərarları › İş №2(021)-81/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-81/2022

03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-81/2022 03.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı X5 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı 3186.20 manat əsas, 1762.12 manat faiz, 1378.47 manat cərimə, 457,16 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 6784,95 (altı min yeddi yüz səksən dörd manat doxsan beş qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış 31 oktyabr 2014-cü il tarixli, 144 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 26 % ( iyirmi altı faiz) ödəmək şərti ilə 5000 ( beş min ) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyətli daşıyırlar. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 3186,20 manat əsas, 1762,12 manat faiz, 378.47 manat cərimə, 457,16 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 6784,95 (altı min yeddi yüz səksən dörd manat doxsan beş qəpik) məbləğində borcu mövcuddur. İddiaçı X5 İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 144 saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 24% dərəcəsi ilə 5000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 144 saylı Kredit Müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi halda Cavabdeh2 oğlu bank qarşısında borclu ilə birgə məsuliyyət daşımalarını öz üzərlərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli BAR**********1440002 saylı kredit müqaviləsi üzrə sonuncunun xx.xx.2020-ci il tarixə 3186.20 manat əsas, 1762.12 manat faiz, 1378.47 manat cərimə, 457,16 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 6784,95 (altı min yeddi yüz səksən dörd manat doxsan beş qəpik) manat manat kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9\3791 saylı, xx.xx.2022- ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 144 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2020- ci il tarixinə olan borcu əsas borc üzrə 3185.53 manat, faiz borcu üzrə 1451.80 manat təşkil etdiyi göstərilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2014-cü il tarixli, 144 saylı Kredit Müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 24% olmaqla 5000 manat məbəğində kredit verilmişdir. Həmin məbləği annuited ödəniş cədvəli üzrə ödənilməsi müəyyən edilmişdir. İş üzrə İddiaçı ASC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh1 müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Həmçinin müəyyən olundu ki, digər Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və zaminlik müqaviləsində qeyd olunmuşdur ki, zamin xx.xx.2014-cü il tarixli, 144 saylı kredit müqaviləsi üzrə öhdəlik götürür. Göründüyü kimi, borclu Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və X5 İddiaçı ASC-nin ləğvedicisi ƏMF-nun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqavilələrii üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində ekspert rəylərini nəzərə alaraq iddia tələbləri həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas borc 3186.20 manat, faiz borcu 1762.12 manat olmuş, lakin ekspert rəyində əsas borc məbləğ 3185.53 manat, faiz borcu üzrə 1451.80 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ekspert rəyi əsasında Cavabdeh1 banka olan kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi əsas və faiz borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı X5 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiasının 1378.47 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 50 manat məbləğində pulun tutulması ədalətlidir. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin bitdiyi tarixdən Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 457.16 manat faiz borcun tutulması hissəsində də təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 36 ay müddətinə kredit verilmişdir. xx.xx.2014-cü il tarixli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 144 saylı Kredit Müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 477.0.4-ci madəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı qanunvericiliklə müəyyən olunmuş tələbetmə müddətini itirmişdir. Odur ki, iddia tələbi Cavabdeh2 münasibətdə tələb təmin oluna bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 3185.53 manat əsas, 1451.80 manat faiz, 50 manat cərimə, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 457.16 manat faiz borc olmaqla, cəmi 5144.49 (beş min yüz qırx dörd manat qırx doqquz qəpik) manat iddiaçı X5 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq X5 İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 tutularaq “dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 3185.53 manat əsas, 1451.80 manat faiz, 50 manat cərimə, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 457.16 manat faiz borc olmaqla, cəmi 5144.49 (beş min yüz qırx dörd manat qırx doqquz qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 tutularaq “dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar