Məhkəmə qərarları › İş №2(021)-826/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-826/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-826/2022 01.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 qarşı pul tələbinə və kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC -nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, 025A********** saylı kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 670,12 manat, 11 oktyabr 2019-cu il tarixli, 025A********** saylı kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1024.32 manat məbləğində kredit almışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun iddiaçıya hər iki müqavilə üzrə 3018.46 manat (əsas borc 1694.44 manat, faiz borcu 34.85 manat, cərimə borcu 1289.17 manat) borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 11 oktyabr 2019-ci tarixli, 025A********** saylı və 11 oktyabr 2019cu il tarixli, 025A********** saylı kredit müqavilələrindən görünür ki, həmin müqavilə "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 "xxxx" QSC -dən kredit götürmüşdür. İş materiallarında olan zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 60 ay ərzində kreditor tərəfindən borc alana illik 0,0833 % ödənilməsi şərti ilə cəmi 1694.44 manat məbləğində kredit verilmiş, borcalan həmin krediti 11 oktyabr 2024-cü il tarixədək "xxxx" QSC -yə ödəməli idi. İş materiallarında olan maliyyə arayışlarından və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" QSC-yə hər iki müqavilə üzrə 1694.44 manat əsas kredit, 34.85 manat məbləğində faiz borcu, 1289.17 manat cərimə olmaqla cəmi 3018.46 manat borcu mövcuddur. İş materiallarında olan 05 dekabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, 025A********** saylı və 11 oktyabr 2019-cu il tarixli, 025A********** saylı kredit müqavilələri ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 1694.44 manat əsas kredit, 34.85 manat məbləğində faiz borcu, 289.17 manat cərimə olmaqla cəmi 2018.46 manat borcu tutularaq iddiaçı "xxxx" QSC -yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1694.44 manat əsas kredit, 34.85 manat məbləğində faiz borcu, 289.17 manat cərimə olmaqla cəmi 2018.46 (iki min on səkkiz manat qırx altı qəpik) manat borc və 50.19 (əlli manat on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, 025A********** saylı və 11 oktyabr 2019-cu il tarixli, 025A********** saylı kredit müqavilələri ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar