Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-828/2025 03.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8941 manat məbləğində pulun, ödənilmiş 90 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 320 manat vəkil xərcinin alınaraq ona verilməsinə dair qətnamənin qəbul olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək Cavabdeh 7741 manat məbləğində pulun, ödənilmiş 90 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 320 manat vəkil xərcinin alınaraq cavabdehə verilməsinə dair qətnamənin qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2023-cü ilin iyun ayının ortalarında Cavabdeh 6954 manat nağd pul vermişdir. Cavabdeh pulu alarkən iddiaçıya bildirmişdir ki, həmin pulla mülkiyyətində olan mal-qara üçün ucuz qiymətə (topdan qiymətə 1 kq – 0,35 qəpiyə) 19870 ton arpa alacaq, həmin mal-qaranı il ərzində iki dəfə kökəldərək satmaq yolu ilə qazanc əldə edib, əvəzində iddiaçıya bir ildən sonra aldığı pulun müqabilində 8941 manat qaytaracaqdır. İddiaçı cavabdehin sözlərinə inanaraq onunla razılaşmışdır. Keçən müddət ərzində cavabdeh dəfələrlə borclu olduğu pulu qaytaracağına söz vermiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh iddiaçıya 8941 manat borclu olduğu barədə yazılı qəbz vermiş və həmin qəzbi öz imzası ilə təsdiq etmidir. Hazırda cavabdeh borclu olduğu pulu ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Bu səbəbdən iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək əlavə olaraq göstərmişdir ki, Cavabdeh həyat yoldaşı, eyni zamanda nümayəndəsi tərəfindən cavabdehin borclu olduğu məbləğdən 1200 manat ödənilmişdir. İddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X2 izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. Cavabdeh onun həyat yoldaşıdır. Onlar İddiaçı deyil, onun qayınatası, həmkəndliləri Muğan adlı şəxsdən soğan əkmək üçün 5000 manat, sonra isə 1500 manat borca pul almışlar. Aldıqları pul ilə soğan əksələr də məhsul əldə edə bilmədikləri üçün borclu olduqları pulu qaytara bilməmişlər. İddiaçı yaşadıqları kənddə faizlə pulu borca verməklə məşğul olur. Hazırda iddiaçının tələb etdiyi məbləğin 6500 manat hissəsi onların borclu olduqları məbləğdir, qalan hissə isə iddiaçı tərəfindən hesablanmış faiz borcudur. Onların iddiaçıya cəmi 6500 manat borcu vardır. Lakin hazırda maddi imkanları olmadığından borcu qaytara bilmirlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X1 izahatında göstərmişdir ki, İddiaçı onun kürəkənidir, cavabdeh isə qohumu və kəndlisidir. Cavabdehlə heç bir ədavəti olmamışdır. Cavabdeh arpa alması üçün 6950 manat borca pul verib, həmin pulu o, yeznəsi İddiaçı alıb, cavabdehə vermişdir. Bundan başqa Cavabdeh ona da 50 manat borcu vardır. İş materiallarına istinad: Qəbzdən görünür ki, damalı vərəqdə “Mən Cavabdeh İddiaçı 8941 manat almışam” yazısı əks olunmuş və imza çəkilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bərdə rayon Vəkil Bürosunun bank hesabına 320 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, “mən İddiaçı bu qəbzi verirəm ondan ötrü ki, Cavabdeh həyat yoldaşı eyni zamanda nümayəndəsi X3 tərəfindən 1200 manat nəğd şəkildə ödənilmişdir” göstərilmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi X3 izahat verərək middiaçı tərəfindən təqdim edilmiş qəbzdə olan xəttin cavabdehə məxsus olduğunu, lakin imzanın ona məxsus olmadığını bildirmişdir. Qeyd edilən faktın müəyyən edilməsi məqsədilə cavabdeh imza və xətt nümunələrinin götürülməsi məqsədilə məhkəmə iclasına xx.xx.2025—ci il tarixli məktubla məhkəmə iclasına dəvət edilmiş, lakin cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 90 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, tərəflərin izahatlarını dinləyib, müəyyən etmişdir ki, İddiaçı məxsus 6954 manat pul Cavabdeh borca verilmişdir. Cavabdeh iddiaçıya 8941 manat pulu qaytarmağı öhdəsinə götürüb, bununla bağlı tərəfindən yazılı qəbz tərtib olunub, imzalanmışdır. Cavabdehin nümayəndəsi X2 cavabdehin 6500 manat borcun iddiaçıdan götürdüyünü təsdiq edir. Cavabdehin nümayəndəsi tərəfindən yaranmış borc məbləğindən 1200 manat iddiaçıya ödənilib, bu, tərəflərin ifadələri və məhkəməyə təqdim olunmuş qəbz ilə təsdiq edilmişdir. Odur ki, İddiaçı qalan 7740 manat borc məbləğini Cavabdeh tələb etməyə haqlıdır, həmin məbləğ cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 90 manat dövlət rüsumunun və 320 manat vəkilin göstərdiyi yardıma görə xərclərin əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 7741 (yeddi min yeddi yüz qırx bir) manat borc məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun, 320 (üç yüz iyirmi) manat vəkilə ödənilmiş haqqın əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-828/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-828/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver