Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-837/2025 23.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (arvadı) X5 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə tikmiş olduqları fərdi yaşayış evinin yarı dəyəri olan 10.000 manat pulun verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə tikmiş olduqları fərdi yaşayış evinin yarı dəyəri olan 10.000 manat pulun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Bərdə şəhər Aslan Vəzirov küçəsində birgə nikah dövründə tikmiş olduqları fərdi yaşayış evinin yarı dəyəri olan 10.000 manat pulun və ödənilmiş 120 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 16 noyabr 2011-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdir. Birgə nikah dövründə 01 iyul 2013-cü il təvəllüdlü X9 və 22 mart 2015-ci il təvəllüdlü X15 adlı iki övladları anadan olmuşdur. Əvvələr mehriban yaşasalar da, son vaxtlarda ailə munasibətləri tamamilə pozulmuşdur. Rəsmi olaraq 26 yanvar 2021-ci il tarixdə aralarında bağlanmış nikah pozulmuşdur. Belə ki, Cavabdeh ilə rəsmi olaraq ailəli olduqları zaman birgə nikahda yaşayarkən qardaşı onlara öz həyətindən 0.02 ha torpaq vermişdir, onlar da ünvan 1 ünvanında 0.02 ha torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Nikahı pozulan günə qədər həmin evdə yaşayıblar. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Bərdə Ərazi İdarəsinin verdiyi **********35-10301 reyestr nömrəli Texniki Pasporta əsasən, qardaşı öz həyətindən ona verdiyi 0.02 ha torpaq üçün çıxarış almışdır. Hal-hazırda cavabdeh onların birlikdə tikmiş olduqları evdə yaşayır. Birgə nikah dövründə tikmiş olduqları evin dəyərinin bölünərək yarı dəyərinin ona verməsi ilə bağlı cavabdehə müraciət edərək bu barədə danışıb, öz aralarında razılığa gəlməyi bildirsə də, heç bir nəticəsi olmamışdır. Daha da əskinə cavadeh onu təhqir edərək verməkdən imtina edir. Halbuki qeyd etdiyi evi onlar birgə tikiblər. Buna görə məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. “X8” MMC tərəfindən xx.xx.2024-cü il tarixli “Bərdə şəhər Aslan Vəzirov küçəsində 0.02 ha torpaq sahəsi ilə birlikdə, fərdi yaşayış evinin qiymətləndirilməsinə dair” mütəxəssis rəyinə əsasən birgə nikah dövründə tikdikləri evin 2024-cü ilin bazar dəyərinə əsasən qiyməti 20.000 manat qiymətləndirilmişdir. Bunun üçün Bərdə şəhəri, Aslan Vəzirov küçəsində birgə nikah dövründə tikmiş olduqları fərdi yaşayış evinin yarı dəyəri olan 10.000 manat pulun cavabdehdən alınaraq ona verilməsini istəyir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X10 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək, evin onun tərəfindən öz qızı üçün tikildiyini, evin tikilməsi üçün bütün xərclərin özü tərəfindən çəkildiyini qeyd edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. 17 mart 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən maraqlı şəxs X6 bildirdi ki, İddiaçı onun qardaşıdır, valideyinlərinin vəfatından sonra torpaq sahəsi onun mülkiyyətinə keçmişdir, öz torpağından qardaşına ev tikmək üçün torpaq vermişdir, qardaşı həmin torpaqda ev tikmişdir, torpağın digər tərəfində də onun evi var. Qardaşı və ailəsi ayrılmışlar, onlar ayrılandan sonra qardaşının tikdiyi evdə arvadı və uşaqları yaşayır. 17 mart 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid ifadəsində göstərdi ki, Təhməzov Qalibi tanıyır, belə ki, Qalib ondan daş, qum, çınqıl istəmişdir, o, da onun xahişinə görə Qalibin tikdirdiyi evə daş, çınqıl və qum aparmışdır. Daş apararkən həmin həyətdə Qabildən başqa heç kimi görməmiş, gecə getdiyi üçün isə dəqiq ünvan yadında qalmamışdır. İş materiallarına istinad: Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməri 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 26 mart 2021-ci il tarixli 5360 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 4-də yerləşən fərdi yaşayış evi X3 adına **********35-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Bərdə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli, MŞB/MT039/2024-00330 reyestr nömrəli mediasiya barədə arayışdan görünür ki, tərəflər arasında razılaşma əldə edilməmişdir. Mülki işə əlavə edilmiş “X8” MMC tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bərdə şəhəri Aslan Vəzirov küçəsində yerləşən fərdi yaşayış evi 20.000 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 avqust 2024-cü il tarixli 3094 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri A.Vəzirov küçəsi ev 38-də yaşayır. Mülki işə əlavə edilmiş Tovuz Regional “ASAN-Xidmət” X11 tərəfindən verilmiş AZ- İİ521970 nömrəli, 02 avqust 2022-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında 02 avqust 2022-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması akt qeydləri kitabında 02 avqust 2022-ci il tarixdə 819 nömrə ilə qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon Bələdiyyəsinin 16 may 2023-cü il tarixli 11 saylı iclas protokolundan çıxarışdan görünür ki, Bərdə şəhəri A.Vəzirov küçəsində 114 kv. metr torpaq sahəsinin həyətyanı torpaq sahəsi məqsədi ilə satılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bərdə rayonu Bərdə Bələdiyyəsinə ünvanlanmış 24 iyul 2024-cü il tarixli, 3-21-3/2-12354/2024 nömrəli Bərdə şəhəri A.Vəzirov küçəsində yerləşən 0,0114 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyyətə bilavasitə ayrılmasına dair rəydən görünür ki, Cavabdeh mülkiyyətinə bilavasitə ayrılmasına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti etiraz etməmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2(021)-1736/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X3 Cavabdeh qarşı cavabdehin əmlakları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddia tələbi təmin edilməmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2(021)-2509/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X3 Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair iddia tələbi təmin edilməmişdir. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 510/E nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən bir mərtəbəli, bir otaqlı fərdi yaşayış evinin real bazar qiyməti 16796 (on altı min yeddi yüz doxsan altı) manat və likvid qiyməti 14277( on dörd min iki yüz yetmiş yeddi) manat təşkil edir. Mülki işə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanı AZ0902 ünvan 6şən 0,0114 ha həyətyanı torpaq sahəsi və 19,9 kv. metr daşınmaz əmlak tam mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat, **********69-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.1-ci maddəsinə əsasən Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Prosessual Məcəllə: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, tərəflərin izahatlarını dinləyib müəyyən etmişdir ki, İddiaçı birgə nikah dövründə tikilmiş özbaşına tikilinin dəyərinin yarısını (10000 manat pulun) Cavabdeh alınaraq ona verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Bu baxımdan, iddianın predmeti özbaşına tikili olsaydı, ona fiziki obyekt kimi — ərarvadın əməyinin və çəkdikləri xərclərin nəticəsini əks etdirən maddi dəyər qismində — yanaşılaraq, qiymətləndirmənin nəticələrinə uyğun olaraq iddianın təmin edilməsi mümkün olardı. Lakin məhkəmə prosesi zamanı cavabdeh tərəf məhkəməyə həmin tikiliyə Cavabdeh mülkiyyət hüququnun qeydiyyata alınmasını təsdiq edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ı təqdim etmişdir. Göründüyü kimi, məhkəmə prosesinin gedişində cavabdeh tərəfindən özbaşına tikiliyə lazımi qaydada sənədləşmə işləri aparılmaqla mülkiyyət hüququ əldə edilmişdir. İddianın predmetini təşkil edən daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Sözgedən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, əmlakın hüquqi rejiminin dəyişməsi iddia tələbi ilə uyğunsuzluq təşkil etmişdir. Belə ki, ərarvad arasında əmlakın bölünməsi qeyd olunan ümumiliyə xitam verilməsi məqsədilə ərin və ya arvadın tələbi əsasında onların əmlaka münasibətdə ortaqlıqdan çıxarılması və fərdi mülkiyyətçi vəziyyətinə keçirilmələridir. Bu, ümumi əmlak üzərində ər-arvadın payını müəyyən etməklə, əmlakın aktivinə və passivinə daxil olan konkret predmetləri (əmlak dəyərlərini) onlar arasında pay nisbətlərinə uyğun bölüşdürülərək, hər birinin ayrıca mülkiyyətinə verilməsi ilə təmin olunur. İddiaçı isə məhkəməyə iddia tələbinin dəqiqləşdirilərək payların müəyyən edilməsi, həmin payların bölüşdürülməsi barədə ərizə təqdim etməmişdir. İddia tələbi üzrə bölüşdürülməli vəsait özbaşına tikili ilə bağlı olub. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin tələblərini, mülki prosesdə çəkişmə prinsipi rəhbər tutaraq, yalnız verilmiş iddia tələbi çərçivəsində işə baxaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Bu, iddiaçını fərqli predmet üzrə, yəni ər-ərvadın ümumi paylı mülkiyyətin bölünməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh etiraz ərizəsində iddia müddətinin keçməsinə istinad etsə də, hazırkı işdə iddia müddətinin keçməsi halı baş tutmayıb. Belə ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Lakin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli Qərarı və Ali Məhkəmənin Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarında qeyd olunduğu kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Ali Məhkəmənin Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 9.5ci bəndinə əsasən, ər-arvadın əmlak bölgüsünə dair mübahisələrə baxarkən məhkəmələr nəzərə almalıdır ki belə mübahisələr üzrə hər bir halda nikahın pozulması ilə iddia müddətinin axımı başlanmır. Məsələn, nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı gündən hesablanmalıdır. Bu səbəbdən məhkəmə cavabdehin iddia müddətini nikahın pozulması anından hesablaması mövqeyini doğru hesab etmir. Özbaşına tikiliyə münasibətdə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən yalnız tikilinin faktiki əldə olunmasına münasibətdə ümumi vəsaitin əmlakdakı payına mütənasib vəsaitin bölgüsü nəzərdə tutulduğu halda mülkiyyət hüququ üzrə əmlaka münasibətdə qanunvericilik həmin əmlak üzərində payları müəyyən edir. Həmin payın naturada bölgüsü mümkün olmadıqda əmlakın açıq hərracda satılaraq bölünməsi proseduru nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçının hüquqlarının müdafiəsi, eyni zamanda iddia tələbinə düzgün hüquqi qiymətin verilməsi məqsədilə, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 120 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə mütəxəssisə xidmət haqqı 300 manat iddiaçıdan alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə tikmiş olduqları fərdi yaşayış evinin yarı dəyəri olan 10.000 manat pulun verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə mütəxəssis xidmət haqqı olan 300 (üç yüz) manat pul İddiaçı alınaraq "xxxx" MMC-nin Kapital Bank, AZ84AlİB******************** nömrəli bank hesabına ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-837/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-837/2025
23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver