Məhkəmə qərarları › İş №2(021)-851/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-851/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-851/2022 28.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 025R********** saylı kredit razılaşması üzrə 4784.7 manat məbləğində kredit borcu, 914.44 manat məbləğində faiz borcu və 1799.06 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7498.20 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 94.98 manat məbləğində dövlət rüsumunun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 09 oktyabr 2019-cu il tarixli 025L**********05 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200.000 (iki yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 09 oktyabr 2019-cu il tarixli 025R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə gecikdirmiş, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11 yanvar 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 5215.3 manat ödəmiş, onun 4784.7 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 24 yanvar 2022-ci il tarixə 376 gün üçün hesablanmış faiz borcu 914.44 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 376 gün üçün hesablanmış cərimə 1799 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Vüsqar oğlu zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Aidə Osmanlı məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 025L**********05 saylı, 09 oktyabr 2019-cu il tarixli kredit xətti müqaviləsindən müəyyən olunur ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 200000 manat məbləğində kredit xəttini açır. Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilir. Kredit alan hər bir kredit üzrə əsas kredit məbləğıni, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan 09 oktyabr 2019-cu il tarixli 025R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Kredit alan bu kredit razılaşmasının hissəsi olan ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan 09 oktyabr 2019-cu il tarixli nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin, bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 025R********** saylı kredit razılaşması üzrə 4784.7 manat məbləğində kredit borcu, 914.44 manat məbləğində faiz borcu və 1799.06 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7498.20 manat məbləğində borcu yaranmışdır. İş materiallarında 17 yanvar 2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh1 banka olan bütün borcunu 27 yanvar 2022-ci il tarixədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında 17 yanvar 2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh2 banka olan bütün borcunu 27 yanvar 2022-ci il tarixədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı QSC məhkəmədə iddia qaldırmaq üçün 94.98 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iddia tələbinin 1799,06 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Məhkəmə əsas borcu və ona hesablanmış faizləri cavabdehlərdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsi üçün cavabdehlərin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehlərdən iddiaçının xeyrinə 170 manat cərimə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 025R**********saylı kredit razılaşması 4784.7 manat məbləğində kredit borcu, 914.44 manat məbləğində faiz borcu və 170 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5869.14 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 94.98 manat dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə müvafiq olaraq, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 025R********** saylı kredit razılaşması üzrə 4784.7 manat məbləğində kredit borcu, 914.44 manat məbləğində faiz borcu və 170 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5869.14 (beş min səkkiz yüz altmış doqquz manat on dörd qəpik) manat məbləğində borcun və ödənilmiş 94.98 (doxsan dörd manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar