Məhkəmə qərarları › İş №2(021)-90/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-90/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-90/2022 19.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı X3 nümayəndəsi X5, Cavabdeh1 nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 025R********** saylı kredit müqaviləsi üzrə 2065,72 manat məbləğində kredit borcu, 1338,3 manat məbləğində faiz borcu və 1269,06 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4673,08 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.01.2015-ci il tarixli 025L**********75 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.01.2015-ci il tarixli 025R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 04.09.2015-ci il tarixli 025R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.03.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3934,28 manat ödəmiş, onun 2065,72 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 08.10.2020-ci il tarixə 587 gün üçün hesablanmış faiz borcu 1338,3 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 08.10.2020-ci il tarixə 587 gün üçün hesablanmış cərimə 1269,06 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bərdə Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qərardadına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/7396 saylı 26 yanvar 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş kredit tarixi, kredit müqaviləsi, və s.) 29 yanvar 2015-ci il tarixli, 025R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən; 06.08.2018-ci il tarixə (sualda qeyd olunan tarixə) əsas borc 2626,25 manat, faiz borcu 11,82 manat, 08.10.2020-ci il tarixə (maliyyə arayışının tarixi) əsas borc 2052,60 manat, faiz borcu 167,06 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) X4 iddianı qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh 2015-ci ildə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 6000 manat məbləğində kredit götürmüşdür. Kredit borcunun bir hissəsini ödəsə də sonradan maddi vəziyyəti ilə əlaqədar olaraq kredit borcunu ödəyə bilməmişdir. İddia ərizəsində faiz və cərimə borcu şişirdilərək göstərilmişdir. İddianın əsas borcun tutulmasına dair hissədə təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli 025L**********75 nömrəli uzunmüddətli kredit müqaviləsindən müəyyən olunur ki, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «Kredit» adlandırılacaq) Kredit Alana 100000.00 (bir yüz min) ABŞ Dolları məbləğində uzunmüddətli kredit xəttini (bundan sonra «Uzunmüddətli KreditXətti» adlandırılacaq) açır. Uzunmüddətli Kredit Xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. -Kreditlər tərəflər arasında «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanacaq ayrıca Razılaşmalar (bundan sonra «Kredit Razılaşmaları») əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir. -Bu müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay, 29 yanvar 2025-ci il tarixdən gec olmayaraq verilməlidir. -Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir. -Bu müqavilə əsasında verilən bütün kreditlərin toplam məbləği bu müqavilənin 1.1 bəndində göstərilən Uzunmüddətli Kredit Müqaviləsini bir və ya bir neçə dəfə aşa bilər, amma bu Müqavilə üzrə kreditlərin istənilən ana olan ümumi məbləği heç bir halda bu müqavilənin 1.1 bəndində göstərilən Uzunmüddətli Kredit Xəttini aşa bilməz. -Kredit Alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq Kredit Razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan Ödəniş Planına uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. -Hər bir halda bu Uzunmüddətli Kredit Xətti Bankın məqbul hesab etdiyi və bu müqavilə əsasında verilmiş bütün Kreditlərin qaytarılmalı məbləğinin 100% dən aşağı olmayan girovlarla təmin edilməlidir. -Bankın verdiyi kreditlərdən yalnız müvafiq Kredit Razılaşmasında göstərilmiş məqsəd üçün istifadə etməyi və ətraf mühitlə bağlı Bankın istisna etdiyi fəaliyyət növləri üçün istifadə etməməyi Kredit Alan öz öhdəsinə götütrür. İş materiallarında olan 29 yanvar 2015-ci il tarixli 025R********** saylı kredit razılaşmasından müəyyən olunur ki, Bank məbləği 6000.00 (altı min) manat olan krediti (bundan sonra «Kredit» adlandırılacaq) aylıq faiz dərəcəsi 2.25 % olmaqla 24(iyirmi dörd) ay müddətinə Kredit Alana verir. -Kredit Alan bu Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. -Kredit Alana kredit fərdi mikro kredit məqsəd üçün verilir və Kredit Alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir. İş materiallarında olan 29 yanvar 2015-ci il tarixli 025S**********03 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli 025R********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 29 yanvar 2015-ci il tarixli 025S**********04 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh3 borclu Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli 025R********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 24.11.2020-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 025R********** saylı 29.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 08.10.2020-ci il tarixə 2065,72 manat məbləğində əsas kredit borcu, 1338,3 manat məbləğində faiz borcu, 1269,06 manat məbləğində cərimə borcu, cəmi 4673,08 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqların surətlərindən müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 18.10.2020-ci il tarixinədək hesablanmış məbləği banka qaytarmasalar banka borclu olduqları məbləğin, həmçinin hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda təkcə banaka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı xərcləri ödəyəcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan 27.11.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı QSC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 25R********** saylı kredit razılaşması üzrə 2065,72 manat məbləğində əsas kredit borcu, 1338,3 manat məbləğində faiz borcu və 1269,06 manat məbləğində cərimə borcu, cəmi 4673,08 manat məbləğində borcun tutulmasını xahiş etsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 yanvar 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, 29 yanvar 2015-ci il tarixli 025R********** nömrəli kredit razılaşması üzrə cavabdehlərin 2626,25 manat məbləğində əsas, 11,82 manat məbləğində faiz borcu vardır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulmasına dair hissədə iddia ərizəsinə uyğun qaydada, faiz borcu tələbinə dair hissədə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 yanvar 2022-ci il tarixli rəyinə uyğun qaydada təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 29 yanvar 2015-ci il tarixli kredit razılaşması üzrə 2065,72 manat məbləğində əsas kredit borcu, 11,82 manat məbləğində faiz borcu, 1269,06 manat məbləğində cərimə borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 29 yanvar 2015-ci il tarixli kredit razılaşması üzrə 2065,72 manat məbləğində əsas kredit borcunu, 11,82 manat məbləğində faiz borcunu, 1269,06 manat məbləğində cərimə borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zaminlər Cavabdeh2 və Cavabdeh3 kreditor İddiaçı QSC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, hər iki müqavilə üzrə tələb edilən cərimə pulunun miqdarı yaranmış əsas borc 2065,72 manat məbləğinə mütənasib olmadığından 1269,06 manat məbləğində cərimə pulunun 19,06 manat məbləğinə azaldılması məqsədəuyğundur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 29 yanvar 2015-ci il tarixli kredit razılaşması üzrə 2065,72 manat məbləğində əsas kredit borcu, 11,82 manat məbləğində faiz borcu və 1269,06 manat məbləğində cərimə borcu yaranması sübuta yetirildiyindən iddia tələbi 2065,72 manat məbləğində əsas kredit borcu, 11,82 manat məbləğində faiz borcu və 19,06 manat məbləğində cərimə borcunun tutulmasına dair hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 26 yanvar 2022-ci il tarixli 9/7396 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2065,72 (iki min altmış beş manat yetmiş iki qəpik) manat məbləğində kredit borcu, 11,82 (on bir manat səksən iki qəpik) manat məbləğində faiz borcu və 19,06 (on doqquz manat altı qəpik) manat məbləğində cərimə borcu, cəmi 2096,6 (iki min doxsan altı manat altmış qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar