Məhkəmə qərarları › İş №2(021)-917/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-917/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-917/2022 04.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2400 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onun qohumudur. Ona pul lazım olduğundan bir miqdar pul isdəmişdir. O da cavabdehə 2400 manat borc pul vermişdir. Cavabdeh müqavilə bağlandığı gündən etibarən 6 ay ərzində geri qaytaracağını bildirmiş, lakin cavabdeh bu günə kimi ona olan borcunu müxtəlif bəhanələr gətirərək hələ də qaytarmaqdan boyun qaçırır. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək Cavabdeh onun xeyrinə müqavilə üzrə ödənilməli olan 2400 (iki min dörd yüz) manat məbləğində pulun və 4800 (dörd min səkkiz yüz) manat məbləğində mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək səhhətindəki problemləri və Bakı şəhərindən Bərdə rayonuna gəlmək imkanının olmadığını nəzərə alaraq, məhkəmə proseslərini onun iştirakı olmadan keçirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, qardaşı Mətləb Musayev 2007-ci ildə iddiaçıdan 800 manat məbləğində səlmə borc pul almış, həmin pulun bir hissəsini ödəsə də 2400 manat faizi ödəyə bilməmişdir. 2016-cı ildə qardaşı Mətləbin əvəzinə notariat kontoruna gedərək iddiaçıya 2400 manat borcunun olması barədə borc sənədi vermişdir. Müqaviləyə əsasən borcu 6 ay müddətində ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin müddət ərzində iki dəfəyə, əvvəlcə 2016-cı ilin iyun-iyul ayında 1200 manat və 2016-cı ilin sentyabr ayının ortalarında 1200 manat olmaqla, cəmi 2400 manat pulu tanışı X4 vasitəsilə iddiaçıya göndərmişdir. Bunu pulu göndərdiyi şahid İlqar Cəfərov da təsdiq edə bilər. İlqar Cəfərovun uşağı xəstə olmuş, sonuncunun uşağına tibb bacısı kimi iynə vurduğundan münasibətləri yaranmışdır. İlqar Cəfərov xəstə uşağını Bakı şəhərinə müalicəyə aparıb-gətirdiyindən pulu İlqar Cəfərov vasitəsilə iddiaçıya göndərmişdir. Onun iddiaçıya borcu qalmamışdır. Ancaq borc sənədini iddiaçıdan geri almamışdır. Bundan başqa həmin vaxtdan uzun müddət keçmiş, iddiaçı iddia müddətini ötürmüşdür. İddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və şahid ifadəsini dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərmişdir ki, himayəsində xəstə uşağı var. Cavabdeh tibb bacısı işlədiyindən uşağına iynə vurmuş, bu səbəbdən münasibətləri yaranmışdır. Təxminən 2016-cı ilin iyun-iyul aylarında uşağını Bakı şəhərinə xəstəxanaya apararkən Cavabdeh ona 1200 manat pul verərək Bakı şəhərində İddiaçı verməsini xahiş etmiş, özü də həmin pulu Bakı şəhərində “20 Yanvar” metrosu adlanan yerdə İddiaçı vermişdir. Bundan sonra 2016-cı ilin sentyabr ayının 22-də növbəti dəfə uşağını Bakı şəhərinə xəstəxanaya apararkən Cavabdeh yenə də ona 1200 manat pul verərək İddiaçı verməsini xahiş etmiş, özü də həmin pulu Bakı şəhərində “20 Yanvar” metrosu adlanan yerdə İddiaçı vermişdir. Həmin tarixdə uşağı xəstəxanada öldüyündən tarix dəqiq yadında qalmışdır. Məhkəmə iclasında şahid X3 İddiaçı şəxsiyyət vəsiqəsində, borcun etirafı müqaviləsində və məcburi köçkün vəsiqəsində olan şəklləri göstərilmiş, İlqar Cəfərov Cavabdeh tərəfindən ona verilmiş pulları şəkldə göstərilən şəxsə verdiyini bildirmişdir. İş materiallarında olan 27 aprel 2016-cı il tarixli borcun etirafı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh İddiaçı 2400 (iki min dörd yüz) manat məbləğində borcunun olduğunu etiraf edir. -Cavabdeh İddiaçı olan 2400 (iki min dörd yüz) manat məbləğində borcunu 27 oktyabr 2016-cı il tarixədək hissə-hissə və ya tam həcmdə ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. X5 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Cavabdeh məhkəməyə ərizə verərək İddiaçı ona qarşı pul tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından müəyyən edilir ki, iddia ərizəsi 08 fevral 2022-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Göstərilən Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, Cavabdeh 27 aprel 2016-cı ildə notariat kontoruna gedərək İddiaçı 2400 manat məbləğində borcunun olduğunu etiraf etmiş, borcunu 27 oktyabr 2016-cı ilədək tam və ya hissə-hissə ödəyəcəyinə söz vermişdir. İddiaçı məhkəmədə iddia qaldırdığı zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Cavabdeh məhkəməyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizə təqdim etdikdən sonra iddiaçı məhkəməyə ərizə göndərərək cavabdehin 2019-cu ilin may ayında və 2020-ci ilin yanvar ayında 2 dəfə olmaqla 50 manat ödəniş etdiyini, yəni ümumilikdə 100 manat yol maşını ilə tanımadığı adamlarla ona göndərdiyini, danışıqlarına əsasən cavabdehin pul məbləğini 2021-ci ilin yanvar ayında tam şəkildə ona ödəməli olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə verdiyi iddia ərizəsində cavabdehin ona borclu olduğu məbləğdən ödəniş etmədiyini bildirsə də cavabdehin məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərziədən sonra ərizə verərək cavabdehin ona 2019-cu ilin may ayında 50 manat, 2020-ci ilin yanvar ayında isə 50 manat, cəmi 100 manat ödədiyini bildirmişdir. Lakin həmin ödənişlə bağlı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsi ilə məhkəməyə göndərdiyi ərizə arasında ziddiyyət vardır və iddiaçı iddia müddətini ötürməsini pərdələmək məqsədilə belə bir ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya borclu olduğu 2400 manat məbləğində pulu 2016-cı ildə iki dəfəyə X4 vasitəsilə iddiaçıya qaytarmışdır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən iddia tələbi 2400 manat məbləğində pul tələbinə dair hissədə təmin edilə bilməz. İddiaçı 4800 manat mənəvi ziyan tələbi ilə bağlı mhkəmə qeyd edir ki, iddiaçı həmin tələblə bağlı məhkəməyə sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə də təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya cəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin deyil, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli və hüquqa zidd əməlləri nəticəsində iddiaçınya mənəvi zərərin dəyməsi iş materiallarında sübuta yetirilmir. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qanunvericiliyi, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 8-ci bəndinə əsasən izah olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materiallarından müəyyən edilir ki, iddiaçının 2400 manat məbləğində pul tələbinə dair iddiası təmin edilmədiyindən, iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını və zərər vuran şəxsin təqsirinin müəyyən edilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Təqdim edilmiş sənədlər isə konkret olaraq mənəvi zərərlə bağlı olması və hazırkı mülki işlə səbəbli əlaqə nəticəsində yaranmasını təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, hazırkı iddia 4800 manat mənəvi ziyan tələbinə dair hissədə də əsassız olduğundan təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ƏT ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar