Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-930/2022 13.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2400 manat və dövlət rüsumu hesabına ödənilmiş 44 manat pulun müştərək qaydada alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Mustafaağalı kəndində kiçik sahibkarlıqla məşğul olur. Ailəsini dolandırmaq üçün icarəyə götürdüyü binada mal-qara və quş yeminin satışı ilə məşğul olur. Obyekt sahibinə aylıq icarə haqqı və dövlətin digər vergilərini də ödəyir. Qida təhlükəsizliyi agetliyində və dövlət vergi xidmətinin qeydiyyatındadır. 2021-ci ilin fevral ayında Bərdə rayonu, Cumalar kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 onun obyektinə gələrək 2400 (iki min dörd yüz) manat dəyərində 7030 (yeddi min otuz) kiloqram çiyidi Toğrula məxsus QAZEL markalı yük maşınına yükləmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çiyidin pulunu tələb etmiş, ona bildirmişlər ki, “sabah mal bazarı günüdür, malımız var, satıb pulunu ödəyəcəyik”. Cavabdeh2 tanıdığından inanıb razılaşmışdır. Ancaq Cavabdeh1 və Cavabdeh2 sözünə əməl etməmiş, həmin vaxtdan xeyli keçməsinə baxmayaraq 2400 manat borcundan bir manat belə ödəməmişlər. Yəni 2400 manat pulunu bu günə qədər verməmişlər. Onların telefonuna dəfələrlə zəng etmiş, pulu gətirib verəcəklərinə söz versələr də son günlərdə onun zənglərinə cavab verməmişlər. Hətta evlərinə gedib pulunu tələb etsə də bir-birinin üstünə atmışlar. Bununla bağlı Bərdə rayon Polis şöbəsinə müraciət etmiş, araşdırmalar aparılmış, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2400 manat və dövlət rüsumu hesabına ödənilmiş 44 manat pulun müştərək qaydada alınaraq onun xeyrinə verilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, 2021-ci ilin fevral ayında həmkəndlisi Cavabdeh2 pambıq zavoddan 0,34 manata çiyid almaq istədiyini bildirmiş, sonuncu ona bildirmişdir ki, X2 adlı tanışı var, yem məhsullarının satışı ilə məşğul olur. Cavabdeh2 iddiaçının çiyidi ucuz verdiyini, ondan çiyid götürməyi, pulunu özünün ödəyəcəyini demişdir. Sonuncu ilə bir yerdə özünə məxsus QAZEL markalı avtomobillə Bərdə rayonu Mustafaağalı kəndinə getmişlər. İddiaçıya məxsus yem mağazasına gedərək oradan 7 ton çiyid götürərək QAZEL markalı avtomobilinə yükləmişlər. Çiyidi gətirərək onun həyətinə tökmüşlər. Çiyidin dəyəri olan 2380 manat pulu Cavabdeh2lə aralarında olan razılaşmaya əsasən sonuncu ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, Cavabdeh2 ondan 5700 manat dəyərində nisyə mal-qara almış, həmin puldan 2380 manatını çiyidin puluna görə iddiaçıya ödəyəcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh2 ondan aldığı heyvanları nisyə satmış, pulunu ala bilmədiyinə görə qaçıb gizlənir. İddiaçının işlətdiyi mağazadan çiyidi Cavabdeh2lə bir yerdə götürmüşlər. İddiaçıya deməmişlər ki, çiyidin pulunu Cavabdeh2 ödəyəcək. İddiaçıdan 2380 manat dəyərində çiyid götürdüklərindən iddianın həmin hissədə təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, 2021-ci ilin fevral ayında həmkəndlisi Cavabdeh1 çiyid lazım olduğundan sonuncunu tanışı X1 Bərdə rayonu Mustafaağalı kəndində yerləşən mağazasına aparmışdır. İddiaçıya məxsus yem mağazasına gedərək oradan 7 ton çiyid götürərək Cavabdeh1 məxsus QAZEL markalı avtomobilə yükləmişlər və çiyidi gətirərək sonuncunun həyətinə tökmüşlər. Cavabdeh1 nisyə mal-qara aldığından sonuncuya 5700 manat borcu olmuş, bu səbəbdən Toğrul Zeynallıya çiyidin pulunu borcundan ödəyəcəyini bildirmişdir. Lakin bu barədə iddiaçıya heç bir söz deməmiş, sonuncu çiyidi Cavabdeh1 ilə bir yedə götürdüklərini və pulunu 10 günə verəcəklərini bilmişdir. Cavabdeh1 aldığı heyvanları Bakı şəhərindən olan alıcılara nisyə satmış, lakin həmin şəxslər onun pulunu verməmişlər. Həmin səbəbdən də götürdükləri çiyidin pulunu verə bilməmişdir. İddiçıya 2380 manat borclarının olduğunu qeyd edərək iddianın həmin qaydada təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 Bərdə rayon Polis şöbəsinə verdiyi 21 oktyabr 2021-ci il tarixli izahatının surətindən müəyyən olunur ki, 2021-ci ilin fevral ayında həmkəndlisi Cavabdeh1 çiyid lazım olduğu üçün tanışı Zeynalın yanına aparmışdır. Toğrula məxsus QAZEL markalı maşınla Zeynalın yanına getmişlər. Oradan 7 ton miqdarında 2380 manat dəyərində çiyid məhsulunu nisyə götürmüşlər. Onun Cavabdeh1 aralarında olan iri buynuzlu mal alveri ilə bağlı 5700 manat borcu olmuşdur. Zeynaldan götürülən çiyidin 2380 manat pulunu özü tərəfindən X3 ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 Bərdə rayon Polis şöbəsinə verdiyi 21 oktyabr 2021-ci il tarixli izahatının surətindən müəyyən olunur ki, 2021-ci ilin fevral ayında həmkəndlisi Cavabdeh2 ona demişdir ki, “onun tanışı var, yem məhsulları satır, edərək ondan çiyid götürək, mən verəcəm pulunu”. Daha sonra İlqar ilə bir yerdə ona məxsus QAZEL markalı avtomobillə Bərdə rayonu Mustafaağalı kəndinə getmişlər. Oradan Zeynala məxsus yem satışı mağazasından 7 ton çiyid məhsulunu maşına yığmışlar və onun yaşadığı həyətə gətirib tökmüşlər. Həmin çiyidin maddi dəyəri olan 2380 manat pulu isə aralarında olan razılaşmaya görə İlqar tərəfindən Zeynala verilməli idi. Belə ki, bundan bir ay sonra məlum olmuşdur ki, İlqar onları aldadıb Zeynala çatası pulu verməmiş, özü isə qaçıb gizlənmişdir. Məhkəmə iclasında müəyyən etilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2021-ci ilin fevral ayında iddiaçıdan 2380 manat dəyətində çiyid məhsulunu nisyə almışlar. Cavabdehlər borclarını 10 gün müddətində qaytaracaqlarına söz versələr də qaytarmamışlar. İddiaçı iddia ərizəsində cavabdehlərdən 2400 manat pul tələb etsə də məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıdan 2380 manat dəyərində çiyid məhsulu götürmüşlər. Bundan başqa cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında iddiaçıdan çiyidi götürərkən öz aralarında çiyidin pulunun Cavabdeh2 tərəfindən ödənilməsi barədə razılaşdıqlarını, lakin iddiaçının bundan məlumatının olmadığını bildirmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, hər iki cavabdeh birlikdə iddiaçının işlətdiyi mağazaya gedərək oradan birlikdə 2380 manat dəyərində çiyid məhsulu götürdüklərindən iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2380 manat məbləğində pulu İddiaçı qaytarmamaları sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıdan 2380 manat dəyərində çiyid məhsulunu nisyə almış, pulunu ödəyəcəklərinə söz versələr də ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Bu Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Bu Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə görə ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Bu Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2380 manat məbləğində pulu İddiaçı ödəmələrini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdehlər həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2380 manat məbləğində pulu iddiaçıya ödəmələrini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdehlər həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq 44 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2380 (iki min üç yüz səksən) manat məbləğində pul və 44 (qırx dörd) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-930/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-930/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver