Məhkəmə qərarları › İş №2(021)-95/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-95/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-95/2023 25.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Rafiq oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı X1 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia qaldıraraq, cəmi 26321.90 (iyirmi altı min üç yüz iyirmi bir manat 90 qəpik) manat məbləğində kredit borcunun - bundan 13195.74 (on üç min bir yüz doxsan beş manat 74 qəpik) manat ǝsas, 11237.60 (on bir min iki yüz otuz yeddi manat 60 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1888.56 (bir min səkkiz yüz səksən səkkiz manat 56 qəpik) manat faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti Bərdə rayon Mustafaağalı kəndində 0,20 ha torpaq sahəsi ünvanında yerləşən ümumi sahəsi 114/kv m, yaşayış sahəsi 76/kv m, yardımçı sahəsi 38 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, X1 "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "DekaBank” Açıq Səhmdar Cəmiyyətinin "Bərdə" filialı ilə Cavabdeh arasında bağlanmış 156/06 nömrəli 07 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən mənzilin təmiri məqsədi ilə cavabdehǝ 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə (kreditin qaytarılma müddətləri pozulduğu hallarda illik 50% dərəcəsi ilə) 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan Bərdə rayon Mustafaağalı kəndində yerləşən 0,20 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 114/kv m, yaşayış sahəsi 76/kv m, yardımçı sahəsi 38 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin ipotekaya qoyulması məqsədilə 07 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 2 ci bəndinə əsasən kreditin təminatı kimi Bərdə rayon Mustafaağalı kəndində yerlason 0,20 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 114/kv m, yaşayış sahəsi 76/k olan 3 otaqlı fərdi yaşayış evi çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********188 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 04 iyun 2021-ci il tarixə kredit üzrə borcu Cəmi 26321.90 (iyirmi altı min üç yüz iyirmi bir manat 90 qəpik) manat təşkil edir. Bundan 13195.74 (on üç min bir yüz doxsan beş manat 74 qəpik) manat əsas borc, 11237.60 (on bir min iki yüz otuz yeddi manat 60 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1888.56 (bir min səkkiz yüz səksən səkkiz manat 56 qəpik) manat faiz borcu təşkil edir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı X1 "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, №156/06 saylı Kredit Müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 25% olmaqla 15000 manat məbəğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli İpoteka Müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixli, №156/06 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 25% olmaqla 15000 manat məbləğində verilmiş kreditin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bərdə rayon Mustafaağalı kəndində 0.20 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 114 kv.m , yaşayış sahəsi 76 kv.m, yardımçı sahəsi 38 kv.m olan 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 15000 (on beş min) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, №156/06 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixə kimi 13195, 74 manat əsas borc, 11237,60 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1888.56 manat olmaqla, ümumilikdə 26321.90 manat borcu vardır. Mülki işə əlavə edilmiş RX seriyalı, №0565637 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Mustafaağalı kəndində 0.20 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 113.4 kv.m, yaşayış sahəsi 76 kv.m, yardımçı sahəsi 38 kv.m olan 3 otaqlı, 1 mərtəbəli həyətyanı tikilisi 99.5 kv.m olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə rayon Mustafaağalı kəndində 0.20 ha torpaq sahəsində fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə birlikdə "xxxx" ASC- nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti (xx.xx.2015-ci il, 36 ay) Mülki işə əlavə edilmiş Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş Ərizədən görünür ki, X1 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bərdə rayon Mustafaağalı kəndində 0.20 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 114 kv.m , yaşayış sahəsi 76 kv.m, yardımçı sahəsi 38 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş 02-199/22 saylı xx.xx.2023-cü il tarixli Ekspert Rəyindən görünür ki, Seriya RX ******* qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan, Bərdə rayonu, Mustafaağalı kəndində 0.20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 114 kv.metr ümumi sahəsi, 76 kv.metr yaşayış sahəsi, 38 kv.metr yardımçı sahəsi olan fərdi yaşayış evinin (tərkibi Liter B: 99,5 kv.metr olan 1 mərtəbəli təsərrüfat damı nəzərə alınmaqla) yerləşdiyi torpaq sahəsi ilə birlikdə 27 yanvar 2023-ci il tarixinə bazar dəyəri 34000 manat, likvid dəyəri 27000 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9\2890 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, №156/06 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə olan borcu əsas borc üzrə 13192.87 manat, faiz borcu üzrə 7127.22 manat olmaqla, cəmi 20320.09 manat, xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 13192.87 manat, faiz borcu üzrə 7127.22 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1962.44 manat olmaqla, cəmi 22282.53 manat təşkil etdiyi göstərilmişdir. (aparılmış tədqiqatın dəyəri 145 manat) Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırıqlarıdan görünür ki, "xxxx" ASC məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixli, 150\06 saylı saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 25% olmaqla 15000 manat məbləğində kredit verilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarnı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqavilələri üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas borcunun tutulması hissəsində ekspert rəylərini nəzərə alaraq iddia tələbləri həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas borc 13195.74 manat, faiz borcu 11237.60 maat olmuş, lakin ekspert rəyində əsas borc məbləğ 13192.87 manat, faiz borcu 7127.22 manat müəyyən olunmuşdur. Ekspert rəyi əsasında Cavabdeh banka olan kredit müqaviləsi üzrə əsas və faiz borc məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi əsas və faiz borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Ekspert rəyi əsasında Cavabdeh banka olan Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il qərarına əsasən hesablanan faiz borcunun məbləğinin tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılmadığından məhkəmə hesab edir ki, iddiaçının verdiyi tələb üzrə iddia tələbinin həmin kredit müqaviləsi üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il qərarına əsasən hesablanan faiz borc məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli İpoteka Müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixli, №156/06 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 25% olmaqla 15000 manat məbləğində verilmiş kreditin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bərdə rayon Mustafaağalı kəndində 0.20 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 114 kv.m , yaşayış sahəsi 76 kv.m, yardımçı sahəsi 38 kv.m olan 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 27000 (iyirmi yeddi min) manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli İpoteka Müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixli, №156/06 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 25% olmaqla 15000 manat məbləğində verilmiş kreditin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bərdə rayon Mustafaağalı kəndində 0.20 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 114 kv.m , yaşayış sahəsi 76 kv.m, yardımçı sahəsi 38 kv.m olan 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin Cavabdeh mülkiyyətində olan Bərdə rayon Mustafaağalı kəndində 0.20 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 114 kv.m , yaşayış sahəsi 76 kv.m, yardımçı sahəsi 38 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh mülkiyyətində olan Bərdə rayon Mustafaağalı kəndində 0.20 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 114 kv.m , yaşayış sahəsi 76 kv.m, yardımçı sahəsi 38 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün X1 "xxxx" ASC-yə ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Bərdə rayon Mustafaağalı kəndində 0.20 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 114 kv.m , yaşayış sahəsi 76 kv.m, yardımçı sahəsi 38 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın qiyməti 27000 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bərdə rayon Mustafaağalı kəndində 0.20 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 114 kv.m , yaşayış sahəsi 76 kv.m, yardımçı sahəsi 38 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 27000 manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunmuş vəsait kifayət etmədiyi təqdirdə qalan borcun ümumi qaydada tutulması tələbi təmin oluna bilməz. Çünki, həmin tələb iddia icraatı qaydasında yox, “İcra haqqında “qanuna əsasən tənzimləndiyindən icra zaman həll olunan məsələdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X1 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-cü il tarixli 150\06 saylı kredit müqaviləsi üzrə 13192.87 manat əsas, 7127.22 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il qərarına əsasən hesablanan 1888.56 faiz borcu olmaqla cəmi 22208.65 manat X1 "xxxx" ASC -nin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh mülkiyyətində olan Bərdə rayon Mustafaağalı kəndində 0.20 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 114 kv.m , yaşayış sahəsi 76 kv.m, yardımçı sahəsi 38 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 27000 manat müəyyən olunmalı, mənzil açıq hərracdan satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçisinə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum Cavabdeh LPO "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 40 manat məbləğində rüsum Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13192.87 manat əsas, 7127.22 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il qərarına əsasən hesablanan 1888.56 faiz borcu olmaqla, cəmi 22208.65 manat (iyirmi iki min iki yüz səkkiz manat altmış beş qəpik) manat alınaraq LPO "xxxx" ASC -yə ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan Bərdə rayon Mustafaağalı kəndində 0.20 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 114 kv.m , yaşayış sahəsi 76 kv.m, yardımçı sahəsi 38 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 27000 (iyirmi yeddi min ) manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. Qalan hissədə iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq LPO Dekabank» ASC yə ödənilsin. Məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 40 manat məbləğində rüsum Cavabdeh tutularaq iddiaçı LPO "xxxx" ASC –nin xeyrinə ödənilsin. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar