Məhkəmə qərarları › İş №2(021)-957/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-957/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-957/2021 09.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu iddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh X2 qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 13 iyul 2019-cu il və 16 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 03 ədəd “Samsung Galaxy A10 2018 DS (SM-A750)” markalı, bir ədəd “XİAOMİ Redmi 7” markalı mobil telefonlar və “X5” aksessuar almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun iddiaçıya 600 manat (əsas borc – 546 manat, cərimə - 54 manat) borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 13 iyul 2019-cu il və 16 sentyabr 2019-cu tarixli müqavilələrdən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə X3 arasında bağlanmış və müqaviləyə əsasən Seyidməmmədova Jalə Rasim qızı 03 ədəd “Samsung Galaxy A10 2018 DS (SM-A750)” markalı, bir ədəd “XİAOMİ Redmi 7” markalı mobil telefonlar və “X5” aksessuar almışdır. İş materiallarında olan 13 iyul 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, X3 6 ay ərzində ayda 98 manat ödəmək şərti ilə aldığı malın dəyərini 11 yanvar 2020-ci il tarixədək "xxxx" MMC-yə ödəməli idi. İş materiallarında olan 10 sentyabr 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, X3 12 ay ərzində ayda 32 manat ödəmək şərti ilə aldığı malın dəyərini 23 sentyabr 2020ci il tarixədək "xxxx" MMC-yə ödəməli idi. İş materiallarında olan 16 sentyabr 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, X3 9 ay ərzində ayda 41 manat ödəmək şərti ilə aldığı malın dəyərini 14 mart 2020-ci il tarixədək "xxxx" MMC-yə ödəməli idi. . İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, 25 yanvar 2021-ci il tarixə cavabdehin "xxxx" MMC-yə 546 manat əsas borc və 54 manat cərimə olmaqla, cəmi 600 manat borcu mövcuddur. İş materiallarında olan 20 fevral 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X1 546 manat əsas borc və 54 manat cərimə olmaqla, cəmi 600 manat borc tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh X1 546 manat əsas borc və 54 manat cərimə olmaqla, cəmi 600 (altı yüz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar