Məhkəmə qərarları › İş №2(021)-957/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-957/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-957/2024 16.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh1) və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh2) qarşı “Reqres qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və mərhum X3 hüquqi varisi Cavabdeh2 ümumilikdə 2067 (iki min altmış yeddi) manat məbləğində pulun alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və mərhum X6 ilə birlikdə 03 aprel 2014-cü il tarixdə "xxxx" BOKT MMC-dən hər birinə 1000 manat olmaqla, ümumilikdə 3000 manat kredit götürmüşlər. O, özünə aid olan kredit borcunu vaxtlı-vaxtında ödəmişdir. Digər borclular isə borcunu ödəməmişlər. Buna görə də bank məhkəmədə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli, 2(021)-2635/2015 saylı əmri ilə onlardan 2075 manat əsas kredit borcu, 178 manat isə faiz borcu və 123 manat cərimə borcunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehlər həmin məhkəmə əmri əsasında kredit borclarını ödəmədiyindən borc onun pensiya kartından hər ay 150 manat tutulur. Cavabdehlərdən onun kartından tutulan 1000 manat pulu və əlavə ödədiyi 520 manat borcu ala bilmir. Ümumilikdə, 2067 manat cavabdehlərin hesabına pul ödəməlidir. Ona görə də məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, götürdüyü 1000 manat krediti və onun faizini ödədikdən sonra onun pensiyasından iki dəfə 190 manat, bir dəfə isə 150 manat olmaqla, cəmi 530 manat tutulma olmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı ilə qrup halında "xxxx" MMC-dən kredit götürmüşlər. Onlara 3000 manat məbləğində kredit verilmişdir. Krediti iri buynuzlu heyvan almaq üçün götürmüşlər. Ödənişlərini vaxtlıvaxtında etmiş, kredit təşkilatından ona bildirmişlər ki, 1350 manat məbləğində kredit borcu qalmışdır, onu tam şəkildə ödəmək lazımdır. O da özünə məxsus olan heyvanlarını satıb kredit təşkilatına olan 1350 manat kredit borcunu tam ödəmişdir. X8 xəstələnərək rəhmətə getmiş və sonuncunun qalıq kredit borcunun kim tərəfindən ödənildiyindən məlumatı olmamışdır. İddiaçı onun yerinə kredit ödənişi etməmişdir. Krediti hansı müddətə götürdükləri yadında deyil. Onun öhdəsinə düşən bütün ödənişləri etmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzrlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı XX.XX.1956-cı ildə Bərdə rayonu Lək kəndində anadan olmuşdur, Bərdə rayonu Lək kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh1 xx.xx.1967-ci ildə Bərdə rayonu Lək kəndində anadan olmuşdur, Bərdə rayonu Lək kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli 1597 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Lək kəndində yaşayır. Bərdə Rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli, 2(021)-2635/2015 saylı məhkəmə əmrindən görünür ki, borclular -XX.XX.1956-cı il tarixdə Bərdə rayonu Lək kəndində anadan olmuş, həmin kənddə yaşayan İddiaçı, 17 avqust 1967-ci il tarixdə Bərdə rayonu Lək kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh1 və 10 yanvar 1972-ci il tarixdə Bərdə rayonu Lək kəndində anadan olmuş, həmin kənddə yaşayan X2 müştərək qaydada 2075 manat əsas kredit borcu, 178,70 manat faiz borcu, 123,10 manat cərimə borcu və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq Bakı şəhəri ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-nin hesabına keçirilməsinə əmr verilmişdir. "xxxx" MMC-nin 14 dekabr 2023-cü il tarixli GM 286 nömrəli məktubundan görünür ki, tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borclular İddiaçı, X5 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair 2(021)-2635/2015 saylı, xx.xx.2015-ci il tarixli Bərdə Rayon Məhkəməsinin icra vərəqəsi üzrə borcu hal-hazırda, xx.xx.2023-cü il tarixinə, kredit borcu 2067,85 manat və 20 manat məbləğində dövlət rüsumu təşkil edir. xx.xx.2015-ci il tarixli 37 nömrəli qəbzdən görünür ki, X6 tərəfindən "xxxx" MMC-nin hesabına 0402-006988-02 nömrəli xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən kredit ödənişi olaraq 522 manat məbləğində pul ödənilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.2016-cı ildə ölmüşdür. xx.xx.2023-cü il tarixli 2 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin Bərdə 04-02 filialına müştəriyə qalıq borc haqqında arayış verilməsi üçün 10 manat məbləğində pul ödəmişdir. 07 aprel 2023-cü il tarixli 67593/2015-43-6/1 nömrəli, 01 may 2023-cü il tarixli 67593/2015-43-6/1 nömrəli, 03 iyun 2023-cü il tarixli 67593/2015-43-6/1 nömrəli, 24 iyun 2023-cü il tarixli 67593/2015-43-6/1 nömrəli, 03 avqust 2023-cü il tarixli 67593/2015-43- 6/1 nömrəli, 02 sentyabr 2023-cü il tarixli 67593/2015-43-6/1 nömrəli, 05 oktyabr 2023-cü il tarixli 67593/2015-43-6/1 nömrəli, 03 noyabr 2023-cü il tarixli 67593/2015-43-6/1 nömrəli, 03 dekabr 2023-cü il tarixli 67593/2015-43-6/2 nömrəli, 08 yanvar 2024-cü il tarixli 67593/2015-43-6/1 nömrəli, 03 fevral 2024-cü il tarixli 67593/2015-43-6/1 nömrəli, 02 mart 2024-cü il tarixli 67593/2015-43-6/1 nömrəli İnkasso Sərəncamlarından görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına cəmi 1603,24 manat məbləğində ödəniş edilmişdir. 22 yanvar 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 42 (qırx iki) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, İddiaçı, Cavabdeh1 və X6 03 aprel 2014-cü ildə "xxxx" MMC-dən hər birinə 1000 manat olmaqla, cəmi 3000 manat məbləğində kredit götürmüşlər. X1 02 oktyabr 2016-cı il tarixdə ölmüşdür. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında götürdüyü 1000 manat məbləğində krediti, ona hesablanmış faizləri və əlavə olaraq pensiya kartından 530 manat məbləğində pul tutulduğunu bildirmişdir. İş materiallarında olan İnkasso Sərəncamlarından görünür ki, iddiaçı "xxxx" MMC-nə cəmi 1603,24 manat məbləğində pul ödəmişdir. İddiaçı cavabdehlərdən 2067 manat məbləğində pul tələb etsə də, cavabdehlərin əvəzinə qeyd olunan məbləğdə, ümumiyyətlə cəvabdehlərin yerinə "xxxx" MMC-nə pul ödəməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.3-cü maddəsinə əsasən, kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı 03 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin "xxxx" MMC-nə ödəməli olduqları kredit məbləğini onların əvəzinə ödəməsi barədə məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 65-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 42 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Reqres qaydasında pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar