Məhkəmə qərarları › İş №2(022)-1001/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1001/2024

16.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1001/2024 16.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 21 noyabr 2023-cü il tarixli 305076 nömrəli aktın ləğv edilməsi və 500 manat məbləğində cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsində, Biləsuvar rayonu, Xırmandalı kəndində öz mülkiyyətinə olan evdə yaşadığını, evinə qanunamüvafiq qaydada işıq xətti çəkildiyini və uzun illərdir ki, sayğac da quraşdırıldığını qeyd etmişdir. İddiaçı hər ay 20-30 manat aralığında X1 etdiyini və pulunu ödədiyini biidirmişdir. 21 noyabr 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları elektrik sayğacına baxaraq İddiaçı sayğacın yüksüz rejimdə sərfiyyat qeyd etdiyini və buna görə sayğacın dəyişdirilməli olduğunu bildirmiş, İddiaçı heç bir etiraz bildirməmiş və bunula bağlı 305076 saylı Akt tərtib olunmuşdur. İddiaçı sonradan həmin akta görə 500 manat cərimə olunduğu məlum olmuşdur. İddiaçı iddia ərizəsində, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı hansı qanunsuz hərəkətinə və hansı əsasa görə cərimə edildiyini və sayğaca kənar müdaxilə edilmişsə nə səbəbdən bu halların aktda göstərilmədiyini anlamadığını və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərtib etdiyi aktı və cəriməni qanunsuz hesab etdiyini bildirmişdir. İddiaçı əlavə olaraq, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cərimə olunduğu akt ilə bağlı ona heç bir sənəd verilmədiyini, dəfələrlə tələb edilsə də həmin sənədlərin verilməsindən imtina edildiyini bildirmiş və İddiaçı tərəfindən həmin sənədləri məhkəməyə təqdim edilməsi mümkün olmadığından, məhkəmə vasitəsi ilə həmin sənədlərin alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tədbiq edilmiş 21 noyabr 2023-cü il tarixli 305076 nömrəli aktın etibarsız hesab edilməsi və yazılmış 500 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini qəbul etmədiyini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələblərini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları A.Nuriyev, A.Kazımov və R.Abbaszadə tərəfindən tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli 305076 nömrəli aktın surətindən görünür ki, onlar abonent İddiaçı (abonent kodu **********00336) yaşadığı ünvanda istehlak edilən elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət olunmasının yoxlanılması məqsədilə sayğaca baxış keçirmişlər. Baxış saat 11:40-da icra olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, abonentin mənzilinə məxsus elektrik sayğacı yüksüz rejimdə sərfiyyat qeyd edir. Naqilin en kəsiyinin ölçüsü 2,5 millimetr kvadratı aliminium iki damarlı naqildir. Abonentə aid saldo məlumatlarından görünür ki, abonentdən Rİ seriyalı 305076 nömrəli akt əsasında hesablanmış 9 manat, 16 manat, 480,87 manat olmaqla, ümumilikdə 505,87 manat borcun ödənilməsi tələb olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”-nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir; 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır; 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır; 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin faktiki hallarından görünür ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən istehlakçıya (yəni iddiaçıya) məxsus olan sayğaca İddiaçı iştirakı ilə baxış keçirilmiş, tərtib edilmiş aktın bir nüsxəsi abonentə (barəsində akt tərtib edilmiş şəxsə) təqdim edilmiş, abonentin mənzilinə məxsus elektrik sayğacı yenisi ilə cavabdehin vəsaiti hesabına əvəz edilmişdir. Sayğac yenisi ilə əvəz olunarkən bazaya daxil edilməmiş 3999 kvt sərfiyyat aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ona məxsus olan mənzilə aid sayğacda aşkar edilmiş 3999 kvt sərfiyyat üzrə abonentdən Rİ seriyalı 305076 nömrəli akt əsasında hesablanmış 9 manat, 16 manat, 480,87 manat olmaqla, ümumilikdə 505,87 manat borcun ödənilməsi tələb olunmuşdur. Belə olduğu təqdirdə isə, iddiaçı sərf etdiyi enerji üzrə borc məbləğini cavabdehə ödəmək öhdəliyi daşıyır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”-nın 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməli, Biləsuvar rayonu, Xırmandalı yaşayan İddiaçı adına olan **********00336 saylı abunə koduna 21 noyabr 2023-cü il tarixli 305076 nömrəli akt əsasında hesablanmış 500 manat elektrik enerjisi borcu öhdəlik olaraq İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə icra edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki. hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar