Məhkəmə qərarları › İş №2(022)-1030/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1030/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1030/2023 23.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdulazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Borclu qarşı müqavilə üzrə yaranmış borcun və dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Borclu qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Borclu 1262 (bir min ikiı yüz altmış iki) manat 83 (səksən üç) qəpik pulun və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Borclu arasında imzalanmış 10 oktyabr 2016-cı il tarixli "Telekommunikasiya xidmətləri" müqaviləsinə əsasən "xxxx" MMC abunəçini mobil nömrə ilə təmin etməklə müvafiq telekommunikasiya xidmətləri göstərir, abunəçi isə (Cin, Klass və ya Gold abunəçisi olduğundan asılı olaraq) bu müqaviləyə və onun tərkib hissəsi olan əlavələrə uyğun olaraq göstərilən xidmətlərə görə müvafiq ödənişləri həyata keçirir. Müqavilənin 3.2.5-ci maddəsinə əsasən abunəçi müqavilənin şərtlərinə uyğun olaraq vaxtı-vaxtında telekommunikasiya xidmətlərinə dair ödənişləri həyata keçirməlidir.Bundan əlavə tərəflər arasında imzalanmış 10 oktyabr 2016cı il tarixli Telekommunikasiya xidmətləri müqaviləsinə 055 *** ** ** kombinasiyalı nömrə üçün müvafiq tarif plan paketli mobil telefon cihazının güzəştli şərtlər ilə hissə-hissə ödənişinə dair A Əlavəsinə əsasən "xxxx" MMC abunəçiyə "İphone 6s" markalı mobil telefon cihazı verməyi, abunəçi isə həmin cihazın pulunu 1 saylı cədvəldə müəyyən edilmiş tarif üzrə, aylıq müəyyən edilmiş məbləğdə ödəmək öhdəliyini öz üzərinə götürmüşlər. Əlavənin 1.2-ci bəndinə görə tarif plan paketli mobil telefon cihazına görə, hissə-hissə ödəniş yalnız balansa yüklənmiş məbləğ vasitəsilə mümkün olacaq və ödənişlər yüklənmiş məbləğdən çıxılacaqdır.Əlavənin 4-cü bəndinə görə isə mobil telefon cihazı şirkət tətəfindən abunəçi arasında bağlanmış əlavə və bu əlavədə müvafiq qaydada edilmiş mobil telefon cihazının təhvil-təslim qeydinə əsasən abunəçiyə təhvil verilir. "xxxx" MMC müqavilə və müqaviləyə əlavə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, borclu üzərinə düşən öhdəlikləri pozmuş, bü günkü günə kimi mobil telefon cihazının məbləğini ödəməmişdir. xx.xx.2017-ci il tarixinə Borclu "xxxx" MMC-yə 1262, 83 manat ( bir min ikiı yüz altmış iki manat səksən üç qəpik) ödənilməmiş borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin baş icraçı direktoru Klaus Müller mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Borclu məhkəmə iclasında iddia tələbini qəbul etməyərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək ondan, bağlanmış mqaviləyə əsasən cəmiyyətin rabitə xidmətlərindən, 55 *** ** ** saylı nömrədən və abunə müqaviləsinə əsasən güzəştli şərtlərlə ona satılmış “İpone 6s” markalı cihazdan istifadə olunmasına görə yaranmış 1262, 83 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd olunanlarla bağlı bildirir ki, onun "xxxx" MMC-nə heç bir abunə və yaxud nömrədən istifadəyə görə borcu olmamışdır. "xxxx" MMC-nin məhkəməyə müraciət etməsindən və məhkəmə əmrinin çıxarılmasından da məlumatı olmamış və ona görə də həmin əmrə dair qanunla müəyyən edilmiş qaydada və vaxtda etiraz verə bilməmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-318/2018 nömrəli 22 yanvar 2018-ci il tarixli əmrinin mövcud olmasından bu yaxınlarda məlumatı olmuş və dərhal Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək 13 iyul 2023-cü il tarixdə qeyd olunan əmrin sürətini almış və aldıqdan sonra hazırkı etirazla mıhkəməyə müraciət etmişdir. İş materiallarında olan 03 avqust 2023-cü il tarixli 2(022)-318/2018 saylı qərardadın surətindən görünür ki, Borclu məkəməyə ərizə ilə müraciət edərək, məhkəmə əmrinin ləğv edilərək iddia icraatına keçirilməsini xahiş etmişdir. Məhkəmənin 03 avqust 2023-cü il tarixli 2(022)-318/2018 saylı qərardadı ilə Biləsuvar rayon məhkəməsinin 22 yanvar 2018cii il tarixli 2(022)-318/2018 saylı məhkəmə ımri ləğv edilmişdir. Belə ki, iş materiallarında olan 10 oktyabr 2016-cı il tarixli "Telekommunikasiya xidmətləri" müqaviləsindən görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə cavabdeh Borclu arasında bağlanmış 10 oktyabr 2016-cı PC ******* saylı müqaviləyə əsasən cavabdeh cəmiyyətin rabitə xidmətlərindən istifadə məqsədi ilə ***-***-**-** nömrəsi verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 10 oktyabr 2016-cı PC ******* saylı müqaviləyə əsasən Borclu iddiaçıya abunə xidmətlərinə görə borcu 30 noyabr 2017ci il tarixə ödənilməmiş 1262, 83 manat ( bir min ikiı yüz altmış iki manat səksən üç qəpik) təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Borclu "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı abunə müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə 10 oktyabr 2016-cı PC ******* saylı abunə müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya 30 noyabr 2017-ci il tarixə ödənilməmiş 1262, 83 manat ( bir min ikiı yüz altmış iki manat səksən üç qəpik) məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cü maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Borclu 10 oktyabr 2016-cı il tarixli PC ******* saylı abunə müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borc qismində 1262 (bir min ikiı yüz altmış iki) manat 83 (səksən üç) qəpik məbləğdə pul vəsaiti cavabdeh Borclu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Borclu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 1262 (bir min ikiı yüz altmış iki) manat 83 (səksən üç) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat məbləğdə pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar