Məhkəmə qərarları › İş №2(022)-1050/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1050/2024

29.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1050/2024 29.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon məhkəməsinin 2(022)-131/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən 23 mart 2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötəri 160 (yüz altımış ) manat olmaqla sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılaraq Cavabdeh 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, Biləsuvar rayon məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2-(022)-131/2020 saylı qətnaməsinə əsasən Cavabdeh 03 avqust 2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötəri hər ay 160 (bir yüz altımış) manat alimentin sabit pul məbləğində tutulması qət edilmişdir. 2020-ci ildən bu vaxta kimi minumum əmək haqları və eləcə də ərzaq və digər malların qiymətləri dəfələrlə qalxmışdır. Hazırda müəyyən edilmiş aliment məbləği uşağın indiki yaş dövürünün tələbatlarını ödəmir. Uşağın normal qidalanması və digər tələbatlarının təmin edilməsi üçün hazırkı məbləğ tamamilə azdır. Hüseyn anadangəlmə sümük xəstəsidir. Artıq Hüseyn orta məktəbin 5-ci sinifi üzrə təhsilini başa vurmuşdur.Sentyabr ayından isə 6-ci sinifdə oxuyacaqdır. Hamı kimi o, da onun dərslərini yaxış oxuması üçün əlavə məşğələlərə müəllim yanına göndərir.Bütün bunları qeyd etməkdə məqsədi ondan ibarətdir ki, bu vaxta kimi cavabdeh bu məslələr ilə heç vaxt maraqlanmamış və uşağa heç bir yardım göstərməmişdir. Sonda iddiaçının nümayəndəsi Biləsuvar rayon məhkəməsinin 2(022)-131/2020 saylı 09 .01.2020-ci il tarixli qətnaməsinə əsasən 23 mart 2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötəri 160 (yüz altımış ) manat olmaqla sabit pul məbləğində müəyyən edilmiş alimentin artırlaraq Cavabdeh 250 (iki yüz əlli ) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçının tələb etdiyi alimenti ödəyə bilməyəcəyini bildirərək, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV № 355067 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı yazılmışdır. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(022)-131/2020 saylı qətnaməsindən görünür ki, 25 mart 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2017-ci il tarixli 2(010)-7392/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 137 (yüz otuz yeddi) manat alimentin məbləğinin artırılaraq sabit pul məbləğində hər ay 160 (yüz altmış) manat, minimum aylıq əmək haqqı məbləğinin 0,64 (sıfır tam yüzdə altmış dörd) misli miqdarında müəyyən edilərək cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya şurasının xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-00980 saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasının iştirak etmiş və İddiaçı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Lakin mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarını - uşağın maddi tələbatının artması, iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşağın sağlam şəkildə və layiqli qaydada yaşamının təmin edilməsinin zəruriliyini, habelə 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimunun səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Biləsuvar Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(022)-131/2020 saylı qətnaməsi ilə sabit pul məbləğində hər ay 160 (yüz altmış) manat minimum aylıq əmək haqqı məbləğinin 0,64 (sıfır tam yüzdə altmış dörd) misli miqdarında müəyyən edilmiş alimentin miqdarı artırılaraq 25 mart 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(022)-131/2020 saylı qətnaməsi ilə sabit pul məbləğində hər ay 160 (yüz altmış) manat, minimum aylıq əmək haqqı məbləğinin 0,64 (sıfır tam yüzdə altmış dörd) misli miqdarında müəyyən edilmiş alimentin miqdarı artırılaraq 25 mart 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar