Məhkəmə qərarları › İş №2(022)-1115/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1115/2023

14.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1115/2023 14.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 1.383 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 34 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Əliyev X1 Kinənaz Ağayar qızına qarşı ödənilməmiş borc qismində 1.383 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 34 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, 2021ci ilin mart ayının əvvəllərində Cavabdeh ondan ailəsinda baş tutan xeyir iş ilə bağlı, qısa zaman ərzində qaytarmaq şərti ilə, 1.900 manat məbləğində pul vəsaitini borc istəmişdir. Buna görə də o, həmin vaxt 1.900 manat məbləğində pul vəsaitini cavabdehə borc vermişdir. O, cavabdehə borc verdiyi zaman cavabdehin oğlu da həmin şəxsin yanında olmuş və cavabdehin oğlu cavabdehin adından yazılı qəbz tərtib etdikdən sonra Cavabdeh borcun etirafına dair həmin qəbzi imzalayaraq ona təqdim etmişdir. Həmin qəbzə görə cavabdeh ona olan borcunu 22 iyun 2021-ci il tarixə kimi qaytarmalı idi. Lakin borcun alınmasından uzun müddət keçsə də, Cavabdeh ona olan borcundan cəmi 517 manat ödəniş etmiş, borcunun qalan hissəsini hazırki tarixədək müxtəlif bəhanələrlə qaytarmamış və borcun qaytarılmasına dair onun tələblərinə də heç bir əhəmiyyət verməmişdir. Buna görə də o, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış, bunun üçün 34 manat məbləğində dövlət rüsumu ödəmişdir. Sonda, İddiaçı iddianın təmin edilməsini, ödənilməmiş borc qismində 1.383 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək, bildirdi ki, 2021-ci ilin əvvəllərində, oğlu Amilə pul lazım olduğuna görə, o, həmin oğlu ilə birlikdə hazırda ləğv olunmuş “Zaminbank” açıq səhmdar cəmiyyətinin Biləsuvar rayon filialının yerləşdiyi binaya getmişdir. Orada hazırda simasını xatırlamadığı 2 kişi ilə aparılmış söhbətdən sonra həmin şəxslər onlara min manatdan artıq məbləğdə pul vermişlər. O, savadsız olduğuna, yazmağı və oxumağı bacarmadığına görə, oğlu Amil onun adından borc barədə yazılı qəbz tərtib etmiş və o, həmin qəbzi imzalayaraq, onlara borc vermiş şəxslərə təqdim etmişdir. Hazırda iş materiallarında olan qəbzdəki imza ona məxsusdur. Aldığı borcun əvəzinə o, özününün pensiya kartını borc aldığı şəxslərə vermişdir və hal-hazıradək həmin pensiya kartı ona qaytarılmamışdır. O, qeyd edilən şəxslərin həmin kartdan nə qədər pul götürdüklərini bilmir. Sonda Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri və şahidi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid bildirdi ki,cavabdeh onun anasıdır. O, əvvəllər bir neçə dəfə “Zaminbank” açıq səhmdar cəmiyyətinin Biləsuvar rayon filialından borc pul almışdır. 2021-ci ilin əvvəllərində yenə də ona borc pul lazım olduğuna görə o, anası Cavabdeh ilə birlikdə Zaminbank” açıq səhmdar cəmiyyətinin Biləsuvar rayon filialının yerləşdiyi binaya getmiş və orada iddiaçıdan 1.900 manat məbləğində borc almışdır. Anası savadsız olduğuna, yazmağı və oxumağı bacarmadığına görə, o özü anasının adından borc barədə yazılı qəbz tərtib etmiş və anası həmin qəbzi imzamışdır. İş materiallarında olan yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 30 mart 2021-ci il tarixdə 1.900 manat məbləğində pul vəsaitini borc aldığını etiraf etmiş, həmin borcunu 22 iyun 2021-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 30 mart 2021-ci tarixdə iddiaçıdan 1.900 manat məbləğində pul vəsaitini borc almış və həmin tarixdə iddiaçıya borc almasına dair öz xətti ilə yazıb imzaladığı borc sənədi təqdim etmişdir. Lakin cavabdeh həmin borcu və ya onun hər hansı hissəsini iddiaçıya ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməyərək, borc sənədini özünün tərtib edib imzalaması fatkını və iddia tələbini faktiki etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə ödənilməmiş 1.383 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə cavabdehdən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 34 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh ödənilməmiş borcun əvəzi qismində 1.383 (bir min üç yüz səksən üç) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 34 (otuz dörd) manat, cəmi 1.417 (bir min dörd yüz on yeddi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.İddiaçı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar