Məhkəmə qərarları › İş №2(022)-1129/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1129/2024

10.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1129/2024 10.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ona hesablanmış 681,72 manat cərimənin onun abonent hesabından silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona hesablanmış 681,72 manat cərimənin onun abonent hesabından silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonu Zəhmətabad kəndində yaşayır. Yaşadığı ev nənəsi X1 adına olduğu üçün "xxxx" ASC-nin X3 tərəfindən elektrik sayğacı da onun adına qeyd edilmişdir. Nənəsi vəfat etdikdən sonra da həmin evdə o, ailəsi ilə birlikdə yaşayır. Həmişə də istifadə etdiyi elektrik enerjisinə görə ödənişləri etmişdir. İşi ilə əlaqədar olaraq 2022-ci ilin oktyabr ayından 2023-cü ilin İyun ayına qədər ailəliklə Bakı şəhərində olmuşdur. Kənddəki evdə isə ümumiyyətlə yaşayış olmamışdır. Kəndə qayıdanda isə elektrik nəzarətçi ona 706 AZN borcunun olduğunu bildirmişdir. Səbəbini soruşduqda isə Bakıdan gələn əməkdaşlar tərəfindən barəsində xx.xx.2023-cü il tarixində akt tərtib edildiyini bildirmişlər. Bununla bağlı elektrik şəbəkəsinə müraciət etmişdir. Onlara həmin evdə uzun müddət yaşamadığını, Bakı şəhərində yaşadığını bildirmişdir. Akt 2023-cü ilin fevral ayında, yəni yaşayış olmayan evə yazılmışdır. İdarənin nəzarətçiləri də akt yazılan fervral ayı da daxil olmaqla hər ay sayğaca baxış keçirmişlər. Elektrik sayğacı da küçədə dirəkdə quraşdırılmışdır. Əgər orada hər hansı kənar xətt olsaydı 8-9 ay ərzində onu görməmək mümkün deyildir. Ona görə də həmin akta əsasən hesablanmış cərimə onun abonent hesabından silinməlidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, ona görə də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçını dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayılov X2 rayonu Zəhmətabad kəndində qeydiyyatdadır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nəzarət Departamenti Satışa Nəzarət idarəsi tərəfindən tərtib edilmiş 02 fevral 2023-cü il tarixli AKT NDM № 030368 saylı aktına görə sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonent elektrik sayğacından kənar elektrik enerjisindən istifadə edir. İş materiallarında olan Abunə haqqında abonentin saldosundan görünür ki, 2022-ci ilin noyabr ayından 2023-cü olin iyun ayı da daxil olmaqla elektrik enerjisindın istifadə olunmamışdır.Yəni elektrik enerjisindən istifadəyə görə heç bir borc qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilmlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin müəyyən edilmiş halları və iş materiallarından görünür ki, cavabdeh 030368 saylı, xx.xx.2023-cü il tarixli aktında abonentin yaşayış evinə quraşdırılmış elektirik sayğacından kənar xətt çəkməklə elektrik enerjisindən istifadə etdiyini göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işin hallarını və qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 030368 saylı, xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 681 manat 72 qəpik məbləğdə cərimə İddiaçı abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 030368 saylı, xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı hesablanmış 681 (altı yüz səksən bir) manat 72 (yetmiş iki) qəpik məbləğdə cərimə onun abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar