Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1146/2024 20.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçılar Cəlilabad rayonu, Alar kəndində xırda heyvandarlıq təsərrüfatı ilə məşğul olaraq dolanışıqlarını onunla keçirdirlər. 26 iyun 2024-cü il tarixdə onlarla qonşu kənddə yaşayan qiyabi tanıdıqları Cavabdeh adlı şəxsin Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində yerləşən torpaq sahəsində əkdiyi yonca sahəsinə baxış keçirmişdir. Həmin vaxt yonca biçilmişdir. Yonca tayaları iki sahədə olmuşdur. Sahənin birinin yoncası tikanlı olmaqla keyfiyyətsiz olmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 daha yaxşı olan yonca sahəsindən bir ədədi 3,90 manat olmaqla 600 ədəd yonca presinin alınması ilə bağlı cavabdehlə şifahi razılaşmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 2340 manat pulu Cavabdeh ödəmişdir. Cavabdeh həmin günü yonca preslərinin gətiriləcəyini bildirmişdir. Həmin gün iki lapet hər biri 300 ədəd yonca presi olmaqla 600 ədəd pres iddiaçılar İddiaçı1 və İddiaçı2 göndərilmişdir. Həmin yonca preslərini yığarkən onların yararsız olduğu görmüşdürlər. İddiaçı1 bu barədə Cavabdeh istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng etmiş, Cavabdeh problemin olmadığını və sabah gələrək presləri aparacağını bildirmişdir. İddiaçılar həmin gün axşama kimi Cavabdeh gəlməyini gözləmiş, lakin gəlmədiyini görüb təkrar mobil nömrəsinə yığsalar da, Cavabdeh telefonu söndürüb iddiaçının nömrəsini bloka atmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh onları aldatdığını görüb, 102 xidmətinə zəng etmişdirlər. İddiaçıları Biləsuvar Rayon Polis Şöbəsinə çağırıb, izahatlarını alaraq, mübahisənin mülki məsələ olduğunu və məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçılar dəymiş ziyanın onlara ödənilməsini tələb edirlər. İddiaçının tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1170 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 32 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında, iddia tələbini müdafiə edərək, dəymiş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh tərəfindən onlara 600 ədəd pres verilmiş, həmin preslərdən 300 presin yararsız olduğunu görülmüş və həmin gün bu barədə Cavabdeh zəng edərək preslərin dəyişdirilməsi tələb edilmiş, Cavabdeh həmin preslərin növbəti gün dəyişdirilməsi barədə söz vermiş, lakin yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında İddiaçı1 izahatına uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini, iş üzrə maddi sübut kimi bir ədəd CD diskin qəbul edilməsini və məhkəmə iclasında diskə baxış keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında, iddia ərizəsinə etiraz edərək, iddia tələbini qəbul etmədiyini, 600 ədəd presin verilən vaxt istifadəyə yararlı halda olduğunu bildirmiş, lakin həmin 600 presin 35-40 ədədinin yararsız olduğunun mümkünlüyünü qeyd etmiş və həmin saya münasib zəzərin əvəzinin ödənilməsinə hazır olduğunu vurğulamışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid1 izahatında, İddiaçı2 26 iyun 2024-cü il tarixdə ona zəng edərək, presləri anbara boşaltmaq üçün ona köməklik etməsini xahiş etdiyini, həmin presləri boşaldan zaman İddiaçı2 preslərin yararsız halda olduğunu gördüyünü, presləri anbara boşaldarkən orada tikanlı, kiflənmiş preslər olduğunu bildirmişdir. Həmçinin, Şahid1 presləri anbara boşaldarkən orada başqa pres olmadığını, anbarın boş olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid2 izahatında, dəqiq vaxtı bilməyərək yonca preslərinin bağlandığı vaxtlarda iddiaçılara verilmiş preslərdən, o da həmin günü Cavabdeh 150 ədəd aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid3 izahatında, İddiaçı2 oğlu olduğunu, presləri boşaldan zaman anbarda olduğunu və preslərin yarasız halda olmasının gördüyünü bildirərək, maddi sübut kimi telefon danışıqlarının səs yazılarını məhkəməyə təqdim edərək tədqiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Biləsuvar Rayon Polis Şöbəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 “102” Xidməti Zəng mərkəzinə edilmiş müraciətə cavab olaraq ünvanlanmış 23 iyul 2024-cü il tarixli, 3-13-69/2-M-19646/11/24 saylı və 31 iyul 2024-cü il tarixli, 3-13-69/2-2-19796/11/24 saylı məktublara əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 müraciətin mülki xarakterli olduğu və bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Alar kənd İnzibati Ərazi Dairəliyi üzrə nümayəndəliyindən verilmiş 07 avqust 2024-cü il tarixli, 5- 41/23-575/2024 saylı arayışa əsasən, iddiaçı Mərdiyev X1 rayonu, Alar kəndində qeydiyyatdadır və orada yaşayır. Azərbaycan Respublikası Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Alar kənd İnzibati Ərazi Dairəliyi üzrə nümayəndəliyindən verilmiş 07 avqust 2024-cü il tarixli, 5- 41/23-580/2024 saylı arayışa əsasən, iddiaçı Əliyev X3 rayonu, Alar kəndində qeydiyyatdadır və orada yaşayır. “Aqrar Sığorta Fəaliyyəti üzrə X4”ndan görünür ki, X2 müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsində 23 iyul 2029-cu il tarixinədək səlahiyyəti müəyyən olunmuşdur. “Bitkiçilik və bitkiçilik məhsulları üzrə müstəqil ekspert xidmətlərinin göstərilməsi” haqqlnda 13 sentyabr 2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı2 ilə müstəqil ekspert X5 arasında ekspert xidmətlərinin həyata keçirilməsi ilə bağlı müqavilə bağlanmışdır. Məhkəmə iclasında sübut qismində tədqiq olunmuş CD formatlı diskdən görünür ki, müstəqil ekspert G.R.Qurbanov 13 sentyabr 2024-cü il tarixdə İddiaçı2 həyətində yerləşən talvarın altına yığılmış 600 ədəd yonca ot bağlamalarına seçmə üsul ilə iplərini kəsərək baxış keçirmiş və nəticədə bağlamanın içərisində kif göbələklərinin əmələ gəlməsi, bununla da otun çürüməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında sübut qismində tədqiq olunmuş audio formatlı telefon qeydindən görünür ki İddiaçı2 mübahisə predmeti olan presləri alan günü dərhal cavabdehə zəng etmiş, aralarında olan danışığa əsasən iddiaçı verdiyi preslərin qüsuru barədə dərhal məlumat vermiş, cavabdeh həmin qüsurlu preslərə gəlib baxacağını, məsələni həll edəcəyini bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır; 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin; 589.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin; 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını müqavilədən irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 bir ədədi 3,90 manat olmaqla 600 ədəd yonca presinin alınması ilə bağlı cavabdehlə şifahi razılaşmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 2340 manat pulu Cavabdeh ödəmişdir. Cavabdeh həmin günü yonca preslərinin gətiriləcəyini bildirmişdir. Həmin gün iki lapet hər biri 300 ədəd yonca presi olmaqla 600 ədəd pres iddiaçılar İddiaçı1 və İddiaçı2 göndərilmişdir. Həmin yonca preslərini yığarkən onların yararsız olduğu görmüş, malın qüsuru barədə dərhal cavabdehə bildirmişlər. Lakin cavabdeh, öz öhdəliyini icra etməyərək verdiyi qüsurlu malları əvəz etməmiş, ödənilən məbləği iddiaçılara geri qaytarmamışdır. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci və 587-ci maddələri təşkil edir və hazırkı işdə həmin maddələrin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında şifahi alqı satqı müqaviləsi bağlanmış, iddiaçı tərəf öhdəliklərini icra idərək 600 yonca presinin alınması müqabilində 1170 manat pulu cavabdehə ödəmişdirlər. Mülki iş materiallarından və məhkəmə iclasından tədqiq edilən sübutlardan da göründüyü kimi, cavabdeh satıcı olmaqla müqaviləyə əsasən satdığı malın qüsurları barəsində qabaqcadan məlumat verməmiş, lazımi keyfiyyətli olmayan əşyanı alıcı qismində çıxış edən iddiaçılara vermişdir. Nəticədə iddiaçılar hüquqlarından istifadə edərək cavabdehdən əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etmişlər. Cavabdeh tərəfindən heç bir tədbir görülməyərək nəticədə iddiaçılara zərər vurulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 587-ci maddəsinə əsasən iddiaçıların bu hüquqlarının mövcudluğu cavabdehin bir satıcı kimi təqsirinin olub-olmamasından asılı deyil. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh 600 ədəd yonca presi almaq şərti ilə 2340 manat məbləğində pul vəsaiti vermişdir. Lakin 600 ədəd yonca presinin 300 ədədinin yarasız halda olduğu iddiaçılar tərəfindən müəyyən edilmişdir. Cavabdeh ona qarşı irəli sürülmüş iddiaya qarşı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Bunun əksinə olaraq iddiaçı tərəf alqı-satqı müqaviləsi əsasında onlara verilmiş malın qüsurlu olmasını ekspert rəyi, səs yazıları, şahid ifadələri və digər sübutlarla təsdiq etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1170 manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh əsas borc kimi 1170 manat və dövlət rüsumu kimi ödənilmiş 32 manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-1146/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1146/2024
20.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver