Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-115/2025 30.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X3 məhkəmə-iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “29 oktyabr 2021-ci il tarixli 045508 nömrəli akt üzrə hesablanmış 144 manat borcun silinməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla “Azəriqaz” İstehsalat Birliyi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İddiaçı bir istehlakçı kimi həmişə təbii qazdan istifadə qaydalarına, mövcud müqavilə şərtlərinə uyğun istifadə etmişdir. 08 oktyabr 2021-ci il tarixdə qaz təsərrüfatı işçiləri İddiaçı məxsus evin qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış ******* nömrəli qaz sayğacını çıxararaq, müvafiq akt tərtib etmişdir. Sayğacın çıxarılması zamanı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən ******* saylı akt tərtib edilmiş və həmin aktın 4-cü qrafasında (həmin qrafada sayğacın çıxarılma səbəbləri göstərilir) sayğacın növbəti dövlət yoxlamasına göndərilməsi qeyd edilmişdir. Qaz sayğacı çıxarıldıqdan bir müddət sonra Biləsuvar rayon Qaz İdarəsindən İddiaçı dövlət yoxlamasına aparılmış ******* nömrəli qaz sayğacına cavabdeh “Azəriqaz” X1 Departamenti 29 oktyabr 2021-ci il tarixdə qaz sayğacının yoxlanılmasına dair MSK-29/1710-04286-1 saylı akt tərtib etmiş və həmin aktda 16-cı qrafikdə “sayğacın hesablama mexanizmindən keçən qazın həcmini qeyd etməməsi”nə dair rəy verilmişdir. Daha sonra cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı 25 oktyabr 2021-ci il tarixli akt qəbul edilmişdir. Həmin sənəddə İddiaçı məxsus sayğacın dövlət yoxlamasından keçməsinin nəticələri barədə məlumat öz əksini tapmışdır. Nəticədə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 1440 m3 qaz itkisi hesablanaraq, İddiaçı 144 manat məbləğində borc yazılmışdır. Dəymiş ziyanın bərpasına dair 29 oktyabr 2021-ci il tarixli tələbnamə verilmişdir. Həmin tələbnaməyə əsasən, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəf dəymiş ziyan olaraq 1 saat üçün 4 m3 götürməklə, hər gün 12 saat olmaqla, 30 günlük müddətə dəymiş ziyan hesablanmışdır. Bu isə aylıq 1440 m3 qaz sərfiyyatı deməkdir. İddiaçı qaz sayğacının hesablama mexanizminin qazı düzgün ölçməməsi ilə bağlı zavod qüsuruna görə ona hər hansı dəymiş ziyanın hesablanmasının absurd hal olduğunu bildirərək, sayğacda hər hansı bir müdaxilənin aşkar edilmədiyini, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin özünün quraşdırdığı sayğaca görə onun cavabdehlik daşımadığını bildirmişdir. İddiaçı 15 oktyabr 2021-ci il tarixdə ona məxsus fərdi evin qaz sayğacı çıxarıldığı zaman həmin vaxt qaz sayğacında hər hansı əzik və yaxud deformasiya olmasının həmin aktda qeyd və yaxud məlumatla yazılmalı olduğunu bildirmişdir. İddiaçı tərəfindən qaz sayğacına heç bir müdaxilə etmədiyini, sayğacın dəyişdirilməsi zamanı plombların salamat olmasını əsas sübut kimi gətirərək, istehlakçının qaz xəttinin üzərinə saz vəziyyətdə sayğacın quraşdırılmasının cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin vəzifəsi daşıdığını, buna səbəb kimi qaz sayğacının qaz işçiləri tərəfindən tam normal vəziyyətdə çıxarılaraq götürüldüyünü bildirmişdir. İddiaçı qaz sayğacının əzilməsində onun təqsiri olmadığı üçün, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin barəsində tərtib etdiyi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 oktyabr 2021-ci il tarixli ******* saylı aktın qanunsuz olduğunu və ona yazılmış 144 manat borcun abonent hesabından silinməli olduğunu hesab edir. İddiaçının tələbi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və dəymiş ziyana görə yazılmış borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 oktyabr 2021-ci il tarixli ******* saylı aktın ləğv edilməsinə və dəymiş ziyana görə İddiaçı hesablanmış 144 (yüz qırx dörd) manat məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh "Azəriqaz" İstehsalat Birliyi tərəfindən İddiaçı iddia tələbinə qarşı məhkəməyə hər hansı etiraz və ya sənəd təqdim edilməmişdir İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edrək, məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və “29 oktyabr 2021-ci il tarixli 045508 nömrəli akt üzrə hesablanmış 144 manat borcun silinməsi tələbi” barədə iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 08 oktyabr 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə gedən qaz xəttinə quraşdırılmış qaz sayğacı “növbəti dövlət yoxlaması” səbəbinə görə götürülmüşdür. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, "Azəriqaz" X2 Departamenti və Qaz sayğaclarına nəzarət komissiyasının MSK-29/1710-04286-1 saylı rəyinə əsasən “sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir” faktı aşkar edilmişdir. 29 oktyabr 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli akta əsasən qaz sayğacının maksimal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x12x30=1440 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. **********02280 kodlu abonentin saldosundan görünür ki, abonet İddiaçı akt əsasında hesablanmış təbii qaz sərfiyyatı borcu 144 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 13-cü maddəsinin 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.4-cü bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Lakin, 29 oktyabr 2021-ci il tarixdə qaz sayğacına vizual baxış keçirildiyi vaxt “növbəti dövlət yoxlaması” üçün akt tərtib edilmiş, sayğacın yoxlanması zamanı “sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir” faktı aşkar edilərək abunəçiyə qaz itkisi ilə bağlı 144 manat məbləğində cərimə hesablanaraq, İddiaçı tələb edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********02280 abonent kodlu istehlakçıdır və qazdan Biləsuvar rayonu, Nərimankənd kəndi ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında quraşdırılmış sayğac əsasında istifadə etmişdir. 08 oktyabr 2021-ci il tarixdə növbəti dövlət yoxlanması üçün qaz istismarı sahəsinin əməkdaşları tərəfindən xətdən açılmışdır. Belə ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 08 oktyabr 2021-ci il tarixli, ******* nömrəli aktda həmin qaz sayğacının “növbəti dövlət yoxlaması” səbəbindən götürüldüyü göstərilmişdir. Lakin 21 gün sonra “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilərək, sayğaca vizual baxış keçirildiyi vaxt sayğacdan qazın keçdiyi, lakin hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmiş və 29 oktyabr 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamə ilə İddiaçı barəsində qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində 144 manat məbləğində cərimə tətbiq edilmişdir. Qanunvericiliyin tələbinə əsasən, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunla qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirsiz şəkildə törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Məhkəmə qeyd edir ki, iddiaçının sahibliyində olan evə aid sayğacda olan qüsura görə İddiaçı məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda İddiaçı sayğacın yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz İddiaçı hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində İddiaçı təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı aid olan sayğacda sonradan aşkar edilmiş qüsura görə hər hansı akt tərtib etmək və həmin akt əsasında İddiaçı əlavə sərfiyyat kimi hesabat yazmaq qanunsuz olmuşdur. Nəzərə almaq lazımdır ki, mülki iş üzrə sübutemə yükü publik münasibətlər üzrə hakimiyyət səlahiyyətlərini həyata keçirən “Azəriqaz” İstehsalat Birliyinin üzərindədir. Məhkəmə cavabdeh orqana izah edir ki, “Azəriqaz” İstehsalat Birliyi dövlət orqanı olaraq publik səlahiyyətlərindən istifadə etməklə sayğaca hər hansı müdaxilə, kənar xəttin çəkilməsi müəyyən edilmişdirsə, həmin xüsusatı aşkara çıxarmaq və təqsirkar şəxs(lər) barədə tədbir görülməsi müvafiq hərəkətləri etmək öhdəliyi ilə mükəlləfdir. Həmin fəaliyyətin (nəzarət mexanizmi) operativ və effektiv təşkil-təmin olunması “Azəriqaz” İstehsalat Birliyinin vəzifəsidir. İstehlakçının təqsirini müəyyən etmədən maliyyə sanksiyalarının tətbiq edilməsi isə əsassız olmaqla yolverilməzdir. İddia tələbi üzrə sübutetmə yükünün cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin üzərində olması nəzərə alınmaqla cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən, müvafiq sayğaca müdaxilənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında izahatı alınmış İddiaçı tərəfindən də həmin qaz sayğacının həqiqətən də 08 oktyabr 2021-ci il tarixdə qaz istismarı sahəsinin əməkdaşları tərəfindən dəyişdirilərək, yenisi ilə əvəz edildiyi və bununla bağlı 08 oktyabr 2021-ci il tarixli, 453930 nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın tərtib edildiyi öz təsdiqini tapsa da, iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 29 oktyabr 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” hesabat müddətinin 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün 1440 m3 qaz itkisinin olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin mülki işin məhkəmə tədqiqi zamanı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi iddiaya heç bir etiraz etməməklə yanaşı, iddianın təmin edilməsini istisna edə bilən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan Biləsuvar rayonu, Nəsimi kəndi ünvanına dair abonent kodu **********02280 olan İddiaçı adına hesablanmış 144 (yüz qərx dörd) manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan Biləsuvar rayonu, Nərimankənd kəndi ünvanına dair abonent kodu **********02280 olan İddiaçı adına hesablanmış 144 (yüz qırx dörd) manat məbləğində borc silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-115/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-115/2025
30.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver