Məhkəmə qərarları › İş №2(022)-117/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-117/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-117/2024 06.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı 18 noyabr 2020-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə 06 iyun 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 1.392 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 293 manat 60 qəpik, cərimə qismində 200 manat, cəmi 1.885 manat 60 qəpik və 18 avqust 2021-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə 06 iyun 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 1.100 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 302 manat 50 qəpik, cərimə qismində 354 manat, cəmi 1.756 manat 50 qəpik, ümumilikdə 3.642 manat 10 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı 18 noyabr 2020-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə 06 iyun 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 1.392 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 293 manat 60 qəpik, cərimə qismində 200 manat, cəmi 1.885 manat 60 qəpik və 18 avqust 2021-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə 06 iyun 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 1.100 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 302 manat 50 qəpik, cərimə qismində 354 manat, cəmi 1.756 manat 50 qəpik, ümumilikdə 3.642 manat 10 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, göstərdi ki, Cavabdeh1 ilə «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli, 41 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz dərəcəsi ilə hesablanmaqla, 16 ay müddətində əsas borcla birlikdə faiz borcunu da tam qaytarmaq şərti ilə, 2.200 manat məbləğində kredit verilmişdir. Həmçinin Cavabdeh1 xahişi ilə həmin şəxsə 18 avqust 2021-ci il tarixdə kreditdən istifadəyə görə illik 30% dərəcəsi ilə faizlər ödəməsi şərtilə, təkrarən, bu dəfə 12 ay müddətinə 1.100 manat məbləğində kredit verilmişdir. Eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin icrasına məsuliyyəti üzərinə götürmüşdür. Təsdiq edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 18 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə hər ayın 18-də 168 manat 52 qəpik, 18 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə isə hər ayın 18-də 107 manat 24 qəpik məbləğində ödənişlər aparmalı olsa da, Cavabdeh1 18 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 1.251 manat ödəniş icra etmiş, lakin 18 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Beləliklə, Cavabdeh1 kredit vəsaitlərindən istifadə etsə də, müqavilələrin şərtlərini pozmuş, əsas kredit borcunu və faiz borclarını vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Nəticədə, Cavabdeh1 18 noyabr 2020-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə 06 iyun 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 1.392 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 293 manat 60 qəpik, cərimə qismində 200 manat, cəmi 1.885 manat 60 qəpik və 18 avqust 2021-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə 06 iyun 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 1.100 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 302 manat 50 qəpik, cərimə qismində 354 manat, cəmi 1.756 manat 50 qəpik, ümumilikdə 3.642 manat 10 qəpik məbləğində borcu yaranmışdır. Cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borcunun qaytarılmasına dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin şəxslər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Buna görə də iddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış və bu zaman dövlət rüsumunun ödənilməsi üçün 70 manat məbləğində əlavə xərc çəkmişdir. Sonda, Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 noyabr 2020-ci il tarixli, 41 nömrəli kredit müqaviləsinin surətindən və həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən həmin kredit müqaviləsinə əsasən kredit vəsaitindən istifadə etməyə görə illik 30% dərəcəsi ilə fazilər ödəməsi şərtilə, 16 ay müddətinə, kredit müqaviləsinə əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 2.200 manat məbləğində kredit verilmişdir. Mülki işdə olan 18 noyabr 2020-ci il tarixli məxaric orderinin kserosurətindən görünür ki, 18 noyabr 2020-ci il tarixli, 41 nömrəli kredit müqaviləsinə əsasən 2.200 manat məbləğində kredit vəsaiti 18 noyabr 2020-ci il tarixdə «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh1 nağd qaydada təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 18 avqust 2021-ci il tarixli, 41 nömrəli kredit müqaviləsinin surətindən və həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən həmin kredit müqaviləsinə əsasən kredit vəsaitindən istifadə etməyə görə illik 30% dərəcəsi ilə fazilər ödəməsi şərtilə, 12 ay müddətinə, kredit müqaviləsinə əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 1.100 manat məbləğində kredit verilmişdir. Mülki işdə olan 18 avqust 2021-ci il tarixli, 41 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İşdə olan 18 avqust 2021-ci il tarixli məxaric orderinin kserosurətindən görünür ki, 18 avqust 2021-ci il tarixli, 41 nömrəli kredit müqaviləsinə əsasən 1.100 manat məbləğində kredit vəsaiti 18 avqust 2021-ci il tarixdə «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh1 nağd qaydada təhvil verilmişdir. Mülki işdə olan «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən təqdim edilmiş 18 noyabr 2020-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə hesabat cədvəlindən görünür ki, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə 18 iyul 2022-ci il tarixə iddiaçıya olan borcu əsas borc qismində 1.392 manat, faiz borcu qismində 293 manat 60 qəpik, cərimə qismində 200 manat, cəmi 1.885 manat 60 qəpik təşkil edir. İş materiallarına əlavə edilmiş «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən təqdim edilmiş 18 avqust 2021-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə hesabat cədvəlindən görünür ki, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə 18 avqust 2022ci il tarixə iddiaçıya olan borcu əsas borc qismində 1.100 manat, faiz borcu qismində 302 manat 50 qəpik, cərimə qismində 354 manat, cəmi 1.756 manat 50 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə iddiaçıya 18 iyul 2022-ci il tarixə 18 noyabr 2020-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə əsas borc qismində 1.392 manat, faiz borcu qismində 293 manat 60 qəpik, cərimə qismində 200 manat, cəmi 1.885 manat 60 qəpik və 18 avqust 2021-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə əsas borc qismində 1.100 manat, 18 avqust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 302 manat 50 qəpik, cərimə qismində 354 manat, cəmi 1.756 manat 50 qəpik, ümumilikdə 3.642 manat 10 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə görə isə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Belə ki, 18 avqust 2021-ci il tarixli, 41 nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 Cavabdeh1 «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, kredit müqaviləsi borcalan tərəfindən 18 avqust 2022-ci il tarixədək icra edilməlidir. Lakin iddiaçı cavabdehlərə qarşı 07 noyabr 2023-cü il tarixdə iddia qaldırmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının zamin Cavabdeh2 öhdəliyin icrasını tələb etmək üçün qanunla müəyyənləşdirilmiş müddət, yəni zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, keçdiyinə görə zaminliyə xitam verilməli və iddiaçının iddia tələbi 18 noyabr 2020-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə 06 iyun 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 1.392 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 293 manat 60 qəpik, cərimə qismində 200 manat, cəmi 1.885 manat 60 qəpik və 18 avqust 2021-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə 06 iyun 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 1.100 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 302 manat 50 qəpik, cərimə qismində 354 manat, cəmi 1.756 manat 50 qəpik, ümumilikdə 3.642 manat 10 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat məbləğində pul vəsaitinin Cavabdeh2 iddiaçının xeyrinə tutulması hissəsində rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə müqavilə üzrə aparılmış ödənişlərin məbləğini nəzərə alaraq, 18 noyabr 2020-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə cavabdehə hesablanmış 200 manat məbləğində cərimənin 150 manata və 18 avqust 2021-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə cavabdehə hesablanmış 354 manat məbləğində cərimənin 140 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 18 noyabr 2020-ci il tarixli, 41 nömrəli və 18 avqust 2021-ci il tarixli, 41 nömrəli kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 18 noyabr 2020-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə 06 iyun 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 1.392 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 293 manat 60 qəpik, cərimə qismində 200 manat və 18 avqust 2021-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə 06 iyun 2023cü il tarixə ödənilməmiş əsas borc qismində 1.100 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 302 manat 50 qəpik, cərimə qismində 354 manat məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114-cü maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 5 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 51 manat 42 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin dövlət rüsumu ödənildiyi zaman iddiaçı tərəfindən artıq ödənilmiş 13 manat 58 qəpik məbləğində pul vəsaiti isə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh1 «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 18 noyabr 2020-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə 06 iyun 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 1.392 (bir min üç yüz doxsan iki) manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 293 (iki yüz doxsan üç) manat 60 (altmış) qəpik, cərimə qismində 150 (bir yüz əlli) manat və 18 avqust 2021-ci il tarixli, 41 nömrəli kredit müqaviləsi üzrə 06 iyun 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 1.100 (bir min bir yüz) manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 302 (üç yüz iki) manat 50 (əlli) qəpik, cərimə qismində 140 (bir yüz qırx) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 (əlli bir) manat 42 (qırx iki) qəpik, cəmi 3.429 (üç min dörd yüz iyirmi doqquz) manat 52 (əlli iki) qəpik məbləğində pul vəsaiti xeyrinə tutulsun. «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun artıq ödənilmiş 13 (on üç) manat 58 (əlli səkkiz) qəpik məbləğində hissəsi dövlət büdcəsi hesabına «Aqro Kredit İttifaqı» məhdud məsuliyyətli cəmiyyətinə geri qaytarılsın. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icraa edən R.Nümayəndə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar