Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-118/2025 06.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ondan borc olaraq almış olduğu 1615 (min altı yüz on beş) manat pulun qaytarılması və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 (otuz altı) manat 15 (on beş) qəpik pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək göstərmişdir ki, Biləsuvar şəhərində yaşamaqla fərdi əmək fəaliyyəti ilə məşğul olur. Biləsuvar şəhər sakini Cavabdeh əvvəllər tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi olmayıb. 2023-cü ilin oktyabr ayında Biləsuvar rayonundan olan bir tanışı Cavabdeh onun yanına gətirərək, xeyir işi olduğu üçün pul lazım olduğunu bildirmişdir. Həmin ilin oktyabr ayının əvvəlində Cavabdeh onunla söhbət zamanı bildirmişdir ki, ona 4500 manat borc pul lazımdır və ona köməklik etməsini xahiş etmişdir. O, da onun düşdüyü vəziyyəti başa düşərək kömək məqsədi ilə ona 4500 (dörd min beş yüz) manat borc olaraq pulu 3 (üç) ay müddətinə qaytarmaq şərti ilə öz aralarında olan borc qəbzinə əsasən vermişdir. Cavabdeh bildirmişdir ki, 25 yanvar 2024-cü il tarixinə kimi ona olan bütün borcunu qayataracaqdır. Buna görə də Cavabdeh bu haqda ona sənəd vermiş və həmin vaxt həmin sənədi öz imzası ilə təsdiq etmişdir. Lakin onun qeyd etdiyi müddət başa çatsa da, cavabdeh bu günə kimi ona olan 4500 (dörd min beş yüz) manat borcundan cəmi 2885(iki min səkkiz yüz səksən beş) manat ona ödəniş etmişdir. Qalan 1615.0 AZN (bir min altı yüz on beş) manat borcunu isə ödəmək istəmir və bunu ödəməkdən qəsdən yayınır.Odur ki, Cavabdeh ondan borc olaraq almış olduğu 1615 (min altı yüz on beş) manat pulunun qaytarılması və ödənilmiş dövlət rüsumuna görə 36 (otuz altı) manat 15 (on beş) qəpik pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, ehtiyacı olduğu üçün 25 oktyabr 2023-cü il tarixdə İddiaçı 3100 manat borc olaraq pul almışdır. Həmin pulu 25 yanvar 2024-cü il tarixədək qaytarmalı idi. Borcunu ödəmək üçün öz əmək haqqı kartını İddiaçı vermişdir. iddiaçı onun əmək haqqı kartından 7 ay müddətində hər ay 377 manat olmaqla pul çıxarmışdır.Lakin sonradan işdən çıxdığı üçün kartına pul vurulmadığından İddiaçı onun kartını ona geri qaytarmışdır. O, iddiaçıdan borc pul alarkən bu barədə qəbz yazaraq ona vermişdir. Həmin qəbzdə 3100 manat borc pul almasına baxmayaraq, İddiaçı deməsinə görə ondan 4500 manat borc olaraq pul almasını göstərmişdir. Hal-hazırda İddiaçı 500 manat borcu qalmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri digər iş materialları ilə birlikdə tam və hərtərəfli araşdıraraq və işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə imzalanmış qəbzdən görünür ki, o, İddiaçı 4500 (dörd min beş yüz) manat borc pul aldığını və həmin borcunu xx.xx.2024-cü il tarixə kimi qaytaracağını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1 maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh izahatında iddiaçının ona borc verməsinin təsdiqi olaraq istinad etdiyi qəbzin onun tərəfindən yazıldığını, lakin həmin qəbzdə göstərdiyi 4500 manat məbləğində deyil, iddiaçıdan 3100 manat məbləğində borc aldığını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşin qeyd olunan halı belə nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh İddiaçı 4500 manat borc olaraq pul almış, həmin puldan 2885 manatını İddiaçı qaytarmış, lakin qalan 1615 (min altı yüz on beş) manat pulu iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh iddia tələbinə etirzı ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1615 (bir min altı yüz on beş) manat və ödənilmiş dövlət rüsumuna görə 36 (otuz altı) manat 15 (on beş) qəpik məbləğində pul alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1615 (bir min altı yüz on beş) manat və ödənilmiş dövlət rüsumuna görə 36 (otuz altı) manat 15 (on beş) qəpik pul vəsaiti alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №2(022)-118/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-118/2025
06.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver