Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1182/2024 15.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 700 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 700 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə iddiaçı uzun müddətdir ki, tanışdırlar və həmin şəxslər arasında münasibətlər həmişə yaxşı olmuşdur. Cavabdeh dəfələrlə İddiaçı1 Biləsuvar şəhərində yerləşən mağazasından həm nağd, həm də nisyə şəkildə alver etmiş, borc almış və onun borcunu vaxtında və tam şəkildə qaytarmışdır. Sonuncu dəfə 16 dekabr 2021-ci il tarixdə cavabdeh iddiaçıdan ailəsində baş tutacaq xeyir işi ilə əlaqədar 2.000 manat məbləğində borc istəmişdir. İddiaçı Cavabdeh həmin məbləğdə pul vəsaitini qısa müddət ərzində qaytarmaq şərti ilə cavabdehə borc kimi vermiş və sonuncu da borcun etirafına dair qəbz yazaraq təqdim etmişdir. Həmin qəbzə görə cavabdeh İddiaçı1 olan borcunu ailəsində baş verən xeyir iş qurtardıqdan sonra qaytarmalı idi. Lakin borcun alınmasından uzun müddət keçsə də, Cavabdeh iddiaçıya olan borcundan cəmi 1.300 manat ödəniş etmiş, borcunun qalan hissəsini hazırki tarixədək müxtəlif bəhanələrlə qaytarmamış və borcun qaytarılmasına dair onun tələblərinə də heç bir əhəmiyyət verməmişdir. Cavabdeh hazırda “Azəriqaz” X1 rayonunda yerləşən idarəsində usta kimi çalışır və yüksək miqdarda əmək haqqı qazanır. Hər dəfə cavabdeh maaşını aldığı vaxt iddiaçıya olan borcunu qaytaracağını vəd etsə də, hazırki tarixədək həmin şəxs İddiaçı1 olan borcunu tam şəkildə ödəməmişdir. Buna görə də iddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış, bunun üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Sonda, Nümayəndə iddianın təmin edilməsini, ödənilməmiş borcun əvəzi qismində 700 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi.. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Cavabdeh adından tərtib edilmiş 16 dekabr 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı1 16 dekabr 2021-ci il tarixdə 2.000 manat məbləğində pul vəsaitini borc aldığını etiraf etmiş, həmin borcunu xeyir işi qurtardıqdan sonra tam şəkildə qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 16 dekabr 2021-ci il tarixdə iddiaçıdan 2.000 manat məbləğində pul vəsaitini borc almış və həmin tarixdə iddiaçıya borc almasına dair öz xətti ilə yazıb imzaladığı borc sənədi təqdim etmişdir. Sonradan cavabdeh həmin vəsaitin cəmi 700 manat məbləğində hissəsini iddiaçıya qaytarmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin 16 dekabr 2021-ci il tarixdə iddiaçıdan müqavilə əsası olmadan aldığı və əsassız varlanma obyekti hesab olunan 2.000 manat məbləğində pul vəsaitinin ödənilməmiş hissəsi qismində 700 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə cavabdehdən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı1 iddiası təmin edilsin. Cavabdeh ödənilməmiş borcun əvəzi qismində 700 (yeddi yüz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat, cəmi 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaiti İddiaçı1 xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri Nümayəndə
Məhkəmə qərarları › İş №2(022)-1182/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1182/2024
15.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver