Məhkəmə qərarları › İş №2(022)-1185/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1185/2025

21.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1185/2025 21.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh-nə qarşı aktın ləğv edilməsi və abonent hesabına əlavə edilmiş 4104 manat qanunsuz borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 951095 saylı aktın ləğv edilməsi, həmin akt əsasında abonent hesabına əlavə edilmiş 4104 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyri-əhali qrupu üzrə 380048 saylı kodla abonent qeydiyyatındadır. ünvan 1 ünvanda çayxana-kafe təyinatlı obyekti fəaliyyət göstərir. Obyektin su təminatında günlük fasilə olduğundan suyu maşınla gətirdib yeraltı anbara vurdurmaqla şirin su mənbəyi kimi həmin anbardan istifadə edir. Suyun təzyiqi zəif olduğundan da günlük istifadə ilə bağlı təminatı ödəmir. Yeraltı anbardakı su fasilələrlə digər yerüstü anbarlara və çənlərə vurulur. xx.xx.2024-cü ildə Cavabdeh X1 Sistemlərinin İstismar İdarəsinin iki əməkdaşı sudan istifadənin və "sudan istifadə qaydalarına" riayət edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə qanunsuz olaraq obyektə daxil olub, gizli olaraq yerüstü anbara vurulan suyun təziqini video görüntüyə alaraq guya qanunsuz sudan istifadə halının müəyyən edilməsini aşkar etmişlər. Amma onlar qanunsuz qoşulmanın mənbəyini müəyyən etməmişlər, əgər müəyyən edə bilsəydilər həmin suyun yeraltı su anbarından vurulmasını bilərdilər və ya qanunsuz qoşulmadırsa həmin mənbənin tapılaraq bağlanılmasını video görüntüyə alardılar. Nəticədə onlar tərəfindən qanunsuz akt tərtib edilmiş, həmin vaxtı obyektdə olmayan əməkdaşların adları aktda qeyd edilmişdir. Həmin əməkdaşlar pozuntunu əyani olaraq görmədən akta yalan imzalar qeyd etmişlər. Tərtib olunmuş 951095 saylı aktın məzmunundan belə məlum olur ki, su itkisinə görə 2052 manat, çirkaba görə də eyni məbləğ qeyd edilməklə cəmi 4104 manat qanunsuz borc yazılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iş üzrə İddiaçı fərdi sahibkar olmaqla (VÖEN: **********) vergi ödəyicisi kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci madldəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hazırki iş üzrə mübahisənin subyektlərindən görünür ki, İddiaçı fərdi sahibkar olmaqla fəaliyyət göstərir. Mübahisə onun ünvan 2 ünvanda çayxana-kafe təyinatlı obyektində sahibkarlıq fəaliyyətinin həyata keçirlməsi məqsədi ilə sudan istifadə ilə əlaqədar yaranmışıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə iddia ərizəsinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən edə bilər. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 13-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh-nə qarşı aktın ləğv edilməsi və abonent hesabına əlavə edilmiş 4104 manat qanunsuz borcun silinməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbiə dair iddia ərizəsinə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəmə hesab edir ki, həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh-nə qarşı aktın ləğv edilməsi və abonent hesabına əlavə edilmiş 4104 manat qanunsuz borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar