Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1245/2023 28.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, «Dalğa-94» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı əsas borc qismində 1163 manat və cərimə qismində 400 manat, cəmi 1.563 manat, habelə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 35 manat 63 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: «Dalğa-94» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı əsas borc qismində 1163 manat və cərimə qismində 400 manat, cəmi 1.563 manat, habelə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 35 manat 63 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, «Dalğa-94» məhdud məsuliyyətli cəmiyyəti 28 iyul 1994-cü il tarixdə kommersiya qrumu kimi qeydiyyatdan keçmiş və “Woodpecker” ticarət nişanı ilə mebel məhsullarının istehsalı və satışı ilə məşğul olur. İddiaçı ilə Cavabdeh arasında 02 dekabr 2019-cu il tarixdə əmək müaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh mühasib vəzifəsinə işə qəbul edilmişdir. Hazırda həmin əmək müqaviləsi qüvvədə deyil və Cavabdeh həmin müəssisədə çalışmır. Cavabdeh «Dalğa-94» məhdud məsuliyyətli cəmiyyətində mühasib vəzifəsində çalışdığı müddət ərzində müəssisə daxili nisyə alışlar etmiş, lakin həmin borclara görə cavabdehin əməkhaqqısından tutulmalar icra edilməsinə baxmayaraq, həmin şəxsin hazırda iddiaçıya borcu qalmışdır. Belə ki, cavabdeh könüllü şəkildə işdən çıxdığı zaman iddiaçıya olan borcunu ödəyəcəyini bildirsə də, Cavabdeh həmin vaxtdan sonra iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh iddiaçıya olan borcunu verdiyi yazılı izahatlarında etiraf etmiş və Cavabdeh atası həmin borcun ödənilməsi məqsədi ilə oğluna zamin olmuşdur. Cavabdehin iddiaçıya 3.143 manat borcu yaranmış və Cavabdeh həmin borcundan 01 yanvar 2022-ci il və 30 noyabr 2022-ci il tarixləri arasında 1.979 manat 43 qəpik ödəmişdir. Hazırda cavabdehin iddiaçıya borcu 1163 manat təşkil edir. Cavabdehə iddiaçıya olan borcunu ödəməsi ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, həmin şəxs borcunu qaytarmaqdan əsassız olaraq boyun qaçırır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda, iddiaçının nümayəndəsi əsas borc qismində 1163 manat və cərimə qismində 400 manat, cəmi 1.563 manat, habelə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 35 manat 63 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiçının nümayəndəsi Ə.T.Əliyev «Elektron Məhkəmə» informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh oğlu məhkəmə iclasında iddianı qismən etiraf edərək və bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək, bildirdi ki, o, 02 dekabr 2019-cu il tarixdə əmək müaviləsi bağlamaqla, «Dalğa-94» məhdud məsuliyyətli cəmiyyətində mühasib vəzifəsində işə qəbul edilmişdir. O, həmin müəssisədə çalışdığı müddətdə onun iddiaçıya borcu yarnmışdır. O, işdən çıxdıqdan sonra isə iddiaçıya olan borcunu maddi vəziyyəti aşağı olduğuna görə tam və vaxtında geri qaytara bilməmişdir. Hazırda onun iddiaçıya borcu 1163 manat məbləğində təşkil edir. Lakin o, iddiaçı ərəfindən ona hesablanmış cərimə ilə razı deyil, çünki ona bu barədə heç bir məlumat verilməyib, eyni zamanda onunla iddiaçı arasında bağlanmış əmək müqaviləsində də belə bir şərt yoxdur. Sonda, Cavabdeh iddianın qismən, yalnız əsas borcun tutulması hissəsində təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi təsdiq olunmalı və iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 dekabr 2019-cu il tarixli əmək müqaviləsindən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə yerləşdirilmiş əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 02 dekabr 2019-cu il tarixdə «Dalğa-94» məhdud məsuliyyətli cəmiyyətində mühasib vəzifəsinə işə qəbul edilmişdir. Mülki işdə olan «Dalğa-94» məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh «Dalğa- 94» məhdud məsuliyyətli cəmiyyətində işlədiyi müddət ərzində müəssisəyə onun təqsiri üzündən dəyəcək zərərlərə görə tam maddi məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş yazılı müraciətlərdən və izahatlardan görünür ki, Cavabdeh özünün, o cümlədən onun atası X1 oğlunun «Dalğa-94» məhdud məsuliyyətli cəmiyyətinə oyaranmış borcunu etiraf etmişlər və həmin borcun qısa müddət ərzində qaytarılmasını öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157.2-ci maddəsinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Həmin Məcəllənin 194-cü maddəsinə görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 206.2-ci maddəsinə əsasən əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa, həmin Məcəllənin 462.1-ci dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Bununla əlaqədar, məhkəmə hesab edir ki, tərəflər arasında cavabdeh tərəfndən cərimənin ödənilməsi öhdəliyini nəzərdə tutan heç bir müqavilə və ya razılaşma olmadığına görə cavabdehdən cərimə tutulması yol verilməzdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh borc qismində 1163 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş pul vəsaitinin 15 manat 63 qəpik məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın qismən etiraf olunması təsdiq edilsin. «Dalğa-94» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh ödənilməmiş borcun əvəzi qismində 1.163 (bir min bir yüz altmış üç) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 20 (iyirmi) manat, cəmi 1.183 (bir min bir yüz səksən üç) manat məbləğində pul vəsaiti «Dalğa-94» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. «Dalğa-94» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri: R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1245/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1245/2023
28.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver