Məhkəmə qərarları › İş №2(022)-1278/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1278/2023

30.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1278/2023 30.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, “Azərpambıq aqrar sənaye kompleksi” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 30 mart 2021-ci il tarixli, 262 saylı “2021-ci il mövsümü üzrə xam pambığın alqısatqısına dair” müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 14.632 manat 80 qəpik, cərimə qismində 2.926 manat 56 qəpik və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 142 manat 68 qəpik, cəmi 17.702 manat 04 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı 30 mart 2021-ci il tarixli, 262 saylı “2021-ci il mövsümü üzrə xam pambığın alqısatqısına dair” müqavilə üzrə ödənilməmiş əsas borc qismində 14.632 manat 80 qəpik, cərimə qismində 2.926 manat 56 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 142 manat 68 qəpik, cəmi 17.702 manat 04 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında 30 mart 2021-ci il tarixdə bağlanmış “2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” 262 saylı müqaviləyə əsasən cavabdeh öhdəsində olan 23 hektar torpaq sahəsində öz işçi qüvvəsi hesabına pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla pambıq məhsulu istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar olaraq Cavabdeh iddiaçı tərəfindən 23.355 manat 80 qəpik məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, şiyid, gübrə və s.) verilmiş və müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən Cavabdeh götürdüyü avansın dəyərini xam şəkildə pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh xam pambıq istehsal etdikdən sonra iddiaçıya həmin məhsulu təhvil versə də, sonuncunun alıcıya 14.632 manat 80 qəpik məbləğində borcu qalmışdır. Beləliklə, cavabdeh 30 mart 2021-ci il tarixli, 262 saylı müqavilənin şərtlərini pozaraq, istehsal etdiyi xam pambığı iddiaçıya tam şəkildə təhvil verməmiş, həmçinin götürdüyü avans müqabilində borcunu ödəməmişdir. Həmçinin həmin müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambığı vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pamığın İ növ qiyməti ilə (İ növ xam pambığın 1 tonunun qiyməti 650 manatdır) 20% həcmində cərimə ödəməlidir. Bu miqdarda cərimənin məbləği 2.926 manat 56 qəpikdir. «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti müqavilə öhdəliklərinin məhkəmədənkənar qaydada həlli üçün cavabdehə şifahi və yazılı xəbərdarlıqlar etsə də, heç bir nəticə əldə olunmamışdır. Buna görə də iddiaçı məhkəməyə müracitə etmək məcburiyyətində qalmışdır. Sonda, iddiaçının nümayəndəsi 30 mart 2021-ci il tarixli, 262 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 14.632 manat 80 qəpik, cərimə qismində 2.926 manat 56 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 142 manat 68 qəpik, cəmi 17.702 manat 04 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiçının nümayəndəsi F.V.Mehdiyev «Elektron Məhkəmə» informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf edərək və bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək, bildirdi ki, 2021-ci ildə o, sahibliyində olan 23 hektar torpaq sahəsində pambıq istehsalı ilə məşğul olmaq qərarına gəlmişdir. Bu məqsədlə 30 mart 2021-ci il tarixdə o və iddiaçı arasında “2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə o, həmin 23 hektar torpaq sahəsində öz işçi qüvvəsi hesabına pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla pambıq məhsulu istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bunun əvəzində isə iddiaçı ona 23.355 manat 80 qəpik məbləğində avans vermişdir. O isə quraqlıq olduğuna görə cəmi 15.860 kiloqram miqdarında pambıq istehsal edə bilmişdir. Belə ki, onun tərəfindən 2021-ci il mövsümündə quraqlıq olduğuna görə tələb olunan məhsul əldə edə bilinməmiş və buna görə də onun «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinə 14.632 manat 80 qəpik məbləğində borcu yaranmışdır. Lakin hazırda «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti borcun fors-major səbəblərdən baş verməsini, yəni quraqlıq mövsümünə görə normadan az məhsul götürülməsini nəzərə almadan ondan cərimə qismində də 2.926 manat 56 qəpik məbləğində pul tələb edir. O, iddiaçıya olan əsas borc qismində 14.632 manat 80 qəpik məbləğində pul vəsaitini ödəməyə razı olsa da, cərimə tələbi hissəsində iddianı qəbul etmir. Sonda, Cavabdeh iddianın qismən təmin edilməsini, cərimə qismində tələb edilən 2.926 manat 56 qəpik məbləğində pul vəsaitinin azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi təsdiq olunmalı və iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “2021-ci il mövsümü üzrə xam pambığın alqısatqısına dair” 30 mart 2021-ci il tarixli, 262 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh 23 hektar torpaq sahəsində pambıq əkməyi, həmin torpaq sahəsində hər hektardan 30 sentnerdən az olmamaqla istehsal etməyi, istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 23 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş «Xam pambığın yığılması və tədarükü üzrə təlimat»ın tələblərinə əsasən Azərbaycan Bitki Mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitunun tərəfindən hazırlanmış və «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin Biləsuvar filialında saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə, müqavilədə qeyd olunmuş - İ növ pambığn 1 tonu 650 manat, İİ növ pambığın 1 tonu 630 manat, İİİ növ pambığın 1 tonu 590 manat və İV növ pambığın 1 tonu 550 manat - qiymətlərlə «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan 30 mart 2021-ci il tarixli, 262 saylı müqavilə üzrə 10 oktyabr 2021-ci il tarixli üzləşmə aktından və ona əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeha ümumlikdə 28.748 manat 02 qəpik məbləğində avans verilmiş, Cavabdeh tərəfindən «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinə cəmi 11.102 manat məbləğində 15.860 kiloqram xam şəkildə pambıq təhvil verilmişdir. Cavabdeh «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinə nağd qaydada 8.723 manat, kartla vasitəsilə isə 5.392 manat 22 qəpik ödəniş etmiş, lakin sonuncunun ödənilməmiş 14.632 manat 80 qəpik məbləğində borcu qalmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı 30 mart 2021-ci il tarixli, 262 saylı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 14.632 manat 80 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə müqavilə üzrə aparılmış ödənişlərin məbləğini nəzərə alaraq, 2.926 manat 56 qəpik təşkil edən cərimə məbləğinin 200 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 30 mart 2021-ci il tarixli, 262 saylı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə əsas borc qismində 14.632 manat 80 qəpik, cərimə qismində 200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 21 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 121 manat 68 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi təsdiq olunsun. «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 30 mart 2021-ci il tarixli, “2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” 262 saylı müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 14.632 (on dörd min altı yüz otuz iki) manat 80 (səksən) qəpik, cərimə qismində 200 (iki yüz) manat, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi 121 (bir yüz iyirmi bir) manat 68 (altmış səkkiz) qəpik, cəmi 14.954 (on dörd min doqquz yüz əlli dörd) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar