Məhkəmə qərarları › İş №2(022)-1285/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1285/2024

10.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1285/2024 10.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh 2009-cu il yanvar ayının sonlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Günəş” adlı kafedə İddiaçı aldadaraq ona İİ qrup əlillik dərəcəsi təyin etdirəcəyinə dair yalan vədlər verərək 4000 (dörd min) manat, 2019-cu ilin fevral ayının sonlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “saat dairəsi” adlanan yerdə 3000 (üç min) manat olmaqla, ümumilikdı 7000 (yeddi min) manat vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək İddiaçı qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələr ilə nəzərdə tutulan cinayət əməlini törətmiş, İddiaçı xeyli miqdarda ziyan vurmuşdur. İddiaçı bir neçə aydan sonra Cavabdeh onu aldatmasını başa düşmüş və ona verdiyi 7000 (yeddi min) manat pulu qaytarmasını tələb etmişdir. Cavabdeh aldığı 7000 (yeddi min) manat puldan ayrı-ayrı vaxtlarda İddiaçı 2700 (iki min yeddi yüz) manat qaytarmış, 4300 (dörd min üç yüz) manat pulu isə qaytarmamışdır. Biləsuvar Rayon Polis X1 cinayət işinin istintaqı zamanı İddiaçı məlum olmuşdur ki, Cavabdeh ondan başqa çoxlu adamları aldatmış və onların xeyli miqdarda pullarını almış və öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024cü il tarixli, 1(022)-36/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.4 və 29, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı X2 iştirakçısı olduğunu, 1995-ci ildən 1998-ci il tarixədək Azərbaycan Ordusunda xidmət etdiyini, hərbi xidmətini Qazax rayonunun düşmənlə cəbhə xəttində keçirdiyini, hərbi xidmətdə olduğu zaman alın nahiyyəsindən qəlpə yaraları aldığını və hərbi hissəni tibb məntəqəsində müailcə aldığını bildirmişdir. İddiaçı qeyd olunan xəstəlikdən hal-hazıra qədər müalicə alır və maddi vəziyyəti çox ağırdır. İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4300 (dörd min üç yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən ona qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı hər hansı bir sənəd və ya etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh 25 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, onun həbs müddəti bitənədək onun iştirakı olmadan mülki iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bu səbəbdən təyin edilmiş məhkəmə iclaslarında cavabdehin iştirakı təmin edilmiş və o, İddiaçı aldadaraq ona İİ qrup əlillik dərəcəsi təyin etdirəcəyinə dair yalan vədlər verərək maddi ziyan vurmasını etiraf etmiş, lakin bildirmişdir ki, aldığı məbləğ 6000 manat olmuş və həmin məbləğdən 2700 manat hissəsini qaytarmışdır. İş materiallarına əlavə edilmiş sənədlər: Biləsuvar Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 1(022)-36/2024 nömrəli hökmündən görünür ki, - Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; - məhkəmə istintaqı zamanı Cavabdeh İddiaçı 7000 (yeddi min) manat məbləğində pulu almasını, müxtəlif vaxtlarda həmin borcun 2700 (iki min yeddi yüz) manat hissəsini geri qaytarmış, 4300 (dörd min üç yüz) manat hissəsini geri qaytara bilməmişdir; -cavabdeh məhkəmə istintaqı zamanı İddiaçı dəymiş zərərdən 2700 (iki min yeddi yüz) manatını ödəmişdir. - cavabdehin İddiaçıa vurduğu zərərin 7000 (yeddi min) manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunmuşdur. 06 sentyabr 2024-cü il tarixli 52172 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 75 (yetmiş beş) manat dövlət rüsumu ödənilmişdir. Şahid, tərəfləri tanıdığını təsdiq edərək, İddiaçı tərəfindən Cavabdeh ayrılıqda 4000 və 3000 manat olmaqla cəmi 7000 manat verildiyi zaman İddiaçı yanında olduğunu təsdiq etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır; 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2); 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı: Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırılması zamanı müəyyən edilən hallar ondan ibarətdir ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törədərək iddiaçıya 7000 (yeddi min) manat məbləğində maddi ziyan vurmuş, məhkəmə istintaqı zamanı həmin məbləğdən 2300 (iki min üç yüz) manatı İddiaçı qaytarmışdır. Məhkəmə qeyd edilənləri, məhkəmə hökmünün preyudisiallığını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 4300 (dörd min üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində məhkəmə və digər xərclərlə bağlı tələb olmadığından çəkilmiş xərclər iddiaçının özünə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. 4300 (dörd min üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar