Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1286/2023 23.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 27 dekabr 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Biləsuvar rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(022)-1121/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 02 oktyabr 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 27 dekabr 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Biləsuvar rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(022)-1121/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 23 noyabr 2023-cü il tarixdə İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəməyə üzrlü səbəbdən gələ bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərmişdir ki, o və Cavabdeh 17 aprel 2013-cü il tarixdə nikah bağlamışlar və onların həmin nikahından 1 uşağı doğulmuşdur. Onlar arasında bağlanmış nikah Biləsuvar rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(022)-1121/2018 saylı qətnaməsi ilə pozulmuş və həmin qətnamə ilə onun uşağının onun yanında qalması və cavabdeh tərəfindən həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Lakin Biləsuvar rayon Məhkəməsinin qərarının qəbul edildiyi 04 oktyabr 2018-ci il tarixdən uzun zaman keçmiş və bu müddətdə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artmış, qiymətlər yüksəlmişdir. O, artıq cari aliment məbləği ilə uşağın xərclərini qarşılaya bilmir. Halbuki, cavabdeh fərdi əməklə məşğul olur və hər ay kifayət qədər yüksək qazanc əldə edir. Azərbaycanda 2023-cü ildə bir uşağın minumum yaşayış xərci 220 manat təşkil edir. Yaşayış xərclərindən əlavə uşağın təhsil xərclərinə də hər ay kifayət qədər yüksək məbləğdə pul xərcləyir. Belə ki, həmin uşaq orta məktəbdə oxusa da, müəllimlər hər ay xeyli sayda test və sair tədris vəsaiti aldırmaqla yanaşı, o, özü savadsız olduğuna görə uşağın ev tapşırıqlarının həll etməkdə ona kömək edə bilmədiyi üçün repetitor tutmağa məcbur olur. O isə heç yerdə işləmədiyinə görə valideynlərinin maddi yardımı hesabına dolanır. Belə ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Buna görə də onunla cavabdehin birgə nikahından doğulmuş uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Sonda, İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək, göstərdi ki, o, Biləsuvar rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(022)-1121/2018 saylı qətnaməsi ilə ondan iddiaçının xeyrinə birgə nikahdan olan uşağın saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edildikdən sonra o, uzun müddət hər hansı qəbz almadan İddiaçı aliment ödəsə də, sonradan həmin şəxs onun aliment ödəməsi faktını təkzib etdiyinə görə onun 3.000 manatdan artıq aliment borcu yaranmışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun barəsində 25 gün müddətində inzibati həbs tətbiq edilmişdir. İnzibati həbsdən çıxdıqdan sonra o, Azərbaycan Respublikasının erməni işğalından yeni azad olunmuş rayonlarında iş taparaq, həm aylıq alimenti ödəmiş, həm də qalıq aliment borcundan ödənişlər həyata keçirmişdir. Lakin anasının xəstəliyi ilə əlaqədar qulluğa ehtiyacı olduğuna görə o, həmin işini buraxaraq Biləsuvar rayonuna qayıtmışdır və hazırda ağır xəstə olan anasına qulluq edir. Buna görə də onun heç bir gəliri və qazancı yoxdur və aylıq alimenti ödəməkdə çətinlik çəkir. Belə olan halda, onun aliment ödənişlərinin məbləği artılarsa, aylıq ödənişləri ödəyə bilməyəcəkdir. İddiaçı özü Bakı şəhərində işləyir və sabit qazancı var. Sonda, Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(022)-1121/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında 17 aprel 2013-cü il tarixdə Biləsuvar Rayon İcra Hakmiyyəti Başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 27 dekabr 2012-ci il tarixdə anadan olmuş X2 anası İddiaçı yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh, 09 iyul 2018-ci il tarixdən hesablanmaqla, hər ay 100 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,77 misli miqdarında İddiaçı xeyrinə aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2018-ci ildə yaşayış minimumu haqqında» 01 dekabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2018-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 154 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin 66 manat artmasını, 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat olmasını, eləcə də cavabdehlə yanaşı iddiaçının da birgə nikahdan olan uşağı saxlamaq vəzifəsini, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Biləsuvar rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(022)-1121/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 150 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,44 misli miqdarında sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məsəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət nəfinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, aliment tələbi hissəsində iddia qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə və dövlət rüsumunun çatışmayan hissəsinə münasib olaraq 30 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Biləsuvar rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(022)-1121/2018 saylı qətnaməsi ilə X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. 27 dekabr 2012-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (bir yüz əlli) manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,44 (sıfır tam yüzdə qırx dörd) misli miqdarında, sabit pul məbləğində aliment tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Cavabdeh iş üzrə dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1286/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1286/2023
23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver